Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

10 сент. 2020 г.

Payız bülbülü


Bir çiçəyin bülbülü ötən payız ötürdü

Bir qaraquş dinlədi... səsi göyü götürdü...

Bülbül qonan budağın yarpaqları sarıydı

Bülbül qopan budağın üzü göyə sarıydı

Budaq dua elədi xırda budaqlarıyla

Dualar göyə uçdu payız yarpaqlarıyla

Dedi: hər damlam mənim baharın bir ləçəyi.

Öldürmə bir bülbülü, küsdürmə bir çiçəyi.

Göylərdən səda gəldi: "Bülbül vaxtsız oxuyub.

Nəfsi ac qaraquşun, nəfəsi qan qoxuyub.

Bülbüllər payız oldu, susub gizlənməlidi.

Yeni bir bahar üçün, mahnı dilənməlidi".

Budağın altda torpaq yarpaqla sap sarıydı

Bülbül qonan budağın üzü yerə sarıydı.

Bülbülün oxuduğu o il qışsız ötüşdü.

Qar yerinə torpağa bəyaz ləçəklər düşdü.

Ləçəklərdən az əvvəl hər yanı səs bürüdü

Çartlaq tumurcuqlardan bülbül dili göründü.

Oxuduğu ağacın körpə budaqlarıydı.

Üzün tutub bahara bərkdən salamlayırdı.

O gündən bəri otlar qanlı quş lələyidir

Payızın göz yaşları bu gülün ləçəyidir.

Bu çiçəyin bülbülü ötən payız ötmüşdü...

Ötən payızdan bəri qış harasa getmişdi.

2010