Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

15 апр. 2014 г.

XIX əsrdə Lermontovun, indi eks nazirin yaşadığı ev

Mixail Lermontovun Azərbaycan sərgüzəştləri

Qusarda 177 il əvvəl rus şair Lermontovun yaşadığı ev var, qarşısında da şairin baralyefi... Hamı oranı Lermontovun ev muzeyi sayır. Təəssüf ki, həmin evhələ də şəxsidir. Qonşulara görə 30 il əvvəl yağışlı bir gündə inşa olunmuş xatirə barelyefindən başqabu küçədə Lermontovu nişan verə biləcək heçnə yoxdur. Qafqazda sürgün həyatı yaşadığı müddətdə Azərbaycanla bağlı üç poema, üç şeir yazan şairin hazırda Qusarda nə ev muzeyi var, nə adını daşıyacaq küçə, nə də başqa bir zad...
Hərbçi olmasına baxmayaraq zamanının həqiqətlərini bağıran Lermontov Qafqaza “Şairinin ölümü” şeirinə görə sürgün edilib. Puşkinin ölümünə yazılan həmin əsər 20 il sonra dərc olunmasına baxmayaraqəlyazma şəklində bütün ölkəyə yayılır. Qəribə tale yaşayan Mixail Yureviçin sürgün həyatı da fərqli olur; Lermontov o zaman itaətsizlik ocağı olan Qafqaza cərimə batalyonunda, Quba üsyanını yatırmaq üçün -  yəni ölmək üçün göndərilib.  Lermontov şairliyinə görə sürgün edilir, amma hərbçi kimi. Sürgün həyatını da şair kimi yaşayır. O, Qafqaza çatanda Hacı Məhəmmdəin başçılıq etdiyi Quba üsyanı demək olar ki, yatırılmışdı.
Dünyanın ən nakam şairlərindən olan Lermontov Qusarda yaşadığı qısa müdət ərzində üç poema, üç şeirə “hamilə qalır”. Çiləgirli riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olur, Ləzgi Əhməddən “Aşıq Qərib” dastanını dinləyir. “Aşıq Qərib”, “Qaçaq Hacı”, “Qaçaq İsmayıl bəy” poemalarını, “Xəncər”, “Ayrılıq”, “Gənc ləzgi” şeirlərini qələmə alır. Üzərində daşıdığı zadəgan titulunu, hərbçi buxovunu yırtmağı bacaran şair Qusarda yerli insanlarla yaxınlıq edir. Bu məqam şairin “Molodoy Lezginets” (Gənc ləzgi) şeirində səmimi hiss lunur. “Xəncər” şeirində isə şair ləzgi qızı qaragözlü Zöhrənin prototipini yaradır.
Lermontov Qusarda 1837-ci ilin payızında, o zaman “Zabitlər küçəsi” adlanan küçədə hərbi həkim Marşevin evində yaşayıb. Həmin küçə indi Fəxrəddin Musayevin adını daşıyır. Bütün ədəbi və sənədli mətnlərdə Lermontovun yaşadığı bu ev şairin ev muzeyi kimi təqdim olunur. Elə qonşularla söhbətim zamanı da onlardan “şairin evi” ifadəsini eşidib sevindim. Sonra dedilər ki, söhbət şair Lermontovdan yox, keçmiş Mənzil Komunal Təsərrüfatı Naziri Şair Həsənovdan gedir.
Hazırda qapısı qıfıllı olan mənzildə adam gözə dəyməsə dəyay mövsümündə evdə yaşayış olur. Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilov bu mənzilin Lermantovun ev muzeyinə çevirmək planının mövcud olmadığını deyir. Səbəb kimi şairə məxsus əşyaların kifayət qədər olmadığını və mövcud əşyaların hamısının Qusar Tarix Diyarşünaslıq Muzeyində qorunduğunu bildirir. Qeyd olunan muzeyin direktoru  Xatirə Nağıbəyova muzeydə saxlanılan əyşaların Lermantova məxsus qələm (pero), qələmdan, mürəkkəb qabı, şairin gipsdən hazırlanmış XX əsrə aid barelyefi və digər azsaylı aksesuarlardan ibarət olduğunu deyir. Ancaq Xatirə xanımın sözlərinə görə Qusar sakini Robert Səmədov adlı bir şəxsdə Lermontova aid daha bir neçə əşya olubmuş. Sözügedən şəxs hətta bu əşyalar arasında şairin çarpayısının, kitablarının və digər çoxsaylı ləvazimatlarının da olduğunu bildirib. Ancaq əşyaların muzeyə təhvil verilməsi məsələsi qeyri müəyyən səbəblərdən alınmayıb. Dahi şairin Qusarda qalmış izlərini aşkarlamaq üçün Robert Səmədovu axtardıq. Axtarış təəssüflü sonluqla bitdi: o, bir neçə ay əvvəl dünyasını dəyişib...

Yəqin ki, əlaqədar qurumlar həmin əşyaları bir yerə toplayıb, şairin Azərbaycanla bağlı xatirələrini, əsərlərini komplektləşdirib yaşadığı evdə muzey yarada bilər. Axı bu gün dünyada Lermontov kimi məşhur insanların sadəcə əyilib su içdiyi bulaqda belə abidə tikilir, muzey yaradılır. Lermontov isə sanki bizi düşünüb, Azərbaycanda olduğu qısa müddət ərzində 6 əsər yaratmaqla yanaşı, kifayət qədər əşyasını da xatirə kimi burada saxlayıb.
Nakamlıq Lermontovun təkcə alnına deyil, xatirəsinə da yazılıb: şairinin doğumunun 100 illik yubileyinə I dünya müharibəsi, ölümünün 100 illiyinə isə II dünya müharibəsi təsadüf edib. Bu günədək şairinin heç bir yubileyi təntənə ilə qeyd olunmayıb. 2014-cü ildə Lermontovun anadan olmasından 200 il keçir. Ümid edək ki, tarixin Lermontov üçün tutduğu “nakamlıq orucu” heç olmasa bu il pozulacaq.