Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

16 июн. 2015 г.

Cahandar ağa və Zaur

Cahandar ağa və Zaur döşü cığırdan naxış-naxış olmuş göy təpədən endilər. Uzun müddət kələ-kötürdə dolaşdıqlarından yola düşən kimi az qala səndirləyəcəkdilər; bir az yeri tapdayırmış kimi yanlarını basa-basa irəlilədilər. Ayaqları yolla tanış olduqca, illərdir buralarda addımlayıblarmış kimi yorğun-yorğun günəşə sarı üz tutdular. Qürub etməkdə olan günəşin son şüaları piyadaların pərişan simalarında əks oldu. Hikkəsi hələ də soyumayan Cahandar ağa bezgin bir tonda Zaura şikayət edirdi: - Mən hər şeyi unutdum; oğlum Şamxalsümüyümü it sümüyünə caladı, unutdum...Kiçik oğlum Əşrəf südünə çəkdi,urusa meyl etdi, unutdum... Allahyarın ölüm ayağında mənə baxan yazıq gözlərini də unutdum... Qəməri də, Molla Sadıqı da, hər şeyi, hər şeyi unutdum!Amma bu millət yaxamdan əl çəkmədi ki, çəkmədi...Olanların üstündən bir əsr keçib, hələ də arxamca danışırlar. Biri deyir, Cahandar başqasının kəbinli arvadına göz dikməli deyildi, o biri deyir dos-doğmaca bacısını nahaq öldürdü, başqa biri çərənləyir ki, adam öldürməyi bir yana, heç olmasa atı öldürməyəydi... Bu arada Cahandar ağa imkan versəydi Zaur nəsə deyəcəkdi. Cığırboyu susub-susub, nəhəyat az-maz cəsarətlə “Təhminə...”demişdi ki, Cahandar ağa onun sözünü kəsib eyni tonla monoloquna davam etdi: - Nə bilim, deyirlər Cahandarı urus dığaları yox, məhrəmini əlindən aldığı Alllahyar öldürsəydi, Azərbaycan ədəbiyyatı tamam başqa cür inkişaf edərdi. Axı bu boşboğazlar niyə qanmırlar ki, olan olub, keçən keçib - Kür durulub. Cahandar ağa bunu deyib cinsinin arxa cibindən nanəli saqqız qutusunu çıxardı. Zaur saqqız təklifinə illərdir hazırmış kimi cəld sol əlini ovuc elədi. Cahandar ağa qutunun ağzını yana tuşlayıb nanəli saqqızlardan birini aynalı
tüfəngdən atəş açırmış kimi Zaurun ovcuna sıxdı. Daha sonra ardıcıl iki saqqızı da öz ağzına sıxıb marçıldaya-marçıldaya sözünə davam etdi. - Hə, bayaq nəsə demək istəyirdin... - Heç, deyəcəkdim cinslə buxara papaq tutmur. Artıq kənd-kəsəkdən uzaqlaşmışıq. Görən olar, ayıbdır. Bizi geridə qalmış sayarlar. Məncə papağını çıxarsan yaxşı olar. Cahandar ağa həmən-həmən Zaurla razılaşdı: - Düz deyirsən Zaur, özümüznkilər görsə, çox da eyib etməz, yad-yalan görməsin. Elə bilərlər geridə qalmışıq. Cahandar ağa çıxarıb əlində tutduğu buxara papağını qoymağa yer axtardı. Zaur da guya ağanın qeydinə qalırmış kimi papağı onun əlindən alıb öz başına qoydu. Sonra Cahandar ağa gördü ki, Zaurunşalvarı da cinsdir. Əliylə Zaurun şalvarına eyham edib başındakı papağı götürdü. Zaur etiraz edib dedi ki, “yox, səndə mavi cinsdir, məndə boz”. Cahandar ağa “nə fərqi var, cins-cindir” – deyib papağı yaxındakı qarağac budağına ilişdirdi. Getdikcə bayağılaşan bu dialoq elə bezdirici hal aldı ki, mən onları müşahidə etməkdən vaz keçdim. Uzaqlaşan səslərindən məlum oldu ki, qarşı təpəni də keçib beləcə qeyb oldular.

11 июн. 2015 г.

Şərifgil efirdə

Şərif Ağayarın ədəbi mühitə mətnlərilə yanaşı həm də şifahi bir xidməti var, bu da onun ətrafındakı insanlarla söhbət zamanı onlara intellektual, ədəbi təsiridir. Mən Şərifin stol yoldaşları arasında bayağı adam görmədim. Olsa belə tezliklə onu da özlərinə oxşadır. Yəni onların nümunə gətirdikəri bütün yazıçılar ciddi ədəbiyyat yaradanlar, söz açdıqları rejissorlar sənət adamlarıdır. Amma, təəssüf ki, Şərifin ətrafında yaratdığı efir mədəniyyəti yarıironik və kaldır. Özü efirdə olduğu zaman bu yarıqaba efir tərzini idarə etməyi bacarsa da, ətrafındakı gənc yazarlara sıçramış bu tərz çox da uğurlu alınmır. Sanki, şərifgil efirdə qarşı olduqları kurallarla Don Kixotsayağı mübarizə aparır. Məsələn, onlar qonaq olduqları verilişlərdəki tanınmışlara - halbuki, həmin tanınmışların ümumi yaradıcılığı bu yazarların nəinki bir misrası, heç bir sətiri qədər deyil – həmin bayağı tanınmışlara atdıqları ironik, tikanlı mesajlar sonrası özləri də həyəcanlanır, məzəli duruma düşürlər. Əvvəllər bu çılpaq mübarizənin effektinə ümid var idi Son vaxtlar görünür ki, bayağı duyğulara tutunan tamaşaçı kütləsinə qarşı hesablanmış bu ironik mübarizə ciddi insanlarda da qıcıq yaradır, yeni yaranmış gənc yazarlar efir mədəniyyətindən kasad, tərbiyyəsiz bir qrup küçə uşağı təəssüratı formalaşdırır. Əgər sizi oxumayan bir toplumun haqqınızdakı təəssüratı vecinizə deyilsə, televiziyada nə işiniz var? Yox əgər kütlə sizi az da olsa düşündürürsə, bu kampaniya kimə lazımdı?

P.S...

5 июн. 2015 г.

Cəmiyyət saymağı onsuz da öyrənəcək, ona üzrlü saymağı öyrətmək lazımdır


Ölkə təhsilində Riyaziyyatın ilahiləşdirilməsi yolverilməzdir. Qəbul imtahanlarındakı qrupların hamısına riyaziyyat fənninin salınması çox istedadların qarşısını kəsir. Humanitar sahədə bilgisi olan, incəsənət, ədəbiyat və mədəniyyətin digər sferalarında çalışmaq istəyən abituriyentlər üçün riyaziyyatsız heç olmasa bir qrup da olsa saxlamaq vacibdir. Axı universiteti bitirəndən sonra hamıya ali riyaziyyat lazım olmur. Cəmiyyət saymağı onsuz da öyrənəcək, ona üzrlü saymağı öyrətmək lazımdır.