Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

25 июл. 2014 г.

Xoşbəxtlik

İlk hekayəsini yazdığı gündən əminliklə düşünürdü ki, böyük yazıçıdı. Təəssüf edirdi ki, onu sağlığında
qiymətləndirən yoxdu. Sağlığında qiymətləndirilməyən dahiləri xatırlayanda qürrələnirdi. Hərçənd, simasından çox da qürrəli günlər yaşayan adama oxşamırdı. Gözləri başının içərilərinə çəkilmişdi. Bığ saxladığı gündən bəri elədiyi adətə uyğun saralmış bığnın uclarına toxundu. Sonra bu toxunuşdan doğan – qəribəliyi hiss olunmayacaq qədər zəif təbəssümlə əlinin qaşınan yerini dünən qırxdığı üzünün daha cod tüklənən hissəsinə – çənəsinə sürtdü. Sonuncu romanını xatırladı – “Peyğəmbər”i. “Heç olmasa bu roman qiymətini alaydı” – deyə düşündü. Ardınca buna görə yenə cəmiyyətin bütün təbəqələrini acı-acı qınadı. Sonra simasına təlqin elədiyi böyüklük ədasıyla pencəyini daha bir dəfə çiyinlərini oturtdu. Həyata məğlub olub başındakı “mağaralara” çəkilən gözlərini ömrünün 76-cı baharından yığışdırıb yavaşca otağa girdi.
       İki gün sonra qocanın üzündə bir ömür gəzdirdiyi murdar ümiddən əsər-əlamət qalmamışdı. Əvəzində ağarmış simasına bir çimdik təəssüf və birömür rahatlıq hopmuşdu. Yaxşı ki, hazırda yasin zümzümə edən mollanın durduğu yerdə ötən axşam şeir deyən kürən oğlan uzun mübahisədən sonra qocanı yazıçı olmadığına inandıra bilmişdi.

Ehtimal

                                                       
Yolun kənarındakı dərənin ağzına torpaq töküb-töküb üstündə mağaza tikdiklər. Elə həmin gündən o, qoca əlində “Ehtiyatlı olun, bu mağaza tezliklə aşacaq” yazılmış lövhə ilə dükanın qabağında dururdu. Satıcı dükanı açanda əlilövhəli qoca mağazanın qarşısında oturur, satıcı nahara gedəndə o da qeyb olur, sonra qaş-qaralanadək yenidən oralarda görünürdü. Bir gün həmin mağaza aşdı.

Bahar


- Ana, atanı niyə bağlayıblar?
 - Yıxılmasın deyə.
 - Bəs boğazından niyə bağlayıblar?
 - Heç vaxt yıxılmasın deyə. 

 Dar ağacından səs gəldi:
 - Oğlum, öpdüm səni.
 - Hanı?
 -...
Üçüncü baharıyla indicə müjdələnən balacaya belə çətin sualı kim öyrətmişdi?
Şair yenə nəsə pıçıldadı:
 “Bu yarpaqlar siçan qulağı deyil, bülbül dili boydadı. Yaz dil göstərdi daha qışa. Biri pardaq, biri qönçə qızılgüllərlə göz vurdu bahar qışa. Bir salxım...”
 Gülümsədi...
 Gülümsədi ki, traktor çömçəsindən yox, məmləkətin yeganə dar ağacından asıldı. 

 Asılmadı. “...bir salxım şair gətirdi o bahar dar ağacı”.

Sərdar Amin

24 июл. 2014 г.

Bela Tarrın “Turin atı”ndan “yıxılmağı”

Hər şey uşaqca verilən bir sualdan başlayıbmış: “Hamı danışır “Nitçşenin Turində atı qucaqlamağı”ndan
Nitçşenin sonu məlum,
gözləri doldu, filan…
daha 10 il yaşadı.
Bəs atın taleyi necə oldu?”

            *      *      *

Film ağ-qaradı, qocanın saçları çal
Musiqi çal, Tarr!
oxu Tarr!
Film ağ-qaradı,
lampanin tüstüsü boz
Bayırda çovğun, toz…

Qızın yeməyi hazır olan kimi qoca da stolun başında hazırdı.
çünki qızın bişirdiyi tək yemək kartofdu
kartofu isti-isti soymaq rahat, yemək babat…
üfürə-üfürə…
Süfrə yoxdu, süfrə.

Film ağ-qaradı, kartofun buxarı…
qalxır yuxarı…
Həyata baxdıqları bircə pəncərə var,
Ata-bala ordan növbəylə baxır.
Bəzən qoca israf edib pəncərə qabağında yatır…

 Və bir gün qapı döyülür,
döyülməmiş kimi qəfil açılır və biri gəlib həqiqətlər(in)i söyləyir.
Qoca istəsə ona“ çərənləmə” deyər, istəməsə yox,
Onunsa istədiyi içki idi,
Nəfsi tox,
pulunu verdi, çovğunda başına çəkə-çəkə axsayıb getdi.

Çovğundu.
Pəncərədəki ağacı külək yelləyir,
olmayan yarpaqlarını sovurur,
hər səhər hovuzdan su gətirən qızın başına vurur.

 Film qara-ağdı,
qocanın sağ qolu…
Qoca çolaqdı…
Mən nə bilim niyə məhz sağ qolu?
Siz də düşünməyin, olan şeydi.
Əsas odur ki, çovğundu, divarın yarıqları neydi. Oxu Tarr, oxu Tarr…

 Hər gün qızı geyindirir onu, altdan, üstdən
kişi də həmişə qızına baxır başqa-başqa, üstdən-üstdən.
Bəlkə də qızı onun olan yeganə şeyidi.


Sonra pəncərə “deyir” ki, uzaqdan araba gedir.
Sən demə araba getmir, gəlir.
Yollardı da, gedir gəlir.
Ağ atlı qaraçılar təpinir hovuza,
qaraçıları qovurlar,
çovğun yoxdu qaraçılar üçün,
ağsaqqal qaraçı bizim qıza kitab verir:
“Müqəddəs torpaqlar alçaldıldığından bu yerlərdə din yaşamaz, tövbədi labüd”.
Qoca pəncərə qarşısında büt.

İkinci gün atları getmir,
üçüncü gün yemir, içmir…
4-cü gün quyudan su çəkilir,
beşinci gün ata-bala dolu lampaları alışdıra bilmir – “çıraqları sönür”.

 Bela Tarr filmi 6 günlük etdi,
7-ci gün “istirahətə getdi”
çünki “Turin atı”ından “yıxılmışdı”.
          *    *     *
Burda isə çovğun deyil, Ramazandı,
ulduzlar axır, arvadlar gecə saxlayır-mış,
Nitşenin ölən Allahının xatirəsinə bir salavat…
“At muraddı”, murad.

Sərdar Amin.
Elyazma.org