Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

12 сент. 2015 г.

Can... Can... Can...

Təslim olun cənablar

Yay günündə qırğı cücələrimizdən birini vurmuşdu. Caynağına alıb aradan çıxmağa çalışanda düşmüşdüm dalınca; o üstdən, mən altdan bir xeyli qovmuşdum. Cücə bir az ağır olduğundan qırğı çox yuxarı qalxa bilmirdi, elə başımın üstüylə uçurdu. Axır cücəni atıb qaçdı. Bir az yaralanmışdı, evə gətirdim, papa yarasını bağladı, beləcə cücə sağaldı. Amma payızda yenə həmin cücəni qırğı vurdu... Beləcə anladım ki, təbiətlə mübarizə aparmaq yox, ona rahatca təslim olmaq lazımdı.

Söhrap Sipəhri və anasının sükut dolu gecələrinə.


Uzaqlarda narahat-narahat hürən itlər,
Uzaqlarda tez-tez danışan bir şair.
Uzaqlarda indicə ağladı bir uşaq,
Lay-lay deyə-deyə əsnədi bir qadın.

Bu yay gecəsi...
bu yay gecəsi uzaqlarda bəhanə tapmayıb
içinə ulayan tərli yalquzağın diş qıcısı...
bu yana baxan bir əfqan qocası...
Bu yay gecəsi
susa bilməyib yerini bayquşa nişan verdi beş-on bülbüldən biri.
Bir-birinə sürtünən min bir sünbüldən biri.
Bu yay gecəsi "Suyun ayaq səsləri".

Kənddə bir dayının ot tayası yanırdı...


Kənddə bir dayının ot tayası yanırdı. Bir az gecikmiş yanğınsöndürənlər tayaya su səpmək istəyəndə otun sahibi qoymadı. Dedi "dəyməyin, onsuz da tüstü dəymiş otu mal-qara yeməyəcək. Sonra bu qədər zibili kim daşıyacaq həyətdən. Qoy kül olsun heç olmaya..." Sonra da bir siqaret yandırıb çırta-çırtla yanan tayaya tamaşa elədi. Alov səngiyəndən sonra yabanı götürüb külün altında qalan otları da üzə çıxardı ki, onlar da yansın. Sözüm ondadır ki, bəzi insanlarla münasibət elə hal alır ki, adam istəyir həmin o dayı kimi yabanı alsın ələ...
Tüstü iyi verən otdansa, kül yaxşıdı.

4 sentyabr - 1994

1-ci sinifə getməyimdən 21 il ötdü. Elə həmin il Qusara köçmüşdük. Atam Qubada müəllim işləyirdi. Dərs başlamışdı. 6 yaşım çoxdan tamam olubmuş, bilmirdim. Anam da deməmişdi, təxmin eləmişdi ki, məktəbə gedə bilməyəcəm; nə çantam var idi, nə qələmim, nə paltarım - bibim üç dənə dama-dama "Тетрадь" vermişdi, onun da birini qələm olmadığından gəndalaş toxumunu əzib hazırladığım "mürəkkəb"lə pis günə qoymuşdum. Sentyabrın ilk səhərlərindən birində anamla tərəvəzdə işləyirdik. Uşaqlar təkqıç atıla-atıla dərsə gedirdilər. Başladım ki, "mama, mən də məktəbə getmək istəyirəm. Niyə getmirəm? Niyə getmirəm?" Anamsa heçnə demirdi, başını aşağı salıb, alaq çıxarırdı. Mənsə əl çəkmirdim. Qarşısına keçəndə gördüm ağlayır. Daha heçnə demədim.

Uzağa uçan göyərçin

Kənddəki evimiz qonşu kəndə gedən yolun üstündədir. Mən uşaqlıqdan qapımızdan ötüb keçən insanların qonşu kəndə, yaxud qonşu məhəlləyə getdiyini ayırd edə bilirdim. Qonşu kəndə yol alan insanların mənzili uzaq olduğundan onlar qəribə görkəm alıb gedirlər - uzağa uçan göyərçin görkəmi.

19 авг. 2015 г.

FRAQMENT - "Bir zamanlar Anadoluda"

Nuri Bilgə Ceylanın "Bir zamanlar Anadoluda" filmində cani öldürdüyü adamın meyitini iplə bir neçə yerdən bağlayıb, qollarını, ayaqlarını bərk-bərk sarıyıb. Bu hal meyiti aşkarlayanları sarsıdır, hamı caninin üstünə düşür. "Öldürməyin bir yana, bu nə rəzillikdir, meyiti təhqir eləmək alçaqlıqdır", filan... Amma heç kəs normalca bunun səbəbini soruşmur. Hətta polis rəisi əsəbindən az qala canini döyə. Prokuror polisi sakitləşdirir, cəsədə dolanmış ipləri açdırır. Caniyə yaxınlaşıb astadan meyiti iplə niyə sarıdığını soruşur. Cani də eyni templə cavab verir ki, maşına yerləşmirdi, ona görə əyib sarımışam. Nəhayət meyiti maşının yanına gətirirlər, cəsəd üçün xüsusi maşın olmadığından onu minik maşının yük yerinə qoymaq istəyirlər. Nə qədər çalışırlar meyit yük yerinə sığmır. Nəhayət bayaq əsəbləşən polis dilə gəlir:
- Bəlkə, biz də iplə sarıyaq.

FRAQMENT - "Anam haqqında hər şey"

Pedro Almadovarın "Anam haqqında hər şey" filmində əsərin qəhrəmanı ömür boyu pərəstiş etdiyi aktrisanın maşınını sürmək şansı qazanır.
Fürsətdən istifadə edib yaşlı aktrisaya deyir:
- Çox gözəl ləqəbiniz var.
- Elə həyatımdakı yeganə gözəl şey ləqəbimdir.
- Axı siz çox bacarıqlısınız.
- Bacarıq iysiz, dadsız, təsirsiz bir şeydi. O səndə olanda fərqinə belə varmırsan.

17 авг. 2015 г.

Babamın altıncı məsləhəti

Babamın bir əli yox idi. Bir gün məni yanına çağırıb dedi: 
- Bax övlad, sənə 6 məsləhətim var... 
O danışa-danışa beş məsləhətinə barmaq qatladı. Altıncısına qatlamağa barmağı qalmadığından bir az üzümə mat-mat baxa durdu. Sonra hövlnak kəsik qolunun dirsəkdən çıxan hissəsini qarşımda elə formada qatlayıb saxladı ki... 
 Elə ən ciddi məsləhəti də bu idi.

7 июл. 2015 г.

Qafqaz qəhbə yerdi

Azərbaycanda başqasını yamsılamaq o həddə çatıb ki, bəzən homoseksualların da səmimiliyinə inanmaq olmur. Onlar da başlarını aşağı salıb işlərini görmür. Tutaq ki, homoseksualın cinsi oriyentasiyası həqiqətən genetik olaraq fərqlidir, niyə onlar bu durumlarını gözə soxmağa çalışırlar? Niyə durumlarını səmimi qəbul etmirlər? Götürək gənc aktivist İsa Şahmarlını, niyə İsa intihar etdi və intiharından öncə əksər yazıçıların bir ömür boyu yaza bilmədiyi qədər iki yüklü cümlə ilə durumunun kifayət qədər fərqli və anormal olduğunu özünün də qəbul etdiyini gözə soxdu? “Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil”. Azərbaycandakı homoseksual kəsiminin əksəriyyəti fahişədir. Onlar öz fərqli cinsi ariyentasiyaları hesabına pul qazanırlar. Bu da Azərbaycandakı homoseksualların özlərinin belə oriyentasiyalarına normal baxa bilməmələrindən irəli gəlir. Məsəslə burasındadı ki, ənənəvi qafqazlı toplum olaraq biz də heç vaxt əxlaqi, mənəvi dəyərlər baxımdan “orta xət” mövqeyində ola bilmirik. Bəzən seçilmək üçün, bəzən də seçilməmək üçün qütblərdə dururuq. Ya ağ oluruq, ya qara, heç kim boz olduğunu boynuna almaq istəmir. Bu üzdən biz toplum olaraq, nə qədər kəskin səslənsə də səmimi deyilik. Elə seçilmək üçün özlərini son dərəcə tolerant, sivil dəyərlərə söykənmiş sayan bir kəsim qərb təfəkkürlü gənclərin danışıqlarından hiss olunur ki, onlar da səmimi deyil. Onların hələ ki mövqe sərgiləyən yox, mövqe quran zamanlarıdır. Ağızlarından süd qoxusu gələn bu gənclər qurbanlıq quzulara oxşayırlar. Əslində qəşəng uşaqlardır; müəyyən qədər mütaliəli, təhsilli, dünyagörüşlü bu gənclər mahiyyət etibarilə öz qafqazlı genlərinə sadiq qalırlar. Baxdıqları filmlərdə, oxuduqları kitablarda, söhbətləşdikləri insanlarda gördüklərini mahiyyətini anlamadan öz əyinlərində, düşüncələrində sərt şəkildə əks etdirməyə başlayırlar. Burda pis heç nə yoxdu. Amma bu dar, tikanlı, vahiməli qafqazda pişvaz etmək üçün əvvəlcə qanad çalmağı öyrənmək lazımdı. Birnəfəsə mavi ənginliklərə qalxıb kəlləpaça olmaq, pişvaz demək deyil. Qafqaz qəhbə yerdi. Burda bəzən pişvazdan da həzz almaq olmur. Ona görə qafqazda, qafqazlı bədəninə “importnıy” paltar geyib pişvaz eləmək sadəcə “görməmişlik”dir ki, bu da ancaq qafqazlılardan çıxa bilər. Həmin “ətcə gənclər”in “küyə” getdiyi məqamlardan biri də elə “homoseksuallar və onların cəmiyyətdə mövqeyi” mövzusudur. Bir qism insanlar onları lənətləyir, digər qismi alqışlayır. Əslində bu nə alqışlanılası, nə də lənət oxunası bir durum deyil. Bir az düşünüb, sonra susmaq lazımdı bəlkə də...

16 июн. 2015 г.

Cahandar ağa və Zaur

Cahandar ağa və Zaur döşü cığırdan naxış-naxış olmuş göy təpədən endilər. Uzun müddət kələ-kötürdə dolaşdıqlarından yola düşən kimi az qala səndirləyəcəkdilər; bir az yeri tapdayırmış kimi yanlarını basa-basa irəlilədilər. Ayaqları yolla tanış olduqca, illərdir buralarda addımlayıblarmış kimi yorğun-yorğun günəşə sarı üz tutdular. Qürub etməkdə olan günəşin son şüaları piyadaların pərişan simalarında əks oldu. Hikkəsi hələ də soyumayan Cahandar ağa bezgin bir tonda Zaura şikayət edirdi: - Mən hər şeyi unutdum; oğlum Şamxalsümüyümü it sümüyünə caladı, unutdum...Kiçik oğlum Əşrəf südünə çəkdi,urusa meyl etdi, unutdum... Allahyarın ölüm ayağında mənə baxan yazıq gözlərini də unutdum... Qəməri də, Molla Sadıqı da, hər şeyi, hər şeyi unutdum!Amma bu millət yaxamdan əl çəkmədi ki, çəkmədi...Olanların üstündən bir əsr keçib, hələ də arxamca danışırlar. Biri deyir, Cahandar başqasının kəbinli arvadına göz dikməli deyildi, o biri deyir dos-doğmaca bacısını nahaq öldürdü, başqa biri çərənləyir ki, adam öldürməyi bir yana, heç olmasa atı öldürməyəydi... Bu arada Cahandar ağa imkan versəydi Zaur nəsə deyəcəkdi. Cığırboyu susub-susub, nəhəyat az-maz cəsarətlə “Təhminə...”demişdi ki, Cahandar ağa onun sözünü kəsib eyni tonla monoloquna davam etdi: - Nə bilim, deyirlər Cahandarı urus dığaları yox, məhrəmini əlindən aldığı Alllahyar öldürsəydi, Azərbaycan ədəbiyyatı tamam başqa cür inkişaf edərdi. Axı bu boşboğazlar niyə qanmırlar ki, olan olub, keçən keçib - Kür durulub. Cahandar ağa bunu deyib cinsinin arxa cibindən nanəli saqqız qutusunu çıxardı. Zaur saqqız təklifinə illərdir hazırmış kimi cəld sol əlini ovuc elədi. Cahandar ağa qutunun ağzını yana tuşlayıb nanəli saqqızlardan birini aynalı
tüfəngdən atəş açırmış kimi Zaurun ovcuna sıxdı. Daha sonra ardıcıl iki saqqızı da öz ağzına sıxıb marçıldaya-marçıldaya sözünə davam etdi. - Hə, bayaq nəsə demək istəyirdin... - Heç, deyəcəkdim cinslə buxara papaq tutmur. Artıq kənd-kəsəkdən uzaqlaşmışıq. Görən olar, ayıbdır. Bizi geridə qalmış sayarlar. Məncə papağını çıxarsan yaxşı olar. Cahandar ağa həmən-həmən Zaurla razılaşdı: - Düz deyirsən Zaur, özümüznkilər görsə, çox da eyib etməz, yad-yalan görməsin. Elə bilərlər geridə qalmışıq. Cahandar ağa çıxarıb əlində tutduğu buxara papağını qoymağa yer axtardı. Zaur da guya ağanın qeydinə qalırmış kimi papağı onun əlindən alıb öz başına qoydu. Sonra Cahandar ağa gördü ki, Zaurunşalvarı da cinsdir. Əliylə Zaurun şalvarına eyham edib başındakı papağı götürdü. Zaur etiraz edib dedi ki, “yox, səndə mavi cinsdir, məndə boz”. Cahandar ağa “nə fərqi var, cins-cindir” – deyib papağı yaxındakı qarağac budağına ilişdirdi. Getdikcə bayağılaşan bu dialoq elə bezdirici hal aldı ki, mən onları müşahidə etməkdən vaz keçdim. Uzaqlaşan səslərindən məlum oldu ki, qarşı təpəni də keçib beləcə qeyb oldular.

11 июн. 2015 г.

Şərifgil efirdə

Şərif Ağayarın ədəbi mühitə mətnlərilə yanaşı həm də şifahi bir xidməti var, bu da onun ətrafındakı insanlarla söhbət zamanı onlara intellektual, ədəbi təsiridir. Mən Şərifin stol yoldaşları arasında bayağı adam görmədim. Olsa belə tezliklə onu da özlərinə oxşadır. Yəni onların nümunə gətirdikəri bütün yazıçılar ciddi ədəbiyyat yaradanlar, söz açdıqları rejissorlar sənət adamlarıdır. Amma, təəssüf ki, Şərifin ətrafında yaratdığı efir mədəniyyəti yarıironik və kaldır. Özü efirdə olduğu zaman bu yarıqaba efir tərzini idarə etməyi bacarsa da, ətrafındakı gənc yazarlara sıçramış bu tərz çox da uğurlu alınmır. Sanki, şərifgil efirdə qarşı olduqları kurallarla Don Kixotsayağı mübarizə aparır. Məsələn, onlar qonaq olduqları verilişlərdəki tanınmışlara - halbuki, həmin tanınmışların ümumi yaradıcılığı bu yazarların nəinki bir misrası, heç bir sətiri qədər deyil – həmin bayağı tanınmışlara atdıqları ironik, tikanlı mesajlar sonrası özləri də həyəcanlanır, məzəli duruma düşürlər. Əvvəllər bu çılpaq mübarizənin effektinə ümid var idi Son vaxtlar görünür ki, bayağı duyğulara tutunan tamaşaçı kütləsinə qarşı hesablanmış bu ironik mübarizə ciddi insanlarda da qıcıq yaradır, yeni yaranmış gənc yazarlar efir mədəniyyətindən kasad, tərbiyyəsiz bir qrup küçə uşağı təəssüratı formalaşdırır. Əgər sizi oxumayan bir toplumun haqqınızdakı təəssüratı vecinizə deyilsə, televiziyada nə işiniz var? Yox əgər kütlə sizi az da olsa düşündürürsə, bu kampaniya kimə lazımdı?

P.S...

5 июн. 2015 г.

Cəmiyyət saymağı onsuz da öyrənəcək, ona üzrlü saymağı öyrətmək lazımdır


Ölkə təhsilində Riyaziyyatın ilahiləşdirilməsi yolverilməzdir. Qəbul imtahanlarındakı qrupların hamısına riyaziyyat fənninin salınması çox istedadların qarşısını kəsir. Humanitar sahədə bilgisi olan, incəsənət, ədəbiyat və mədəniyyətin digər sferalarında çalışmaq istəyən abituriyentlər üçün riyaziyyatsız heç olmasa bir qrup da olsa saxlamaq vacibdir. Axı universiteti bitirəndən sonra hamıya ali riyaziyyat lazım olmur. Cəmiyyət saymağı onsuz da öyrənəcək, ona üzrlü saymağı öyrətmək lazımdır.

11 февр. 2015 г.

Bir anam vardı...

Bir anam vardı
qərib idi, yazıq-yazıq ağlardı...
Səsini eşitdirməzdi kimsəyə.
Bir anam vardı
saçları qara günlərdə ağardı.
Şeiri sevərdi,
böyüyüb sevdiyi bir şeir yazammadım,
sevdiyi bir söhbətə tutunammadım.
O isə həmişə məni çox sevdi.

Zəif bir arvad idi,
ayaq üstə güclə durardı,
daim başıyaylıqlı bir qadın.
 Onu öldürdün.
onu öldürməyə çatdı gücün
 Onu öldürməyə nə vardı?
bacarırdın yaşadaydın.
Yenə deyim, daim başıyaylıqlı bir qadın.

 Həyat,
 həyat səni bağışlamayacam,
yarpaqlarını yolacam budaqlarından
 daşlarını qopardacam dorpağından
Sularının düzənini pozacam, düzənini...
elə hey ah vay edəcəm,
 narazı bir insan artacaq sinəndə.
Bəli, mən də...

Bir anam vardı
indi o da yoxdu.