Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

5 нояб. 2021 г.

Anamı ağlatdığım gün

 Xatirələrimi, fərdi əhvalatlarımı matah bir şey imiş kimi sizə təqdim edib göz yaşı, mərhəmət ummaqdan həmişə uzaq olmuşam. İlk dərs günümü sizinlə bölüşməyim də bu istəkdən xeyli iraqdır.


Ancaq həmin günə qayıtsaq, düşünürəm, bu günün ictimai problemlərindən birini fərqli baxışla seyr edə bilərik.


Atam ayrı rayonda dərs deyirdi, pul o qədər dəyişirdi ki, bəzən maaşına bir kisə un ala bilmirdi.


1994-cü il, sentyabrın 1-i...


Anamla kənddə qarğıdalı ləklərindən alaq təmizləyirdik. Gün doğurdu. Bu vaxt ağ-qara geyinmiş bir dəstə uşağın məktəbə getdiyini gördüm. Bərkdən nəsə danışa-danışa tərəvəzimizin yanından keçən torpaq yolla şütüyürdülər. Atamgil yaşımı məndən gizləsələr də, özüm nəsə hiss eləyirdim.


Qarğıdalıların arasında üzü o yana əyilib alaq eləyən anamdan soruşdum:


- Mən niyə məktəbə getmirəm?


Anamdan səs çıxmadığını görüb təkrar-təkrar eyni sualı verdim. Anam susurdu...


Sonra qarğıdalılardan birini əyib anamın belinə vurdum:


- Mama, niyə getmirəm?


Axırda bezib qabağına keçdim. Üzünü yana çevirsə də, gördüm... Ağlayırdı.


Onda anladım ki, burda nəsə baş verir və bu baş verən hər nədirsə, mənim anlayacağım bir şey deyil. Əllərimi cibimə qoyub uzaqlaşdım...


Məktəbə 7 gün sonra getdim. Bibim iki dəftər verdi, atam yekə kişi ketaları gətirdi... İki dəftəri də bacımdan qalma yekə rezin çantaya atıb yola çıxdım.


Anam demişdi ki, o sarısaçlı qız da səninlə yaşıddı, hara getsə, arxasınca düş, hansı sinfə girsə, sən də gir. Müəllimə de ki, oxumağa gəlmişəm.


7 gündən sonra yarı-köhnə, yarı-təzə paltarım düzəlmişdi. Kitablarım, qələmim, karandaşlarım yox idi, ancaq əl-ələ verdik, oxuduq...


Hər il əlaçı oldum. Məktəbi bitirəndə ən çox balı da mən yığdım.


Bütün bunlar travmadırmı?


Bəli!


Ancaq bizi var edən də elə həmin travmalar və o travmalarla davranışımız deyilmi?


Mən pişik balası kimi həmin travmalarla oynaya-oynaya böyüdüm.


Bu gün məni məktəbə apara bilməyən anamı da, dərsə 7 gün gecikməyimə səbəb olan atamın da məcburiyyətlərini başa düşürəm. Ağır da olsa, o daşları hamısını yerinə oturtmuşam.


Xatirələr insanın enerji batareyalarıdır. Bir ömür onların gücüylə addımlayırıq. Hərdən həmin günləri gövşəyib gülümsəyirik, duyğulanırıq. Həmin travmalar mənim atom enerjimdi.


Travmalarını bəhanə edib rahatlığına qaçan, sızlayan insanlara həmişə tənbəl kimi baxmışam. Hər kəs travmaları boydadır. Bizim yetişməyimizin, insanlığımızın, şəxsiyyətimizin göstəricisi elə başımıza gələn ağır hadisələrlə, faciələrlə davranışlarımızdır.


“Biz böyük adamlarıq, azman kişilərin çiyinlərində”.


Mənim atam böyük kişidir!


Onunla həmişə fəxr etmişəm. Elə ilk dərs günündən bu yana atadan ummaq, keçmişə görə göz yaşı tökmək yox, özümü aşmağa çalışmışam.


Bu gün qızım Asiyanı 1-ci sinfə apardım...


Gülürdü...


Qırmızı qalstuk, qırmızı ayaqqabı...


Cərgədə ikinci durmuşdu.


Həm də tərsinə, bizə baxırdı.


Çox keçmədi, müəllimi gəlib onu üzü qabağa döndərdi.


Ondan sonra daha geri baxmadı.

25 февр. 2021 г.

Kiçik xalqlar üçün uydurulmuş düşmən oyunu - Qonşu ilə tapança-tapança


Xeyir və şər əzəli rəqiblərdir və bu ikilinin paralel addımlaması bəşəriyyəti inkişafa aparan ən ümdə mübarizədir. Əksər dini təlimlər də məhz bu mübarizənin üzərində bərqərardır. 

İnsan özünə düşmən, rəqib, yaxud da bir əks qütb tapanda yaşamı rənglənir. Sevgisini dosta, nifrətini həmin şəxsə, qütbə püskürərək içini boşaldır. 

Nifrət, qəzəb, acı qütbü tapılmayanda insanda yaranan neqativ potensial onu qaraldır. Hə, sözsüz ki, irfan əxlaqında yoğrulan, arifliyə qalxan insanlar o neqativi sevgiyə çevirib şəri xeyirə xidmət etməyə məcbur edə bilir, ancaq mövzumuz bu deyil, mövzumuz özümüzük – bu fani dünyada qayğılarla, sevgilərlə, davalarla yaşamağı özünə sığdıran dünya adamı...

İnsan düşmən tapmayanda narahat olur, nifrət ifrazatından xilas olmağa bir məntəqə tapmır. İçində saxlamaqdan yorulur, bəzən uğursuz bir yerdə kinini tökərək rəzil olur.

Sivilizasiya, innovasiya, yeni dünyayla ayaqlaşa bilməyən toplumlara həmişə ümumi bir düşmən tapılır ki, ayrı-ayrı obyektlərdən yığdığı əsəbi də həmin ümumi düşmənin üzərinə boşaltsın. Məsələn, rüşvət, məmur özbaşınalığı, təhsildəki problemlər, səhiyyənin yarıtmazlığı vətəndaşı təngə gətirəndə, bu problemləri deməyə tribuna, istiqamətləndirməyə ünvan tapmayanda onun qarşısına ümumi bir düşmən çıxarılır: bir qonşu millət! Döşə ağına-bozuna baxmadan, rahatlan! 

Adətən bu hal həmin qonşu dövlətdə də təkrarlanır. Qarşılıqlı söyüşmələr, dalaşmalar həmişə idarəçilərin işinə yarayır. Siz savaşa – biz tamaşa!

Hakimiyyət tərəfindən daim düşmən diri saxlanır, lazımı nifrət təbliğatı aparılır ki, xalq düşmənini itirməsin, yoxsa əsl düşmənini seçə bilər.

Sivilizasiya gəmisinə minə bilməyən kiçik xalqlar daim bataqlıqda dalaşa-dalaşa bir az da dibə çökürlər. Uşaqların əlinə taxta silahlar verib başını “tapança-tapança oyunu”na qatan böyüklər isə bu mənzərəyə ancaq qımışa bilərlər. Fikir verin, bütün qara millətlərin hansısa qonşuları ilə tarixi bir ədavəti var. Hansı ki, bu qonşulararası ədavət normal toplumlarda çoxdan çözülüb. 

Vay o hakimiyyətin halına ki, xalqı əsl düşmən olaraq yarıtmaz məmuru, rüşvəti, talançılığı seçə bilir! Bir millətin ki, düşməni haqsızlıq oldu, orada hakimiyyətin işi cəncələ düşür. Gərək onlar həmin düşməni tezliklə məhv etsin ki, millətin aqressiyası sakitləşsin. Öz düşmənini ədalət tərəzisində tapan, içindəki düşmənləri seçməyi bacaran xalqlar bir əsr əvvəldən sosial-ictimai problemlərdən uzaqlaşmağı, rahat yaşamağı təmin edə biliblər. 

Düşmən olaraq ədalətsizliyi hədəfləyən xalqlar hər gün bir addım da önə gedir, çünki idarəçilikdə problemlər daim olur, xalq düşmənsiz qalmır. Bir növ cəmiyyət iki gözünü zilləyib məqam gözləyir ki, dövlət məmurları “quşlasın”, hansısa ədalətsizliyi xəyalından keçirsin, millət də sosial şəbəkə, KİV və küçələrdə bu hadisəyə qarşı bütün aqressiyasını töksün! 

Məhz belə olduqda - millət, xalq əsl düşmənini çözə bildikdə hakimiyyət də, günü-gündən daha ideal idarəetmə üsulu tapmağa məcbur olur. Xalq qazanır!

11 янв. 2021 г.

Dostoyekvski Hitlerin müəllimi kimi - Dostoyevski - Nitsşe - Hitler zənciri


Dahi rus yazıçı Fyodor Mixayloviç Dostoyevskinin  epilepsiya xəstəsi olduğu heç kəsə sirr deyil. Bir epilepsiya xəstəsinin ürəkgetmə anında keçirdiyi hissləri yəqin ki, bədii əsərdə Dostoyevski qədər həssaslıqla qələmə ala bilən ikinci yazıçının olduğu da inandırıcı deyil. Yazıçının ən məşhur əsərlərindən olan "İdiot" romanının qəhrəmanı knyaz Mışkinin (idiot) səhhətində canlandırılan bu xəstəlik elə qəhrəmanın gözü və ruhu ilə qələmə alınıb. Qəhrəmanın ruhi və psixi durumu üzərində onun xəstəlikdən çəkdikləri, ələlxüsus da bu xəstəliyin spesifik göstəricilərindən olan ürəkgetmə zamanı nələr yaşadığını oxuyanda bu eyni xəstəliyə düçar olan müəllifin öz yaradıcılığına epilepsiyanın təsiri də aydın görünür.


Mışkin bayılma zamanı sanki iki dünya arasında, qısa anda müdhiş bir bəyazlıqda var gəl edir, dini nəzərlə baxdıqda sanki ərafda olur. Və bu zaman onun düşüncələrində bir aydınlanma, xoş bir rahatlanma baş verir. Çox qısa an kəsiyində beyninə olduqca orijinal fikirlər gəlir. Yazıçı bu anı elə həssaslıqla qələmə alıb ki, onun həyatı ilə tanış olmayan bir oxucu Dostoyevskinin özünün eyni xəstəliyi, xüsusən də, epilepsiyanın kuliminasiya nöqtəsi olan bayılma anını yaşadığına əmin olur. Dostoyevski yaradıcılığını analiz edən tənqidçilər, yazıçının müasirləri olan ədəbiyyat adamları bu və ya digər formada onun mətnini ayrı kateqoriyaya aid edir, bəziləri bunu xəstə ədəbiyyat adlandırır. Bu məqam bir daha insanda epilepsiya xəstəliyinin dahi yazıçının qələminə təsiri mövzusunda şübhələr oyadır.

 

Dostoyevski dünya ədəbiyyatına bir sıra yeni ideyalarlarla yanaşı bu gün də dartışılan, paradoksallığı ilə aktual olan yetərincə radikal fikirlər qazandırıb. Ədəbiyyatsevərlərə gizli deyil ki, Dostoyevski yüzlərlə alimin, yazıçının olduğu kimi alman filosof Fridrix Nitsşenin də sevə-sevə mütaliə etdiyi, bəhrələndiyi müəlliflərdən idi. Sonralar bəzi mənbələrdə "Raskolnikov nəzəriyyəsi" kimi göstərilən Dostoyevskinin "Cinayət və cəza" romanının qəhrəmanı Rodion Raskolnikovun məşhur ideyası (ali məqsədlər uğrunda insanın insan öldürməyə mənəvi haqqı var) Nitsşenin təlimlərində bu və ya başqa formada özünü göstərməyə başladı ("üstinsan" arzusu və b.) Daha sonralar dünya Nitsşe ideyalarını  daha qəddar, daha radikal və təhrif olunmuş halda həyata keçirən bir insanı - Adolf Hitleri tanıdı. (Üstün irq nəzəriyyəsi) Hitleri böyükdən kiçiyə hər kəsin necə insan kimi tanıdığını yazmağa ehtiyac böyük olmasa da, təkcə onu demək yetər ki, onun başlatdığı II Dünya Müharibəsində 47  milyon adam həyatını itirdi. Baxmayaraq ki, bu günkü "alman nizamı"nın (alman dəqiqliyi) qurulmasında Hitlerin əməyinin böyük olduğunu düşünənlər də var.  Bəlkə də bəzi oxucuların yetərincə radikal uyğunlaşdırma olduğunu düşünəcəyi bu ardıcıllıq Dostoyevski, Nitsşe yaradıcılığına və Hitler dağıdıcılığına bələd insanları düşündürməmiş olmaz. Təbii ki, Dostoyevski bu düşüncələri bədii mətn formasında ortaya qoymuş, Nitsşe bu ideyalardan daha istiqamətverici yazılarında təsirlənmiş, nasistlər həyata keçirdiyi siyasi xəttdə "bəhrələnmişdi". Təbii ki, bu gün heç kəs faşizmin fəaliyyətində birbaşa nə Dostoyevskini, nə də onun qəhrəmanlarını günahlandıra bilməz. Burada üç yetərincə individualist insanın - hansı ki, bunların ikisininin bir sıra ideyaları dünyanın bir çox yerlərində hələ də daşlanır - ardıcıl bəhrələnmə nəticəsində əlaqələnmiş və bəzən orijinallıq xətrinə radikallaşdırılmış ideyalar zəncirinin topundan söhbət gedir. Təbii ki, bu zəncirdə Dostoyevski halqasını görmək üçün Dostoyevskinin qəhrəmanı olan Raskolnikovun məşhur ideyası azlıq edir, yazıçının cinayət, ölüm, sülh, müharibə haqqında qalmaqda olan müsahibə və fikirləri də nəzərə alınmalıdır. (1876-cı ildə yazıçının "Qolos" qəztində dərc olunan müharibə haqqında müsahibəsi) Amma təqdimatının da daha kompakt göstərilməsi mümkün olan Raskolnikov obrazının gələcək sənətə və həyata təsiri çox diqqət çəkir.

Dostoyevskinin ayrı-ayrı əsərlərinə çəkilən filmləri bir yana, onun əsərləri haqqında yazılmış bədii mətnləri digər yana ayırsaq, yerdə yazıçıdan təsirlənərək yazan yüzlərlə yazıçı, şair, bir o qədər də filmlərində ondan təsirlənən kinorejissor var. 

82 yaşlı yəhudi əsilli amerika kinorejissoru, yazıçı Vudi Allenin film təriqətinə avanqard film ağırlığı ilə "Hollivud film" oynaqlığının arasında cərəyan edən sənət demək asan olar. Ancaq Allen bəlkə də qeyd olunan arealda film çəkən yeganə rejissordur ki, onun üslubu haqqında yuxarıdakı fikri bildirmək səthi yanaşma olar, bu fikri daha dəqiq ifadə etsək Allenin filmlərini avanqard (sənət filmi) kino ilə publika filmlərinin qucaqladığı və hər iki xəttin ən gözəl cəhətləri ilə süslənmiş bir filmlər silsiləsi adlandırmaq olar. 70-ə yaxın bədii filmi olan bu qocaman usta əsərləri ilə həm ciddi sənət cameəsi tərəfindən, həm də milyonlarla ortodoksal kinosevər tərəfindən alqışlanır.

Rejissorun ən çox sevilən filmlərindən olan, son illərin məhsulu "İrrasional adam" (Irrational Man) filminin ilk yarısında əsərin qəhrəmanının (Eyb Lukas obrazını oynayan aktyor Xoakin Feniks) əlində Dostoyevskinin "İdiot" romanı görünür. (Baxmayaraq ki, az sonra müəllif Dostoyevskinin digər bir əsərinə - "Cinayət və cəza"ya göndərmə edəcəkdi). Fəlsəfə müəllimi olan filmin qəhrəmanı tələbələrə mühazirə demək üçün başqa bir şəhərə gəlir. Burada sevimli xanım tələbələrindən biri ilə restoranda söhbət etdiyi zaman qonşu masada oturan qadının dostu ilə paylaşdığı dərdinə qulaq şahidi olur. Qadın qarşısındakına əri ilə boşanma işinin məhkəmədə olduğunu, yaxın günlərdə məhkəmə prosesinin baş tutacağını, nəticədə ərinin vəkili ilə dost olan hakimin uşağı anasından alaraq atasına verəcəyini deyir. Bunu deyib ağlayan qadın sonda Allahdan hakimə ölüm arzulayır. Çünki, hakim ölərsə, uşağının anasında qalma şansı olacaqdı. Ömrü boyu fəlsəfənin dolanbaclarında dolanan, amma reallıqda kimsəyə xeyri dəymədiyini düşünən ortayaşlı filosofun bu an beyninə olduqca radikal bir fikir gəlir: yaşı ötmüş, rüşvətxor bir hakimin ölümü bir uşağı anasına qazandıracaq. Üstəlik bu hakimin ölümü cəmiyyət üçün də xeyirlidir. Eyni zamanda başqa bir məmləkətdən mühazirə üçün qısamüddətli səfərdə olan filosofdan bu ölümlə bağlı kimsə şübhələnə bilməz.  Beləliklə, filosof hakimi öldürmək üçün plan qurmağa başlayır. Bu zaman ərzində onun səhhətində qəribə dirçəliş olur, gümrahlaşır, cinsi problemi aradan qalxır. Beləliklə filosof hakimi səhər idmanından sonra parkda qəzet oxuya-oxuya şirə içdiyi zaman zəhərləyib, öldürür.

Lakin restorandakı məhkəmə söhbətini filosofla yanaşı dinləyən tələbəsi (Cill Pollard rolunda aktrisa Emma Stoun) bir sıra dəlil sübutlar sayəsində cinayəti filosofun törətdiyini anlayır. Saf, vicdanlı tələbə həmən-həmən sevimli müəlliminin təslim olmasını xahiş edir. Filosof göstərdiyi səylərinin yetərsiz olduğunu anlayıb təslim olmaq üçün tələbəsindən 3 gün möhlət istəyir. Cinayətdən sonra həyati sevgisi son həddə yüksələn filosof təbii ki, bu 3 gün ərzində özündən başqa cinayətdən xəbəri olan yeganə adamı - tələbəsini öldürmək üçün tələ hazırlayır.

Lifti gözləyən tələbəsini özünün sıradan çıxardığı liftin boşluğuna atmaq istəyir. İlk cəhdi uğursuz alındığından tələbə-müəllim əlbəyaxa olurlar, bu zaman qızın çantasından günlər öncə filosofun ona hədiyyə etdiyi kiçik əl fənəri düşür. Filosofun ayağı diyirlənən fənər üzərindən sürüşür və cinayətkar özü liftin boşluğundan uçuruma yuvarlanır. Film son dərəcə qorxmuş tələbənin yerdə yanılı qalan fənəri əlində tutaraq qorxa-qorxa ora bura işıq salması ilə sona çatır. 

Raskolnikov obrazını irrasional adam adı ilə canlandıran rejissor Dostoyevskidən fərqli "vaxt tapıb" qəhrəmanını öldürə bilir. "Bu rejissor "qatillliyi" müəllifdən cəsarət, yoxsa cəsarətsizlik tələb edir?" sualı başqa mövzuya aiddir.  Amma Allen bir rejissor illərdir mübahisə mövzusu olan "Raskolnikov nəzəriyyəsi"ni 96 dəqiqəlik filmdə necə həll edə bilərdisə, ondan da artığını etdi.

Bəs orijinallığı ilə milyonlarla oxucunun qəlbini fəth edən, hətta onları şüuraltı olaraq cinayətkarın tərəfində saxlayan, onun həbs olunmasına heyfsləndirən bir obraza -  Raskolnikova - oxucuları açıq haqq qazandırmağa qoymayan hansı məqamdır? Bu suala sanki Vudi Allenin qəhrəmanının - tələbə qızın əlində ora-bura işıq saçan fənər cavab verir: Bu ideyadakı  İŞIQSIZLIQ.