Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

13 авг. 2014 г.

Çe!!!

Ona “Çe” təxəllüsü Kuba partizanları tərəfinnən verildi. Çe argentinalıların xarakterik çağırış Çe Gevara Çe Gevara formasıdı, “hey”, “dost” mənası daşıyır. Beləcə Ernesto, Ernesto Çe Gevara oldu. Qısa zamanda dünyaya səs salan inqilabçı, siyasətçi kimi şöhrət qazandı.
 Çe Gevara 14 iyun 1928- ci ildə ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlib. Gevara uşaqlığından astmadan əziyyət çəksə də, mükəmməl bir atlet olur. Yetkinlik dövründə şeirə, xüsusilə də Pablo Nerudanın şeirlərinə maraq saldı. Gevara həyatı boyu Latın Amerikasında məşhur olan şeir yazma sənətinə meyl göstəirr. Bir çox mövzularla maraqlanan həvəsli oxucu olur Yetkinliyinin son dövrlərində fotoqrafiyaya maraq saldı və vaxtının əhəmiyyətli qismini insanları, getdiyi yerləri və arxeoloji bölgələri fotolentə çəkməklə keçirirdi. Gevara tibb təhsili almaq üçün 1948-ci ildə Buenos-Ayres Universitetinə daxil olur. Fasilələrlə davam edən təhsil həyatını 1953-cü ilin martında bitirərək, həmin il iyunun 12-də diplomunu alır. Gevara tələbəlik dövründə Latın Amerikasına uzunmüddətli səfərə çıxır. 1951-ci ildə köhnə yoldaşı, biokimyaçı Alberto Qranado illərdir planlaşdırdıqları Cənubi Amerika səyahəti üçün tibb təhsilinə bir il fasilə verməyi təklif dir. Qısa müddət sonra, “La Poderosa II” (Güclü II) adını verdikləri 500 sm³-lik 1939-cu il model Norton markalı motosikletlə Alta-Qrasiadan yola çıxırlar. Peruda Amazon çayı sahilindəki San-Pablo cüzam koloniyasında könüllü olaraq bir neçə həftə keçirməyi düşünürdülər. Gevaranın bu səfərini izah etdiyi səyahət qeydləri 2004-cü ildə Motosiklet gündəlikləri adı ilə kinoya uyğunlaşdırılıb.Bu səfər əsnasında kütlələrin yoxsulluğunu, təzyiqi və gücsüzlükləri yaxından müşahidə edən və marksizmdən təsirlənən Gevara, Latın Amerikasındakı iqtisadi və ictimai bərabərsizliklərin tək həllinin inqilab olduğu nəticəsinə varır. Səfərləri ona Latın Amerikasına ayrı-ayrı xalqlardan ibarət qarışıq bir quruluş kimi deyil, xilası yalnız qitə miqyasında bir strategiya ilə reallaşa biləcək bütöv bir bədən kimi baxmasını təmin edir. 1955-ci ilin iyununda Meksikada dostu Niko Lopez onu Raul Kastro ilə tanış edir. Bir neçə həftə sonra Kubada həbsdən azad edilən Fidel Kastro da Meksikaya gəlir və 8 iyul 1955-də Raul Çe Gevaranı Fidel Kastro ilə tanış etdi. Aralarındakı qızğın söhbətdən sonra Gevara Kastronun inqilab lideri olmaq üçün lazımi keyfiyyətlərə sahib olduğu qərarına gələrək Kuba rəhbəri Fulxensio Batistanı devirmək üçün qurulan “26 İyul hərəkatı”na qatılır. Qrupun həkimi olmasına qərar verilsə də, hərəkatın digər üzvləri ilə hərbi təlimlərə olur. 18 avqust 1955-də Çe Gevara Hilda ilə evləndi və 15 fevral 1956-da Hilda Beatriz adını verdikləri qızları doğuldu. Bəli, 25 noyabr 1956-da Meksikadan Kubaya doğru yola çıxan “Granma” yaxtasında kubalı olmayan yeganə şəxs Çe Gevara idi. İnterşum… Quruya çıxar-çıxmaz Batistanın əsgərlərinin hücumuna məruz qalan qrupun yarısı dərhal orada və ya tutulduqdan sonra öldürüldü. Gevara, bu qarşıdurmada qaçan bir yoldaşının yerə saldığı sursatı götürmək üçün tibbi ləvazimat çantasını buraxdığını və o an həkimdən döyüşçüyə çevrildiyi anı ömrünün dönüş nöqtəsi sayır. Bununla da o, həkim Ernestodan inqilabçı Çe Gevaraya çevrilir. interşum… Sağ qalan 15-20 üsyançı qaçaraq Syerra Maestra dağlarında gizlənir və Batista rejiminə qarşı partizan döyüşünə başlayır. Yoldaşları tərəfindən cəsarəti və əsgəri qabiliyyəti səbəbindən hörmət görən Gevara üsyançılar arasında lider, Komandan olur. Bir çoxları üçün isə “qəddarlığı” səbəbiylə qorxulu adam idi. Düşmənə məlumat ötürənlərə, qaçaq və ya cəsuslara qarşı amansız olur Çe Gevara. 1958-ci ilin son günlərində inqilabın ən əhəmiyyətli hadisələrindən olan Santa-Klaraya hücum zamanı “xüsusi təyinatlı intihar dəstəsi”nə rəhbərlik edir. Generallarının, başda general Kantilyo olmaqla “Central America” adlı işləməyən şəkər fabrikində Fidel Kastro ilə görüşdüyünü və onunla razılaşdığını öyrənən Batista 1 yanvar 1959- Dominikana qaçır Yeni yaradılan hökumət tərəfindən 7 fevralda Çe Gevara “doğuşdan Kuba vətəndaşı” elan edilir. Qısa müddət sonra Meksikadan yola çıxmazdan əvvəl ayrıldığı Hilda ilə boşanır. 2 iyun 1959-cu ildə “26 İyul hərəkatı”nın üzvü Aleyda Març ilə evləndi. Dekabr 1964-də Birləşmiş Millətlərdə çıxış etmək üçün Kuba heyətinin rəhbəri olaraq Nyu-Yorka gedir.17 dekabrda Parisə üç aylıq bir beynəlxalq gəzintiyə başlayır. Bu gəzinti əsnasında Çin Xalq Respublikası, Birləşmiş Ərəb Respublikası (Misir-Suriya), Əlcəzair, Qana, Qvineya, Mali, Konqo-Brazzavil və Tanzaniyanı gəzdi. İrlandiya, Paris və Pragada fasilələr verdi. 24 fevral 1965-ci ildə Cəzairdə, sonradan beynəlxalq səhnədə son görünüşü olacaq olan “İkinci afrika-Asiya İqtisadi Həmrəylik Seminarı”ndakı çıxışını etdi. 14 Martda Kubaya döndüyündə Havana aerodromda Fidel və Raúl Kastro, Osvaldo Dorticós və Carlos Rafael Rodríguez tərəfindən sadə bir mərasimlə qarşılandı. Fidel Kastro dostuna bir neçə vəzifə Verdi. Kabana həbsxanasının rəhbəri, Milli Torpaq İslahatı İnstitutunda əhəmiyyətli vəzifə, Kuba Mərkəzi Bankının sədri, Sənaye Naziri və s. Ancaq Çe Gevara son vəzifəsini özü seçdi. Bütün vəzifələrini buraxaraq inqilabçı olmağına davam etdi… Onun bu qərarını heç kim bilmirdi. O qeyb olmuşdu. Kastrodan sonra gələn adam olaraq baxıldığı Kubada harada olduğu, 1965-ci ilin ən böyük sirrlərindən idi. Gevaranın aqibəti haqqındakı beynəlxalq fərziyyələrin təzyiqiylə Kastro 16 iyun 1965-ci ildə etdiyi şərhdə insanların Gevara haqqında məlumat götürmələrinin ancaq Gevara istədiyində mümkün ola biləcəyini söylədi. Gevaranın ortadan yoxa cıması ilı ilə əlaqədar Kuba içində və xaricində bir çox dedi-qodu yayıldı. Eyni ilin 3 oktyabrında Kastro, Gevaranın bir neçə ay əvvəl özünə yazdığı tarixsiz məktubu açıqladı. Bu məktubda Gevara Kuba inqilabına bağlılığını təkrarlayır ancaq inqilab yolunda xarici torpaqlarda döyüşmək üçün Kubadan ayrılma niyyətini bildirirdi. Məktubunda “dünyadakı digər xalqlar mənim sadə əməyimə çağırış etdilər” deyərək, “yeni döyüş sahələrində” partizan olaraq döyüşmək üçün ayrılmağa qərar verdiyini ifadə edirdi. Eyni zamanda hökumət, partiya və ordu içindəki bütün vəzifələrindən istefa verdiyini və ona inqilab üçün etdiklərini təqdir məqsədiylə verilmiş olan Kuba vətəndaşlığından imtina etdiyini də əlavə edirdi. Dörd xarici jurnalistlə 1 noyabrda etdiyi görüşmə əsnasında Kastro, Gevaranın harada olduğunu bildiyini amma açıqlamayacağını ifadə edərək, köhnə yoldaşının öldüyünə dair söz-söhbətləri rədd etdi və Gevaranın sağlamlığının çox yaxşı olduğunu əlavə etdi. Kastronun sözlərinə baxmayaraq 1965in sonunda Gevaranın aqibəti bir sirr olaraq qaldı, hərəkətləri və harada olduğu iki il boyunca diqqətlə saxlanan bir sirr oldu. Boliviyada partizan müharibəsində iştirak etdiyi vaxt Ernesto Çe Gevara gündəlikdə qeydlər aparır. Onun ölümündən sonra bu gündəlik bütün dünyada 100 000 tirajla işıq üzü görür. Gündəlikdəki ilk qeyd 7 noyabr 1966-cı ildə yazılıb: Bu gün həyatımda yeni mərhələ başlayır. Belə götürəndə səfər uğurlu keçdi. Paçenqo ilə öz görkəmimizi dəyişdik, Koçabambuya gəldik və burada bizə lazım olan adamlarla görüşdük. Hərəmiz bir cipə minib yola düşdük. Rançoya az qalmış maşınları saxladıq. Bizi kokain istehsalıyla məşğul olmaqda günahlandıran kəndlilərdən birini şübhələndirməmək üçün rançoya 1 cipdə yollandıq. Çe Gevaranın Boliviya gündəliyinin 7 oktyabr 1967-ci ildə yazılan son qeydi isə belə idi. Bura – Nyankauasuya gəldiyimiz gündən on bir ay keçib. Gün gözlənilməz hadisələrsiz, demək olar ki, əla keçdi… …Radioyla xəbər verilir ki, 250 əsgər Serranoda 37 partizanı – yəni bizi – mühasirəyə alıb, yolumuzu kəsib və biz Asero və Ora çayları arasında mühasirədəyik. Bu xəbər mənə çox gülməli gəldi. Əslində Çe Gevaranın partizan dəstəsi doğrudan da o vaxt bu çaylar arasında mühasirəyə düşmüşdü. Sadəcə o, yerli relyefi yaxşı tanımadığından harda olduğunu bilmirdi. Bu məlumatı isə o radioadan eşitmişdi. Elə həmin gün Çe Gevara döyüşdə ayağından yaralanır, əsir düşür və oktyabrın 9-u güllələnir… Çe gevaranın onu öldürməyə gələn cəllada son sözü bu olur: Bura məni öldürməyə gəldiyini bilirəm. Vur məni cəllad, qorxaq, yalnız bir adam öldürmüş olacaqsan. “Çe” 39 yaşında güllələndi. Ancaq üstünnən uzun illər keçsə də onun inqilabi sloqanları bu gün yaşayır. “Mübarizə aparan itirə də bilər, amma mübarizə aparmayan çoxdan itirib. Diz üstə yaşamaqdansa ayaq üstə ölmək yaxşıdı. Uğrunda yaşayacaq bir şeyimizin olduğunu, uğrunda öləcək bir şeyimiz olmadan dərk edə bilmərik kimi məşhur şüarlar bu gün dünyanın demək olar ki, bütün ölkələrdə dillərdə dolaşır…

25 июл. 2014 г.

Xoşbəxtlik

İlk hekayəsini yazdığı gündən əminliklə düşünürdü ki, böyük yazıçıdı. Təəssüf edirdi ki, onu sağlığında
qiymətləndirən yoxdu. Sağlığında qiymətləndirilməyən dahiləri xatırlayanda qürrələnirdi. Hərçənd, simasından çox da qürrəli günlər yaşayan adama oxşamırdı. Gözləri başının içərilərinə çəkilmişdi. Bığ saxladığı gündən bəri elədiyi adətə uyğun saralmış bığnın uclarına toxundu. Sonra bu toxunuşdan doğan – qəribəliyi hiss olunmayacaq qədər zəif təbəssümlə əlinin qaşınan yerini dünən qırxdığı üzünün daha cod tüklənən hissəsinə – çənəsinə sürtdü. Sonuncu romanını xatırladı – “Peyğəmbər”i. “Heç olmasa bu roman qiymətini alaydı” – deyə düşündü. Ardınca buna görə yenə cəmiyyətin bütün təbəqələrini acı-acı qınadı. Sonra simasına təlqin elədiyi böyüklük ədasıyla pencəyini daha bir dəfə çiyinlərini oturtdu. Həyata məğlub olub başındakı “mağaralara” çəkilən gözlərini ömrünün 76-cı baharından yığışdırıb yavaşca otağa girdi.
       İki gün sonra qocanın üzündə bir ömür gəzdirdiyi murdar ümiddən əsər-əlamət qalmamışdı. Əvəzində ağarmış simasına bir çimdik təəssüf və birömür rahatlıq hopmuşdu. Yaxşı ki, hazırda yasin zümzümə edən mollanın durduğu yerdə ötən axşam şeir deyən kürən oğlan uzun mübahisədən sonra qocanı yazıçı olmadığına inandıra bilmişdi.

Ehtimal

                                                       
Yolun kənarındakı dərənin ağzına torpaq töküb-töküb üstündə mağaza tikdiklər. Elə həmin gündən o, qoca əlində “Ehtiyatlı olun, bu mağaza tezliklə aşacaq” yazılmış lövhə ilə dükanın qabağında dururdu. Satıcı dükanı açanda əlilövhəli qoca mağazanın qarşısında oturur, satıcı nahara gedəndə o da qeyb olur, sonra qaş-qaralanadək yenidən oralarda görünürdü. Bir gün həmin mağaza aşdı.

Bahar


- Ana, atanı niyə bağlayıblar?
 - Yıxılmasın deyə.
 - Bəs boğazından niyə bağlayıblar?
 - Heç vaxt yıxılmasın deyə. 

 Dar ağacından səs gəldi:
 - Oğlum, öpdüm səni.
 - Hanı?
 -...
Üçüncü baharıyla indicə müjdələnən balacaya belə çətin sualı kim öyrətmişdi?
Şair yenə nəsə pıçıldadı:
 “Bu yarpaqlar siçan qulağı deyil, bülbül dili boydadı. Yaz dil göstərdi daha qışa. Biri pardaq, biri qönçə qızılgüllərlə göz vurdu bahar qışa. Bir salxım...”
 Gülümsədi...
 Gülümsədi ki, traktor çömçəsindən yox, məmləkətin yeganə dar ağacından asıldı. 

 Asılmadı. “...bir salxım şair gətirdi o bahar dar ağacı”.

Sərdar Amin

24 июл. 2014 г.

Bela Tarrın “Turin atı”ndan “yıxılmağı”

Hər şey uşaqca verilən bir sualdan başlayıbmış: “Hamı danışır “Nitçşenin Turində atı qucaqlamağı”ndan
Nitçşenin sonu məlum,
gözləri doldu, filan…
daha 10 il yaşadı.
Bəs atın taleyi necə oldu?”

            *      *      *

Film ağ-qaradı, qocanın saçları çal
Musiqi çal, Tarr!
oxu Tarr!
Film ağ-qaradı,
lampanin tüstüsü boz
Bayırda çovğun, toz…

Qızın yeməyi hazır olan kimi qoca da stolun başında hazırdı.
çünki qızın bişirdiyi tək yemək kartofdu
kartofu isti-isti soymaq rahat, yemək babat…
üfürə-üfürə…
Süfrə yoxdu, süfrə.

Film ağ-qaradı, kartofun buxarı…
qalxır yuxarı…
Həyata baxdıqları bircə pəncərə var,
Ata-bala ordan növbəylə baxır.
Bəzən qoca israf edib pəncərə qabağında yatır…

 Və bir gün qapı döyülür,
döyülməmiş kimi qəfil açılır və biri gəlib həqiqətlər(in)i söyləyir.
Qoca istəsə ona“ çərənləmə” deyər, istəməsə yox,
Onunsa istədiyi içki idi,
Nəfsi tox,
pulunu verdi, çovğunda başına çəkə-çəkə axsayıb getdi.

Çovğundu.
Pəncərədəki ağacı külək yelləyir,
olmayan yarpaqlarını sovurur,
hər səhər hovuzdan su gətirən qızın başına vurur.

 Film qara-ağdı,
qocanın sağ qolu…
Qoca çolaqdı…
Mən nə bilim niyə məhz sağ qolu?
Siz də düşünməyin, olan şeydi.
Əsas odur ki, çovğundu, divarın yarıqları neydi. Oxu Tarr, oxu Tarr…

 Hər gün qızı geyindirir onu, altdan, üstdən
kişi də həmişə qızına baxır başqa-başqa, üstdən-üstdən.
Bəlkə də qızı onun olan yeganə şeyidi.


Sonra pəncərə “deyir” ki, uzaqdan araba gedir.
Sən demə araba getmir, gəlir.
Yollardı da, gedir gəlir.
Ağ atlı qaraçılar təpinir hovuza,
qaraçıları qovurlar,
çovğun yoxdu qaraçılar üçün,
ağsaqqal qaraçı bizim qıza kitab verir:
“Müqəddəs torpaqlar alçaldıldığından bu yerlərdə din yaşamaz, tövbədi labüd”.
Qoca pəncərə qarşısında büt.

İkinci gün atları getmir,
üçüncü gün yemir, içmir…
4-cü gün quyudan su çəkilir,
beşinci gün ata-bala dolu lampaları alışdıra bilmir – “çıraqları sönür”.

 Bela Tarr filmi 6 günlük etdi,
7-ci gün “istirahətə getdi”
çünki “Turin atı”ından “yıxılmışdı”.
          *    *     *
Burda isə çovğun deyil, Ramazandı,
ulduzlar axır, arvadlar gecə saxlayır-mış,
Nitşenin ölən Allahının xatirəsinə bir salavat…
“At muraddı”, murad.

Sərdar Amin.
Elyazma.org

17 апр. 2014 г.

Aya uçan pərvanə


Bir az dayandı pəncərənin qabağında -  
tut yarpağında.
Böcəklərin dövrə vurduğu lampaya baxdı,
sonra aya baxdı...
Ay təmizdi.
Pərvanə aya uçmaq istədi.
 Aya uçmaq istəyən ilk pərvanə oldu o.
Belə pərvanə olmamışdı ondan qabaq.
O uçurdu; qarşıda ay tabaq.

15 апр. 2014 г.

XIX əsrdə Lermontovun, indi eks nazirin yaşadığı ev

Mixail Lermontovun Azərbaycan sərgüzəştləri

Qusarda 177 il əvvəl rus şair Lermontovun yaşadığı ev var, qarşısında da şairin baralyefi... Hamı oranı Lermontovun ev muzeyi sayır. Təəssüf ki, həmin evhələ də şəxsidir. Qonşulara görə 30 il əvvəl yağışlı bir gündə inşa olunmuş xatirə barelyefindən başqabu küçədə Lermontovu nişan verə biləcək heçnə yoxdur. Qafqazda sürgün həyatı yaşadığı müddətdə Azərbaycanla bağlı üç poema, üç şeir yazan şairin hazırda Qusarda nə ev muzeyi var, nə adını daşıyacaq küçə, nə də başqa bir zad...
Hərbçi olmasına baxmayaraq zamanının həqiqətlərini bağıran Lermontov Qafqaza “Şairinin ölümü” şeirinə görə sürgün edilib. Puşkinin ölümünə yazılan həmin əsər 20 il sonra dərc olunmasına baxmayaraqəlyazma şəklində bütün ölkəyə yayılır. Qəribə tale yaşayan Mixail Yureviçin sürgün həyatı da fərqli olur; Lermontov o zaman itaətsizlik ocağı olan Qafqaza cərimə batalyonunda, Quba üsyanını yatırmaq üçün -  yəni ölmək üçün göndərilib.  Lermontov şairliyinə görə sürgün edilir, amma hərbçi kimi. Sürgün həyatını da şair kimi yaşayır. O, Qafqaza çatanda Hacı Məhəmmdəin başçılıq etdiyi Quba üsyanı demək olar ki, yatırılmışdı.
Dünyanın ən nakam şairlərindən olan Lermontov Qusarda yaşadığı qısa müdət ərzində üç poema, üç şeirə “hamilə qalır”. Çiləgirli riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olur, Ləzgi Əhməddən “Aşıq Qərib” dastanını dinləyir. “Aşıq Qərib”, “Qaçaq Hacı”, “Qaçaq İsmayıl bəy” poemalarını, “Xəncər”, “Ayrılıq”, “Gənc ləzgi” şeirlərini qələmə alır. Üzərində daşıdığı zadəgan titulunu, hərbçi buxovunu yırtmağı bacaran şair Qusarda yerli insanlarla yaxınlıq edir. Bu məqam şairin “Molodoy Lezginets” (Gənc ləzgi) şeirində səmimi hiss lunur. “Xəncər” şeirində isə şair ləzgi qızı qaragözlü Zöhrənin prototipini yaradır.
Lermontov Qusarda 1837-ci ilin payızında, o zaman “Zabitlər küçəsi” adlanan küçədə hərbi həkim Marşevin evində yaşayıb. Həmin küçə indi Fəxrəddin Musayevin adını daşıyır. Bütün ədəbi və sənədli mətnlərdə Lermontovun yaşadığı bu ev şairin ev muzeyi kimi təqdim olunur. Elə qonşularla söhbətim zamanı da onlardan “şairin evi” ifadəsini eşidib sevindim. Sonra dedilər ki, söhbət şair Lermontovdan yox, keçmiş Mənzil Komunal Təsərrüfatı Naziri Şair Həsənovdan gedir.
Hazırda qapısı qıfıllı olan mənzildə adam gözə dəyməsə dəyay mövsümündə evdə yaşayış olur. Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilov bu mənzilin Lermantovun ev muzeyinə çevirmək planının mövcud olmadığını deyir. Səbəb kimi şairə məxsus əşyaların kifayət qədər olmadığını və mövcud əşyaların hamısının Qusar Tarix Diyarşünaslıq Muzeyində qorunduğunu bildirir. Qeyd olunan muzeyin direktoru  Xatirə Nağıbəyova muzeydə saxlanılan əyşaların Lermantova məxsus qələm (pero), qələmdan, mürəkkəb qabı, şairin gipsdən hazırlanmış XX əsrə aid barelyefi və digər azsaylı aksesuarlardan ibarət olduğunu deyir. Ancaq Xatirə xanımın sözlərinə görə Qusar sakini Robert Səmədov adlı bir şəxsdə Lermontova aid daha bir neçə əşya olubmuş. Sözügedən şəxs hətta bu əşyalar arasında şairin çarpayısının, kitablarının və digər çoxsaylı ləvazimatlarının da olduğunu bildirib. Ancaq əşyaların muzeyə təhvil verilməsi məsələsi qeyri müəyyən səbəblərdən alınmayıb. Dahi şairin Qusarda qalmış izlərini aşkarlamaq üçün Robert Səmədovu axtardıq. Axtarış təəssüflü sonluqla bitdi: o, bir neçə ay əvvəl dünyasını dəyişib...

Yəqin ki, əlaqədar qurumlar həmin əşyaları bir yerə toplayıb, şairin Azərbaycanla bağlı xatirələrini, əsərlərini komplektləşdirib yaşadığı evdə muzey yarada bilər. Axı bu gün dünyada Lermontov kimi məşhur insanların sadəcə əyilib su içdiyi bulaqda belə abidə tikilir, muzey yaradılır. Lermontov isə sanki bizi düşünüb, Azərbaycanda olduğu qısa müddət ərzində 6 əsər yaratmaqla yanaşı, kifayət qədər əşyasını da xatirə kimi burada saxlayıb.
Nakamlıq Lermontovun təkcə alnına deyil, xatirəsinə da yazılıb: şairinin doğumunun 100 illik yubileyinə I dünya müharibəsi, ölümünün 100 illiyinə isə II dünya müharibəsi təsadüf edib. Bu günədək şairinin heç bir yubileyi təntənə ilə qeyd olunmayıb. 2014-cü ildə Lermontovun anadan olmasından 200 il keçir. Ümid edək ki, tarixin Lermontov üçün tutduğu “nakamlıq orucu” heç olmasa bu il pozulacaq. 

29 мар. 2014 г.


Armud ağacı - Pereyra

Kükülü, limonadlı mədəniyyətdən qanlı siyasətə... 


Uzun illər jurnalist işləmiş
, yaşlanmışdı. Portuqaliyada təvazökar axşam qəzetlərindən birində mədəniyyət şöbəsinə rəhbərlik edirdi. Bu piyli portuqalın rəhbərliyində özündən başqa heç kim olmadığı kimi siyasətlə də qəti əlaqəsi yox idi. Ta ki...
XVIII əsr fransız yazıçılarının əsərlərini portuqal dilinə tərcümə edib axşam qəzetinin rəhbərlik etdiyi mədəniyyət şöbəsində dərc etdirirdi. Bu zaman - yəni 1938-ci ildə ümumi Avropanı bürüyən faşizm və ona qarşı mübarizə onun vətəni Portuqaliyadan da yan keçməmişdi.  Və onun həyatı tanış olduğu inqilabçı gənclərin təsirilə ömrünün ahıl çağında tamam dəyişdi; portuqaliyalı yazıçı Antonio Tabukkinin məşhur “Pereyra iddia edir” əsərini deyirəm.
Pereyra yaşadığı həyatla razıdır; Koimbrada təhsil alması, bütün həyatını sanatoriyalarda keçirmiş xəstə qadınla yaşaması, arvadı dünyasını dəyişəndən sonra uzun illər onun uzaq təbəssümlə baxan portretilə söhbət etməsi, uzun müddət nüfuzlu qəzetdə hadisələr bölməsinə rəhbərlik edib sonda təvazökar axşam qəzeti
 “Lissabon”nun mədəniyyət bölməsində çalışmaq pis deyil.  Ancaq bütün bunlarla yanaşı o, həyatına görə peşmanlıq çəkməyə meyl göstərir.
Bu arada həkimi Kardosu ona “Ruhlar konfederasiyası” adlı nəzəriyyə ilə tanış edir.
Konfederasiyaya görə insanda vahid şəxsiyyətin mövcud olması fikri düzgün deyil, bu sadəlöhv xülyadır və xristian təsəvvürünə əsaslanır. Doktor Ribo və doktor Janenin “Ruhlar konfederasiya”sı insanda müxtəlif ruhların mövcudluğundan bəhs edir. Hansıki bu ruhlar “hökmran mən” tərəfindən idarə olunur. “Hökmran mən”in fəaliyyəti digər “mən”in baş qaldırdığı və onu taxtdan saldığı ana qədər davam edir. Pereyra mədəniyyət şöbəsinə köməkçi kimi qəbul etdiyi Rossinin İspaniya və Portuqaliyada faşizm rejmi əleyhinə fəaliyyət göstərən qrupda oluğunu bilir. Bununla yanaşı içindəki qəribə istəyə tabe olaraq gənc inqilabçıya maddi yardım edir. Və düşünür ki, bəlkə Rossi və onun qrupu düzgün yol seçib. Əgər belədirsə, demək doktor Pereyranın seçdiyi yol, yaşadıqları mənasızdır. Onun axşam qəzetinin mədəniyyət şöbəsinə rəhbərlik etməsi, fransız novellalarını ana dilinə tərcümə edib yayması və dövlət qəzetində öz sözünü deyə bilməməsi düzgün deyil. O tövbə edib bu yoldan çəkilməlidir. Pereyra iddia edir ki, son vaxtlar onun həyatı büsbütün mənasını itirir.  Sonra ölkədəki rejimə dözməyib Fransaya getməyə hazırlaşan həkimi Kordosu ona maraqlı təklif edir: 
 “Heç kim bu ölkənin sənin üçün yarandığını söyləməyib, həm də burada xeyli xatirə var, öz eqonu zibilliyə atmağa cəhd göstər, yeni “hökmran mən”inə icazə ver. Bəlkə tamam başqa bir mühitdə görüşmək imkanımız oldu. O zaman tamam başqa bir adam olacaqsınız”.
  
Pereyra qəzetdə şöbə müdiri olmasına baxmayaraq ölkədə və Avropada baş verən yenikləri hər gün yemək yediyi restoranın ofisiantından soruşur, sonra ona kükü və limonad sifariş edərək qəribə əhvallı günlərinə davam edir. Bir gün  Pereyra gənc inqilabçı Rossinin Portuqaliyada axtarışda olduğunu bilib ona evində sığınacaq verir. Ancaq Rossi Perayranın evinə uzun müddət sığına bilmir, tezliklə dövlət orqanları onun yerini öyrənir, danışdıra bilmədiklərinə görə amansızlıqla döyürlər. Sarışın inqilabçı Rossi Pereyranın evində can verir.
   Bundan sonra Pereyra qəti addım atır. Faşizmi dəstəkləyən dövlət qəzeti olmasına baxmayaraq “Lissabon”un mədəniyyət şöbəsində bu amansız hadisəylə bağlı açıq məqalə dərc edir. Pereyra qəzetdə uzun illər boyunca  qazandığı etibar və həkimi Kordosu ilə qurduğu oyun sayəsində dövlət qəzetində açıq, rejimi ifşa edəcək bir mətni dərc etməyin astanasına gəlir.
Yazını bütün prosedurlardan keçirərərk mürəttibə verir. Sonra evə gələrək kiçik çamadanını götürür, ora ən vacib əşyalarını – nekroloqlar qovluğunu, arvadının uzaq təbəssümlə baxan portretini qoyur. (Portreti yaxşı nəfəs alsın deyə çamadana üzüyuxarı qoyur). Kitab dolabına yaxınlaşıb Rossinin gətirdiyi saxta pasportları eşələyir. Gözlərinin altında bir neçə çevrə olan bir kişinin şəkli yapışdırılmış pasport sanki onun bu gününə hesablanmışdı. Adı da gözəl səslənirdi: Fransua Buden... Doğrudanda gözəl ad idi, Fransua Buden...
Ətrafa göz gəzdirib saatına baxdı. Pereyra iddia edir ki, “Lissabon” indilərdə çıxacaqdı və qətiyyən vaxt itirmək olmazdı.

P.S. Əsərin müəllifi Antonni Tabukki isə iddia edir ki, Pereyra “armud ağacı” deməkdir və İtaliyada bütün meyvə ağaclarının adı olan soyadlar yəhudi mənşəyinə mənsubdur. “Qəhrəmanımı “Pereyra” adlandırmaqla isə mən Portuqal mədəniyyətində dərin iz buraxmış və tarixin çox ədalətsizliklərinin qurbanı olmuş millətə ehtiramımı bildirmək istədim”.




13 мар. 2014 г.

"Qanun" naminə!



"Biz niyə jurnalımızın adını “Qanun” qoyduq? "Səhər", "Günəş", "Sevgi" qoya bilərdik. O qədər gözəl adlar var ki. "Qanun" qoyduq ki, hüquqi dövlətin qurulmasına kömək edək. Bu gün biz nəşr etdiyimiz qanunlarla vergilərdən müdafiə oluna bilmirik".  (Şahbaz Xuduoğlunun məhkəmə çıxışından...)



İlk kitabım olan "Qaratoyuq nəğməsi"ni “Qanun” öz hesabına nəşr edib. Müəllif olaraq mənə 100 kitabımı hədiyyə edib. Bir gənc yazar üçün bu kifayət qədər ciddi dəstəkdir. “Qanun” nəşriyyatı ölkədə oxucu sayının minimum olduğu bir zamanda gənc yazarların ilk əsərlərini öz hesabına nəşr edir. Kifayət qədər yazar nəşriyyatın “Birinci kitab” layihəsindən yararlanıb. 

Moemi, Markesi, Pelevini, Plotonovu, Mülleri, Pamuku, Kamyunu, Murakamini, Buzzatini və onlarla dünya şöhrətli digər müəlliflərin əsərlərini “Qanun”dan oxumuşam. Son illər mütaliə etdiyim bütün kitabların cildində “Qanun Nəşriyyatı” yazılıb.

Bakıda tüpürən, söyüş söyən, qışqıra-qışqıra danışan gənclərlə yanaşı üstündə “Qanun” yazılmış kitab torbasıyla harasa tələsən birini görəndə ürəyim yerinə gəlir. Axı ölkədə belə pozitiv mənzərələr azdı. Bu cəmiyyət onsuz da kitabsızdır. Onsuz da bu ölkənin tamaşaçısı ən yaxşı halda seriala baxır; onsuz da bu ölkənin “oxucu”su Üzeyirin mahnılarını oxuyur. 

Cəmiyyətə dəstək olmaq üçün bu gün kitab nəşr edən bütün nəşriyyatlara maksimum şərait yaradılmalı, kitab üzərində olan bütün vergilər götürülməli və bundan əlavə kitabın təbliğatı ilə bağlı kampaniyalar, yarmarkalar təşkil olunmalıdır, nəinki ölkədə ən nüfuzlu nəşriyyatlardan birinə fantastik məbləğdə vergi tədbiq etmək. Qanun nəşriyyatının hər hansı qanunsuzluğa yol verib-vermədiyini dəqiq bilmirəm. Ancaq istənilən halda Azərbaycanda əsas gücünü bədii əsərlərin nəşrinə verən bir nəşriyyata qarşı bu dərəcədə təzyiq düzgün deyil.

Gənc yazar və oxucu olaraq Vergilər Nazirliyi və dövlətimin bütün aidiyyatı orqanları “Qanun”a qarşı aparılan yoxlamlarda bu nəşriyyatın cəmiyyətə verdiyi töhvələri - müasir ədəbiyyatın, mütaliənin dirçəlməsinə göstərdiyi dəstəyi nəzərə almağa və daha diqqətli və ədalətli davranmağa çağırıram. 

“Qanun” naminə olmasa da, qanun naminə!
Sərdar Amin

     Balaca Çe Gevaralar
            Səlim Babullaoğluna

Bəli dost, “uşaqlıq ömür səhrasının quzeyidir,
bağlansa da yenə məsumluq müzeyidir”.
Budaq-budaq fəth edərdik hündür ağacları.
Zirvədən səslənərdik qonşu uşaqlara sarı.
Başımız ağaclarda quş yuvaları kimi,
Sağ əlimizdə budaq, solunda yumruq:
qışqırardıq balaca Çe Gevaralar kimi.
Söyərdik bir-birimizi tutlu, gilaslı dodaqlarla.
Sonra ağlardıq,
atalarımız endirərdi bizi - yastı budaqlarla.

O vaxt analar da tez-tez ağlayardılar
göz yaşını silməkçün
yaylıqlarını çənələrinin altında bağlayardılar.

Yazdan bənövşə ətrin,
payızdan meşə ətrin
çəkib ciyərimizdə saxlardıq qışa ətri.
Ölürdü güllər xoşumuza gəlməkdən ötrü.

Daşlar daşlardı,
kollar cızardı hər gün,
qucaqlamazdıq dizlərimizi.
Böyük ayaqqabılarımız tapdardı izlərimizi.

Razıydıq bizi gətirən leyləklərdən.
Cücə dimdiyilə yortduğu tək,
dirsəyimizlə yırtıb çıxdıq balaca köynəklərdən.

Çıxarıb ayaqqabılarımızı
saldıq izimiziüfüq boyunca -
doyunca səhər-səhər.
Günəş gözümüzdə doğdu hər səhər.

11 мар. 2014 г.

Uduzulmuş qərinə

Dino Bussatinin "Tatar çölü"ndə...

Adı  dillərdə dastan olan Bastiani qalasında xidmət edəcəyini bildiyi gün qürur duymuşdu. Qalaya ayaq basdığı an fikri tamam dəyişdi. Tezliklə şəhərə, qarnizona qayıtmaq istədi. Amma qaladan ona bildirirlər ki, geri qayıtmaq üçün azından 4 ay burada xidmət etməlidir. Leytenant Covanni Droqonun Bastiani qalasındakı 4 ay müddətlə başlayan xidməti beləcə uzanır. Məşhur italyan yazıçı Dino Bussatinin qələmə aldığı “Tatar çölü” romanı insanın taleyə boyun əyməsinə tamam başqa yöndən nəzər salır.
Covanni tezliklə belə qənaətə gəlir ki, bu qala bir vaxtlar çox əhəmiyyətli hərbi obyekt olsa da hazırda lazımsız tikilidir. Çünki onun tikilmə səbəbi əsrlər öncə şimal çölündən gələn tatar hücumlarının qarşısını almaq olub. Tatar hücumları isə indi əfsanələşib, keçmişdə qalıb, son yüzildə bu çöldən qalaya heç bir canlı yaxınlaşmayıb.
Covanni qaladan ölü şimal çölünə baxır. Və bu boz, intəhasız çölün müdhiş sehrini duyur, qoxunc cəlbediciliyi hiss edir. Burda qocalan zabitlər, hərbçilər gözünün önündən keçir. Qala dərzisi Prosdoçimo (nədənsə əsəri oxuyanda bu dərzinin adını “prosto çumo” kimi oxuyurdum”) qardaşı Covanniyə deyir: “Mənim qardaşım serjantdı, bu da onlara qoşulub gözləyir, artıq 15 ildir. Amma cənab leytenant, görürüəm isz mənə inanmırsız. Ehtiyyatlı olun. Heçnəyə inanmayın. Yoxsa həmişəlik burda qalacaqsız. Siz bircə qardaşımın gözlərinə baxarsız”.
Gündəlik yorucu xidmətin qaydaları, hərbi qanunlarla öldürülən insani hisslərin həssaslıqla qələmə alındığı romanda diqqət çəkən məqamlardan biri də kapitan Monti ilə onun zəhləsi gedən məğrur Leytenant Anuqstinin dialoqudu. Onlar şimal qonşuları ilə sərhədləri dəqiqləşdirməkdən ötrü yola çıxdıqda kapitan leytenantın ayaqqabılarına işarə edir: “Siz bu ayaqqabılarda əziyyət çəkəcəksiniz”. Anqustini cavab verir, “siz bunu əvvəlcədən də deyə bilərdiz, artıq gecdir”. Beləcə kapitan ayaqları yaralanan, ancaq qürurundan bunu büruzə verməyən, dəstədən geri qalmayan leytenantın yerişindən həzz alaraq ona atmacalar ismarlayır. Anqustini isə sona qədər məğrurluğunu əldən vermir.
Şimallı qoşular mübahisəli zirvəyə Anqustinigilin dəstəsindən tez çatır və ora öz bayraqlarını sancır. Anqustinigil qayanın dibində qalırlar. Şimal qonşuları istehzalı qonaqpərvərlik təklif edərək zivədən ip sallayıb onları kəssə yolla zirvəyə dəvət edir. Təbii ki, onlar bu təklifi qəbul etmir. Bu arada şiddətli qar yağmağa başlayır.  Anqustini onu görməyə gözü olmayan kapitanı kart oynamağa dəvət edir. Kapitan öncə bu təklifi rədd edir. Sonra görür ki, leytenant bunu yuxarıdan onlara istehzayla baxan qonşularının acığına edir. Buna görə razılıq verir. Bir neçə oyundan sonra kapitan oyunu saxlayıb qayanın dibinə daldalanır. Əsərdə qürur nümunəsi kimi təqdim olunan leytenant Anqustini isə şimallı qonşularına rahat görünmək üçün kartı oynamağı tək davam etdirir.
Qaranlıq havada kapitanın çəkilib getdiyi hiss etdirməmək üçün gənc leytenant uydurduğu rəqiblə dialoq da qurur. Məqsəd düşmənlərin gözündə məğlub görünməməkdir. Leytenant üzündə əriyən qar dənəcəklərinin və kapitan Montinin çağırışlarının müşayəti ilə beləcə can verir. 

Bastiani qalasında isə yüzillər sürən yeknəsək həyat davam edirdi. Covanni artıq yaşlanırdı. Hamı nə zamnsa şimal tərəfdən hücum olacağına ümid edir bu ümidlə qocalıb, bu ümidlə də ölürdü. Hamı bu müharibəni gözləyir və bu müharibədə qəhrəmanlıqla öləcəkləri barədə xəyallar qururdu. Covanni də ölümcül şimal çöllərinə baxaraq bu çöllərin sehrinə məğlub olaraq xeyli yaşlanmışdı. Artıq qala rəhbərinin müvinlərindən biri idi. Qara ciyərində yaranan problemə görə yatağa düşmüşdü. Bu zaman bütün qalanı silkələyəcək bir xəbər eşidilir. Prosdoçimo (bəli, yenə Prosdoçimo) Covanninin otağına gələrək onu müharibəylə müjdələyir: 
“ - Şimallılar hücum edir! Onlar qalanın lap yaxınlığındadır!”
 Bütün ömrü boyu bu anı gözləyən Covanni ayağa durmağa çalışır. Ancaq dik qala bilməyib yenidən yatağa uzanır. Qalanın komandiri Covanniyə deyir ki, onun arxasınca rahat bir kareta gələcək, onu şəhərə hospitala aparacaq. Covanninin xahişlərinə, yalvarışlarına, inadına baxmayaraq komandir onu qaladan uzaqlaşdırır. Səbəb: “O xətədir, hazırda qalada olması heç bir işə yaramır və onun otağında 4 sağlam, müharibəyə yararlı zabit gecələyə bilər”.  Komandir hətta, Covanni ona yalvardığı müddətdə otaqda 4 çarpayının yerləşdirmək üçün gözəyarı plan qurur...
Covanni yuxarıda, digər aləmdən uzaq yerdə ömür sürdü. Düşmənləri gözləyərək ömrünün 35 ilini əzab çəkdi. Düşmən qapıda olanda isə onu qovdular. O adamlar ki, şəhərdə oturmuşdular, yüngül və əyləncəli həyatdan zövq alırdılar, bax onlar təkəbbürlü, saymazyana təbəssümlə özgə şöhrətinin ardınca aşırıma gəlmişdi. 
35 illik hərb həyatında üzünə səmimi təbəssüm qonmayan Covanni əsərin sonunda ilk dəfə səmimi gülümsəyir; qaladan qayıdarkən gecələdiyi qaranlıq otel otağında ölümün ona yaxınlaşdığını hiss edir. Son gücünü toplayıb oturacaqdan qalxır, yaxalığını düzəldir, əlilə paltarını səliqəyə salıb boyun əydiyi taleyin tərs üzünə - ölümə gülümsəyir.


9 мар. 2014 г.


Bu əsəri alimlər də sevir, yeniyetmələr də
Cek Londonun "Martin İden"i




 

Əgər o təsadüfi hadisə olmasaydı – kasıb matros Martin gəmidə varlı ailənin oğlu Arturu ölümcül davadan xilas eləməsəydi, həyatını sadə insan kimi yaşayaacaqdı. Bircə təsadüf nəticəsində Arturla tanış olan Martin günlərin biri onun bacısını görür. Və o an hiss edir ki, canını bürüyən hissi bu vaxtadək heç bir qadına qarşı duymayıb. Martin Rufa ilahi bir bir vurğinluqla aşiq olur. 
Rufgildən evə qayıdarkən Martin qızın çöhrəsindən elə keflənmişdi ki, polis onu sərxoş bilib saxlayır. Özünü kübar ailənin kübar qızına layiq etmək üçün Martin bütün gününü kitabxanalarda keçirir. Sadə matros günü gündən bilgilənən, son dərəcə qəıtiyyətlə məqsədinə addımlayan qəhrəmana çevrilir. Əvvəl şeirlər, bədii kitablar oxuyan Martin sonra fələsfi əsərlərə üz tutur. Daha sonra həyatının istiqamətini müəyyən edən Spensenin təkamül nəzəri bilgilərilə tanış olur.

O zamanlar matroslar kübar ailələr üçün arzuolunmaz kürəkən sayılırdı. Bu üzdən Rufun valideynləri üçün Martinlə qızlarının sevgili olması nəinki yolverilməz hətta təhqir idi. Ancaq onlar qızlarının tezliklə kasıb, kobud, intellektsiz saydıqları Martinlə ayrılacaqlarını təxmin edib, bir müddət bu bağlılığa göz yummağa qərar verirlər. Bu arada Martin dünya şöhrətli yazıçı olacağına əminliklə və təbiətindən doğan coşquyla müxtəlif səpkili yazılar yazmağa başlayır. Dənizdə qazandığı qəpik-quruşa məktub marka alaraq yazılarını müxtəlif redaksiyalara yollayır. Ancaq uzun müddətheç bir redaksiya onun yazılarını qəbul etmir. Ancaq o, yalnız Martin İdenə məxsus iradəylə peşəsinə davam edir - yazır.

Ruf isə ona bu işlə vidalaşmağı, yazı yazmaqla ailə saxlamağın mükünsüzlüyünü bildirir və atasının kontorunda quluqçu işləməyi məsləhət görür. Martin də öz növbəsində Rufa bildirir ki, o öz gücünə bələddir, tezliklə istəyinə çatacq, yəni dünya şöhrətli yazıçı olacaq . O qızdan bunun üçün 2 il vaxt istəyir. Beləcə iki illik razılıq müddəti start götürür.

Martin İden yazdığı şeirləri, hekayə və məqalələri Rufa oxuyurdu. Rufun bu yazılara münasibəti isə sabit idi: “Yaxşı yazmısan. Amma onları alan yoxdursa, niyə yazırsan?”
Ancaq dünyalar qədər sevdiyi insanın bu cür münasibəti belə Martininin yazmaq eşqini söndürmür.

Bu zaman ərzində Rufun atası Mister Morz isə  hər şənbə evində ziyafət təşkil edərək bura kübar təbəqədən ola gəncləri dəvət edir. Və təbii ki, onlarla bərabər məclislərə Martin də dəvət alır. Məqsəd Ruf üçün kübar zabit, natiq və digər varlı gənclərlə Martini müqayisə etmək şansı qazandırmaq və onlarla Martinin arasındakı nüfuz fərqini gözə soxmaqdır. Ancaq Martinin həmin kübar gənclərdən yeganə üstünlüyü onda idi ki, o kitablardan qazandıqlarını həyatda gördüklərilə sintez etmiş və gəldiyi ümümi nəticələr reallıqla vəhdət şəklini almışdır. Mükəmməl nəticələrini qarşısındakıları üzünə çırpmaq cəsarətini də Martinə çox güman ki, Sakit dənizin dəli dalğaları öyrətmişdi. Ona görə də Rufun gözündəki Martin obrazı günü gündən daha çox böyüyür və bərkiyirdi.
Ancaq zaman keçdikcə Martinin əsərlərindən pul qazana bilməməsi və onun günü gündən daha da müflisləşməsi Rufu ruhdan salırdı. Onlar arasında olan iki illik razılıq müddəti bitməsə də ətradakıların Martinə münasibəti, onun kübar qaydalara əməl etməməsi, rufun istəyinin əksi olaraq yazmağa davam etməsi onların münasibətini soyudurdu. 

Bu ərəfədə Martinin bəzi hekayələrə artıq redaksiyalar tərəfindən alınırdı. Lakin çox aşağı qiymətə. Təbii ki, bu durum da Rufu razı salmırdı. Elə bu məqam Martin həyatını dəyişəcək bir insanla – vərəmli bir şairlə tanış olur. Nəhayət o Martinin yazılarını və şeirlərini oxuyur və təntənə ilə deyir ki, Martin, sən şairsən! Boş ver jurnallar, qoy cəhənnəm olsunlar, gözəlliyi gözəllik naminə sev.

Bütün davranışları və ən əsası da qəzetlərin birində Martin haqqında həqiqətə uyğun olmayan, qeyri peşəkar müxbir tərəfindən qələmə alınan bir məqalə Rufla münasibətləri bərbad hala salır. Məqalədə Martin Rufgilin ailəsi üçün arzuolunmaz ideolji cərəyanın sosializmin nümayəndəsi kimi verilir və cəmiyyət üçün zərərli insan tipi kimi qeyd olunur. Bununla da Ruf laqeyd və narazı bir məktubla hər şeyin bitdiyini elan edir.

Bundan sonra isə Martinin həyatı dəyişir. Onun yazdığı əsərlər qəribə tərzdə populyarlıq qazanır. Ona qəzetlər bir-birinin ardınca yüksək məbləğdə qonarar verir. Təklif göndərdiyi nəşriyyatlar kifayət qədər qonarar ödəyərək onu  əsərlərini nəşr edir, hətta bu məbləğin bir az az olduğunu əsas gətirərərk üzrhaqlıq da bildirir.
Beləcə pul Martinin başınadan aşmağa başlayır. O isə bütün bunlara çox laqeyd yanaşır. Çünki artıq onun cəmiyyətə insana münasibəti dəyişmişdi. Burjua ailələri hətta həmin ailənin üzvlərindən olan Ruf da Martin üçün sehrini itirmişdi. O pullları hara xərcləyəcəyini bilmir. İkinci əldən krayə qaldığı evin birinci kirayənişini Mariya üçün ferma alır. Bir çox yaxınlarının arzularını qarşılayır. Artıq xarici ölkələrdə onun əsərləri çap olunurdu və onun pulunun sayı hesabı yox idi. Bütün kübar ailələr tərəfindən qonaqlıqlara dəvət olunurdu. 



Martini bir məqam narahat edirdi. O özünün həmin adam əvvəlki Martin olaraq qaldığının fərqində idi – yenə həmin cür əsərlər yazır, əvvəlki əqidəsini müdafiə edirdi. Ancaq cəmiyyətin kübar üzvləri ona gözəçarpacaq dərəcədə hörmət etməyə başlamışdı. Martin belə nəticəyə gəlir ki, demək ona hörmət etməyə başlayan insanların Martində dəyər verdikləri nəsnə onda əvvəldən olmayan bir şeydir. İndiki Martini əvvəlki Martinlə müqayisə etdikdə yaranan yeganə fərq isə, pul və şöhrətdir. Demək insanlar onun özünə yox, puluna və şöhrətinə sayqı göstərir. Elə bu düşüncə gənc Martini cəmiyyətdən küsdürür.

Küskün əhvalda oteldə bir nöqtəyə baxaraq durduğu axşamların birində Martinin yanına Ruf gəlir. Və ona bildiri ki, etdiyi hərəkətə görə peşmandı. Və hər şeyi yenidən başlamağa hazırdı. Valideynləri onun otelə, Martinin yanına gəldiklərini bilmirlər. Martin isə mənəvi sarsıntı keçirdiyini bildirir. Xəstə olduğunu deyir. Rufu yola saldıqda isə daha dəhşətli bir mənzərə ilə rastlaşır. Bir neçə gün öncə Martini Rufa yaxın buraxmayan qardaşı otelin tinində durub bacısın görüşdən dönməsini gözlədiyini görür. Qardaşı paltosunun yaxalığını qaldırsa da Martin onu tanıyır.

 Bundan sonra rahatlıq tapmayan Martin yalnız Sakir okeanda bir adada sakit yaşaya bilər. Bunun üçün səyahətə hazırlaşır. Onu şüuraltı sakit okeanın mavi suları cəlb edir. Səyahət zamanı da yaşam ona mənasız görünür sıxılır, son addımı atmaq üçün ona Suinberin şeiri kömək edir:

Nə var ki, çaylarda axıb keçərək,
Dəniz də lal, hamar görünəcəkdir.

Nə var ki, nə var ki, ürək, bu ürək
Gec, ya tez, əbədi susan ürəkdir.

Beləcə Martin İden özünü Sakit okeanın mavi sularına təslim edir... 





P.S. Martin son anda belə vəhşi heyvanların onu dişləməsindən və bu an onda yenidən həyat eşqinin yarana biləcəyindən qoxur. Nəfəsini buraxıb bacardığı qədər suyunun dərinliyinə gedir. Əzab hiss etdikdə bir anlıq bunun ölüm əzabı olduğunu düşünür. Sonra hiss edir ki, bu ölüm əzabı yox, həyatın son əzabıdır...

Biz oxşarıq


Biz oxşarıq sevgili,
Sən
kökləməyən bir kamanın simiydin
Tapammırdın kökləmədən çalan kəs
Mən də dəli kimiydim,
dedim,
xoşdur mənə çıxardığın səs.


Biz oxşarıq sevgili
Sən səhifəsən,
qiymətli kitabın qeyd yeri.
Mən də səhifəyəm,
sevgi şeiri,
çirkli bir kağız.
Sənin gözləntin qiymətli qələm,
mənimki sevgili barmaqlar,
alovlu ağız.


Biz oxşarıq sevgili
Adımız toranlıq.
Mən sübhəm ,
günəşin pişvazında.
amma sən məğrib,
qarşın qaranlıq - ayın ayazında.
Adımız toranlıq.


Biz oxşarıq sevgili,
Gözümüz həyata eyni bucaqdan baxır:
məndə 360, səndə sıfır.
Biri dünyanı qucub, biri qucaqdan baxır.
Amma eyni bucaqdan baxır.

 

Biz oxşarıq sevgili,
İkimiz də öldük,
mən edam edildim dar ağacında
sən intihar etdin bar ağacında.
Biz oxşarıq sevgili,
 ölümü də oxşarıq.