Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

25 февр. 2021 г.

Kiçik xalqlar üçün uydurulmuş düşmən oyunu - Qonşu ilə tapança-tapança


Xeyir və şər əzəli rəqiblərdir və bu ikilinin paralel addımlaması bəşəriyyəti inkişafa aparan ən ümdə mübarizədir. Əksər dini təlimlər də məhz bu mübarizənin üzərində bərqərardır. 

İnsan özünə düşmən, rəqib, yaxud da bir əks qütb tapanda yaşamı rənglənir. Sevgisini dosta, nifrətini həmin şəxsə, qütbə püskürərək içini boşaldır. 

Nifrət, qəzəb, acı qütbü tapılmayanda insanda yaranan neqativ potensial onu qaraldır. Hə, sözsüz ki, irfan əxlaqında yoğrulan, arifliyə qalxan insanlar o neqativi sevgiyə çevirib şəri xeyirə xidmət etməyə məcbur edə bilir, ancaq mövzumuz bu deyil, mövzumuz özümüzük – bu fani dünyada qayğılarla, sevgilərlə, davalarla yaşamağı özünə sığdıran dünya adamı...

İnsan düşmən tapmayanda narahat olur, nifrət ifrazatından xilas olmağa bir məntəqə tapmır. İçində saxlamaqdan yorulur, bəzən uğursuz bir yerdə kinini tökərək rəzil olur.

Sivilizasiya, innovasiya, yeni dünyayla ayaqlaşa bilməyən toplumlara həmişə ümumi bir düşmən tapılır ki, ayrı-ayrı obyektlərdən yığdığı əsəbi də həmin ümumi düşmənin üzərinə boşaltsın. Məsələn, rüşvət, məmur özbaşınalığı, təhsildəki problemlər, səhiyyənin yarıtmazlığı vətəndaşı təngə gətirəndə, bu problemləri deməyə tribuna, istiqamətləndirməyə ünvan tapmayanda onun qarşısına ümumi bir düşmən çıxarılır: bir qonşu millət! Döşə ağına-bozuna baxmadan, rahatlan! 

Adətən bu hal həmin qonşu dövlətdə də təkrarlanır. Qarşılıqlı söyüşmələr, dalaşmalar həmişə idarəçilərin işinə yarayır. Siz savaşa – biz tamaşa!

Hakimiyyət tərəfindən daim düşmən diri saxlanır, lazımı nifrət təbliğatı aparılır ki, xalq düşmənini itirməsin, yoxsa əsl düşmənini seçə bilər.

Sivilizasiya gəmisinə minə bilməyən kiçik xalqlar daim bataqlıqda dalaşa-dalaşa bir az da dibə çökürlər. Uşaqların əlinə taxta silahlar verib başını “tapança-tapança oyunu”na qatan böyüklər isə bu mənzərəyə ancaq qımışa bilərlər. Fikir verin, bütün qara millətlərin hansısa qonşuları ilə tarixi bir ədavəti var. Hansı ki, bu qonşulararası ədavət normal toplumlarda çoxdan çözülüb. 

Vay o hakimiyyətin halına ki, xalqı əsl düşmən olaraq yarıtmaz məmuru, rüşvəti, talançılığı seçə bilir! Bir millətin ki, düşməni haqsızlıq oldu, orada hakimiyyətin işi cəncələ düşür. Gərək onlar həmin düşməni tezliklə məhv etsin ki, millətin aqressiyası sakitləşsin. Öz düşmənini ədalət tərəzisində tapan, içindəki düşmənləri seçməyi bacaran xalqlar bir əsr əvvəldən sosial-ictimai problemlərdən uzaqlaşmağı, rahat yaşamağı təmin edə biliblər. 

Düşmən olaraq ədalətsizliyi hədəfləyən xalqlar hər gün bir addım da önə gedir, çünki idarəçilikdə problemlər daim olur, xalq düşmənsiz qalmır. Bir növ cəmiyyət iki gözünü zilləyib məqam gözləyir ki, dövlət məmurları “quşlasın”, hansısa ədalətsizliyi xəyalından keçirsin, millət də sosial şəbəkə, KİV və küçələrdə bu hadisəyə qarşı bütün aqressiyasını töksün! 

Məhz belə olduqda - millət, xalq əsl düşmənini çözə bildikdə hakimiyyət də, günü-gündən daha ideal idarəetmə üsulu tapmağa məcbur olur. Xalq qazanır!