Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

27 авг. 2020 г.

İntihar nəğməsi

Günəş batır uzaqlarda.
Milyon səbəblə zillənmişəm göbələkli bir kötüyə...
Biri bir qəpiyə dəyməyən səbəblər...
Dümağ bəziləri, bəziləri süd rəngi.
İlahi... bu göbələklər...
görən...

Deyirsən, darıxıram, gəl.
Axı göbələkli kötüyə baxıram mən.
Üstəlik günəş batır. Anlayırsan?
Üstəlik milyon səbəb var içimdə.
Biri bir qəpiyə dəyməyən.

Deyirsən, qızımızın qızdırması var yenə.
Ara vermir, hey danışır, əldən düşür...
Tez gəl.

Başa düşürəm, həyəcanlısan,
bircə balamız var, o da od içində!
Ancaq məni də başa düş, nolar?
Axı, mən göbələkli bir kötüyə baxıram.
Üstəlik günəş batır...

Ana, bir vaxtlar
bulaq kimi qaynayan
(Ağlama nolar)
o evimizdə indi tənha qalmısan
Darıxırsan,
bir saniyə sussam, telefonun bu tayında,
o tayda səsin titrəyəcək,
bir az da sussam...
Üzün büzüşüb yumağa dönəcək,
Başa düşürəm,
bir vaxtlar uşaq səsindən durmaq olmurdu o evdə...
İndi tənhasan, üstəlik Günəş batır orda da.

Başa düşürəm, anam...
Nə olar, sən də oğlunu anla
Mən göbələkli bir kötüyə baxıram.

Günəş batır uzaqlarda...
Birazdan kölgəm düşəcək göbələkli kötüyün üstünə...

Комментариев нет:

Отправить комментарий