Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

22 янв. 2017 г.

Müsahibə - MİA.AZ

- Salam. Xoş gördük, Sərdar bəy, necəsiz?
- Xoş gününüz olsun. İndi yaxşıyam.
- Sərdar Amin kimdir?
- Ürək çırpıntıları paltarının üstündən belə, görünən bir yazar.
- Yazıçı olmaq asandırmı?
- Bəli, yazıçı olmaq yazıçı kimi yaşamaqdan asandır.
- Bu yaxınlarda sizin "Qaratoyuq nəğməsi” romanınızı oxudum. Olduqca maraqlı idi. Romanda baş verən hadisələrin real həyatla əlaqəsi varmı?
- Təşəkkür edirəm. Məncə, bütün hadisələrin bu və ya digər formada real həyatla əlaqəsi olur. Hətta müqəddəs kitablarda, peyğəmbər və müqəddəslərin cənnət-cəhənnəm haqqında anlatdıqları mənzərələr belə reallıqla uzlaşdırırlır. Düzdür, bu zaman onların təsiri, təbiiliyi azalır. Ancaq başqa tərzdə bunu anlatmaq mümkün deyil. Çünki biz hər şeyi gördüyümüz şəkil və mənzərələrdə düşünə, qavraya bilərik. Əks təqdirdə, yazılanlar heç kəs üçün aydın olmaz və oxunmaz.
- Bəs personajlar, onlar uydurulub, yoxsa hamısı mövcüddur?
- Bilirəm, az öncəki cavabım size qane etmədi. Çünki siz məndən romanda cərəyan edən proseslərin eynisinin reallıqda baş verib-vermədiyini öyrənmək istəyirsiniz. Buna cavab isə birmənalıdır. Romandakı heç bir hadisə reallıqda baş verməyib. Qəhrəmanlarım romanda etdiyi hərəkətləri həyatda etməyib. Ancaq mövcud insanlardır və onlar buna bənzər işləri hər gün təkrarlayır; bəzən bir az kobud, bir az da bəsit. Bəzən də yazılanlardan daha kreativ. Amma eynisi heç yerdə baş verməyib. Məncə, yazıçı yaratdığı mənzərələri reallığa elə şamil etməlidir ki, bunu oxucu həqiqətən də həyatda baş vermiş bir hadisə kimi qavramalı, hətta deməlidir ki, "bunu mən də yaza bilərdim. Sadəcə, bu səhnəni mən yox, məsələn, Sahilə gördü». Ancaq oxucu çox vaxt onu düşünmür ki, Sahilənin yazdığı o səhnə yer üzərində deyil, bir yazarın düşüncəsində baş verib.
- "Qaratoyuq nəğməsi” insanı çox kövrəldir. Ümumiyyətlə, müharibəyə həsr olunmuş bu roman insana çox təsir edir. Müharibənin acısını hamıdan çox duyan gənc Amin Amanlı elə müharibənin qurbanı oldu. Valideynlərini, sevdiyi qızı və ayağını itirir. Bu zavallının artıq həyatının mənası tam itmişdi. Niyə romanın axırı məhz Amanlı Aminin ölümü ilə bitməli idi? Niyə o igid gənc yaşında həyatını itirməli idi? Bu bir qismətdirmi, yoxsa Amini artıq bu həyatda heçnə saxlamırdı?
- İcazə verin, qeyd etdiyiniz iki varianta alternativ variant əlavə edim. Sənət haqqında hazırkı həqiqətim həm də budur ki, sənət insan üçündür. Sənət insana xidmət etməlidir. Romanım insana xidmət edir. Düzdür, bu, düşünülmüş məqsəd deyil. Çünki ədəbiyyat düşünülmüş, planlaşdırılmış olanda, gücünü itirir. Məncə, elə ədəbiyyatın da, sənətin də mahiyyətində duran sevgidir, insandır, sülhdür. Demək istəyirəm ki, Amin ona görə öldü ki, "Qaratoyuq nəğməsi” daha çox yaşasın. Mən oxucularımın bu hiss təzyiqinin altından bədii bir bəhanə ilə də çıxa bilərəm: "Amini həyata bağlayan heç nə qalmamışdı”. Amma yox, mən həqiqəti dedim. Çünki Amini həyata bağlayan bir şeylər qalmışdı. Bir yanda torpaqdan seçilməyən hərbçi paltarı, bu paltarın içində ölmüş bir dünya, qara hərfləri qana bulanmış "Amanova Sona İlyas qızı”na (Aminin anası) məxsus qəbir daşı və bu kompozisiyadan yaranan "Qansız müharibə” əsərinin nida işarələrinə bənzəyən bir cüt qoltuq ağacı vardısa da, digər tərəfdə - uzaqda qaratoyuq oxuyurdu. Qaratoyuq ona görə oxuyurdu ki, bahar gəlirdi. Bu da ümumilikdə böyük bir neqativ hadisənin "Qaratoyuq nəğməsi”nin sonundakı yeni başlanğıcdır. Yəni biz bugünkü insanımıza görə utanmalıyıq. Ancaq yenidən sülhə hopmuş bir həyata başlaya bilərik. Çünki uzaqda da olsa, oxumağa başlayan bir qaratoyuq var.
- Deməli, bəzi gənclərimiz Amin Amanlıdan örnək götürməlidirlər?
- Özləri bilər. Ancaq məncə, romanı oxusalar yaxşı olar.
- Yeni əsəriniz gözlənilirmi?
- Tezliklə yeni roman təqdim etmək fikrim yoxdur. Hazırda düşündüyüm bir-iki istiqamətdə materiallar toplayır və bunları zamanla yoğururam. Əslində ilk romanımı da belə tez nəşr etdirmək fikrim yox idi. Sadəcə, bu ideyanın hazırda cəmiyyətimiz üçün daha əhəmiyyətli olacağını düşündüm.
- Sirr deyilsə, düşündüyünüz iki istiqaməti bilmək olarmı? Yəni yazılacaq romanlar nədən bəhs edəcək?
- Homoseksual taleyindən bəhs edən növbəti romanım birinci şəxsin dilindən yazılacaq. Romanın adınının "Mavi” olacağını düşünürəm. Artıq kitabın üst qabığı və digər elementlərinin necəliyi barədə də düşünmüşəm. Ancaq oxuculardan xahiş edirəm, bu haqda səthi qərar çıxarmasınlar. Çünki romanda tamam fərqli yanaşma olacağını düşünürəm. Bu yanaşma nə cinsi azlıqların ölümünü istəyənlərin, nə də onların kütləviləşməsinin tərəfdarı olanların mövqeyi ilə üst-üstə düşməyəcək. Bu istiqamətdə gizlənmiş bir həqiqət deyək… Düşündüyüm başqa bir sujet xətti isə böyük yazıçı Erix Mariya Remarkın "Qərb cəbhəsində yenilik yoxdur” əsərinin balaca şərq sinonimi - "Şərq cəbhəsindən yenilik” romanı olacaq. Roman müasir Suriyadan bəhs edəcək.
- Nə vaxtdan yazıçılıqla məşğulsuz?
- Doğrusu, yazıçılığa məşğuliyyət kimi baxmıram. Əgər mən yazıçıyamsa, bunu yaşam kimi qiymətləndirirəm. Və nə vaxtdan belə yaşadığımı dəqiq bilmirəm. Ancaq düşünürəm ki, bir fahişənin uşaqlıq şəklinə baxanda ağlamaq istədiyim gündən başlayıb bu tarix.
- Dünya ədəbiyyatından kimləri oxuyursuz?
- Dünya yazıçılarını oxumağa 1997-ci ildən – yəni 9 yaşımdan başladım. O vaxt evimizdə qırmızı cildli, üzərində qara şriftlə "5” yazılan kiril əlifbalı ədəbiyyat kitabı var idi. Oradan Mark Tvenin "Tom Soyyerin macəraları” əsərindən parça oxumuşdum. Parçanın ilk cümlələri indi də yadımdadı:
"- Tom!
Cavab vermir.
- Tom cavab gəlmir…”
Sonra böyük qardaşım gəldi, əlimdən kitabı aldı və dedi: "Bu, mənim "samovar” qaynadan kitabımdı”. Mən də kitabdan gizlicə sözügedən parçanın səhifələrini qopardıb oxudum. Sonra Cek Londonu, Ernest Heminqueyi, Çingiz Aytmatovu, Turgenevi, Tolstoyu, Şekspiri oxumağa başladım. Və bu silsilə bu gün də intensiv şəkildə davam edir. Xarici yazarlarla bağlı seçimim əzəl başdan sadə olub. Adını ən çox eşitdiyim yazıçıları oxumuşam - Hüqo, Dostoyevski, Şoloxov, Moem, Remark, Kafka, Mopassan, Bussati, Markes, Murakami, Alif Şafak və s. Düzdür, az öncə qeyd etdiyim seçim bu gün özünü doğrultmur. Yəni adı daha çox sadalanan yazarları seçə-seçə bü gün səhvən Koelya, Beqbeder kimi yazarları da oxumalı oluram. Çünki əvvəllər dünya çapında ən çox tanınan yazıçılar, əsərləri daha çox nəşr olunanlar ciddi ədəbi əsərlər təqdim edən insanlar idi. İndi bu qanunauyğunluq qəribə şəkildə pozulub. Bu gün Koelyo dünya ədəbiyyatında at oynadırsa… Hazırda əlimdə oxuduğum kitablar Frans Kafkanın "Qəsr” və Umberto Ekonun "Qızılgülün adı”dır.
- Bəs yerli yazıçılardan kimi oxuyursuz?
- Bizim ədəbiyyatın əksər nümayəndələrini oxumuşam. Sevdiyim Azərbaycan ədiblərdən bir neçəsinin adını deməliyəmsə, İsmayıl Şıxlını, Hüseyn Cavidi qeyd edərdim. Gənc yazarları da oxuyuram. Sahilənin "Yuxarı və aşağı ətraflar” romanını bəyəndim. Şərif Ağayarın nəsri ürəyimcədir, hekayələrini daha çox sevirəm.
- Gənc yazıçılar niyə tənqidi sevmir? Bəlkə özlərində nöqsan və qüsurları görmək istəmirlər?
- Yazıqları heç tənqid edən var ki?Müasir ədəbi mühitimizdki durğunluq, ədəbi proseslərin donması, nəticə etibarilə yazarların güzəranının aşağı olması, yeni kitabların səda doğurmaması həm də tənqidçilərin susmasından irəli gəlir. Umberto Eko deyir ki, əsərin doğulduğu gün müəllif "ölməlidir”. Amma gəlin etiraf edək ki, Azərbaycanda müəllifin "öldüyü” gün əsərin "qırx”ıdır. Çox maraqlıdır, tənqidçilər Tehran Əlişanoğlunun, Cavanşir Yusiflinin, Mahir Qarayevin baxışları hara dikilib, hazırda nə oxuyurlar? Əsəd Cahangir dünya ədəbiyyatının hamısını oxuyub, hazırda xarici müəlliflərə tanrıdan ilham diləyir ki, yeni əsərlər yazsın, ancaq bəlkə də bu günə qədər bir gənc yazarımızın romanını sona kimi oxumayıb. Düzdür, müqayisədə dünya ədəbiyatı daha əhəmiyyətli ola bilər, ancaq bu qədər əsər kömək olmursa, hər halda, istiqaməti bizə də çevirmək olar. Azından belə olanda, hörmətli tənqidçimiz öz işinə bir addım yaxınlaşmış olar. Mən "gənc yazıçılar tənqidə dözümsüzdür” ittihamını əsassız sayıram.
- İxtisasca kimsiniz?
- Heç sevmədiyim bir ixtisasım var: vergi müfəttişi. Bununla yanaşı, "ədəbi işçi” ixtisası da almışam. Ancaq məşğul olduğum peşə ürəyimcədir. Televiziya işçisiyəm.
- Bildiyimiz kimi, yazıçı olmaqla yanaşı, siz həmçinin televiziyada aparıcısınız? Bu, yaradıcılığınıza mane olmur ki?
- Bəli, Regional Televiziyanın PR Meneceri və "Yeni səhifə” ədəbi verilişinin aparıcısıyam. Müqayisədə iş yerimin yazar Sərdar Aminə verdikləri aldıqlarından çoxdur. Televiziya işi bir yazar üçün xammal bazasıdır. Eyni zamanda RTV-dəki mühit mənim inkişafıma böyük təkan verir. Ümumilikdə götürdükdə, gündəlik iş rejimi yazar üçün uyğun deyil. Amma gəncik, enerjimiz yetir.
- Poeziya ilə aranız necədir? Şeir yazırsınızmı?
- Romandan əvvəl də şeirlərim olub. İndi də ayda 1-2, bəzən daha çox şeirlərim olur. Məsələn, dünəndən bəri dilimdə nadir hallarda yazdığım bir formada qafiyəli bir bənd yaşayır: Bu gün bir gözəl qız şəkil çəkdirsə, nə zamansa bir cüt göz ağlayacaq. Arvaddan, uşaqdan, başqalarından gizləyəcək, amma söz, ağlayacaq.
- Sevmək, sevilmək hər yaşda gözəldir. Sərdar Amin sevirmi? Sərdar Aminin ürəyinin sahibi, qəlbinin sultanı varmı?
- Ağır söhbət oldu (gülür)… Uşaqlıqdan bu günə qədər sevdiyim heç bir qızı unuda bilməmişəm. Sadəcə, hamısı çilik-çilik olub dağılıb içimə. Tərpəndikcə içimi kəsir. Məncə, jurnalistlər ürəyiyuxa olur. Elədirsə, mənə yazığınız gələr və bu sualdan bir az tez yayınarıq.
– Vətənpərvər insansınız?
- Bu suala cavab olaraq Tomas Painin bir fikrini təkrarlamaq istəyirəm: «Dünya vətənim, bütün insanlar bacı-qardaşım, yaxşılıq etmək dinimdir».
- Dinə münasibətiniz necədir? Dindarsınız? Bu suala da Tomas Painun qeyd etdiyi fikirlə cavab verəcəksiniz?
- Bəli, əlavə olaraq deyə bilərəm ki, dindar deyiləm. Və ümumiyyətlə, dini ritualları, insanın ilahi düşüncələrini məhrəm, intim hisslər sayıram. Və o üzdən belə əlaqələrin paylaşılmasının tərəfdarı deyiləm.
- "Böyük xəyallar qura bilməyən insan heç vaxt böyük adam ola bilməz. İnsan həyatda xoşbəxt ola bilmirsə, bəlkə də bunun adı tənbəllikdi. Yox, əgər xəyallarında da özünə xoşbəxt həyat qura bilmirsə, artıq o bədbəxtdir”. Bu sözlər məhz sizin "Qaratoyuq nəğməsi” romanındandır. Özünüzə xoşbəxt insan deyə bilərsiz?
- Gözəl bir xanım romanımdan sitat gətirdi. Bu an özümə xoşbəxt adam deyə bilmirəmsə, həqiqətən bədbəxtəm.
- Növbəti kitabı nə vaxta gözləyək?
- 2014-ün baharında şeirlər kitabımın nəşrini arzulayıram.
Leyla Namazova