Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

12 сент. 2015 г.

Can... Can... Can...

Təslim olun cənablar

Yay günündə qırğı cücələrimizdən birini vurmuşdu. Caynağına alıb aradan çıxmağa çalışanda düşmüşdüm dalınca; o üstdən, mən altdan bir xeyli qovmuşdum. Cücə bir az ağır olduğundan qırğı çox yuxarı qalxa bilmirdi, elə başımın üstüylə uçurdu. Axır cücəni atıb qaçdı. Bir az yaralanmışdı, evə gətirdim, papa yarasını bağladı, beləcə cücə sağaldı. Amma payızda yenə həmin cücəni qırğı vurdu... Beləcə anladım ki, təbiətlə mübarizə aparmaq yox, ona rahatca təslim olmaq lazımdı.

Söhrap Sipəhri və anasının sükut dolu gecələrinə.


Uzaqlarda narahat-narahat hürən itlər,
Uzaqlarda tez-tez danışan bir şair.
Uzaqlarda indicə ağladı bir uşaq,
Lay-lay deyə-deyə əsnədi bir qadın.

Bu yay gecəsi...
bu yay gecəsi uzaqlarda bəhanə tapmayıb
içinə ulayan tərli yalquzağın diş qıcısı...
bu yana baxan bir əfqan qocası...
Bu yay gecəsi
susa bilməyib yerini bayquşa nişan verdi beş-on bülbüldən biri.
Bir-birinə sürtünən min bir sünbüldən biri.
Bu yay gecəsi "Suyun ayaq səsləri".

Kənddə bir dayının ot tayası yanırdı...


Kənddə bir dayının ot tayası yanırdı. Bir az gecikmiş yanğınsöndürənlər tayaya su səpmək istəyəndə otun sahibi qoymadı. Dedi "dəyməyin, onsuz da tüstü dəymiş otu mal-qara yeməyəcək. Sonra bu qədər zibili kim daşıyacaq həyətdən. Qoy kül olsun heç olmaya..." Sonra da bir siqaret yandırıb çırta-çırtla yanan tayaya tamaşa elədi. Alov səngiyəndən sonra yabanı götürüb külün altında qalan otları da üzə çıxardı ki, onlar da yansın. Sözüm ondadır ki, bəzi insanlarla münasibət elə hal alır ki, adam istəyir həmin o dayı kimi yabanı alsın ələ...
Tüstü iyi verən otdansa, kül yaxşıdı.

4 sentyabr - 1994

1-ci sinifə getməyimdən 21 il ötdü. Elə həmin il Qusara köçmüşdük. Atam Qubada müəllim işləyirdi. Dərs başlamışdı. 6 yaşım çoxdan tamam olubmuş, bilmirdim. Anam da deməmişdi, təxmin eləmişdi ki, məktəbə gedə bilməyəcəm; nə çantam var idi, nə qələmim, nə paltarım - bibim üç dənə dama-dama "Тетрадь" vermişdi, onun da birini qələm olmadığından gəndalaş toxumunu əzib hazırladığım "mürəkkəb"lə pis günə qoymuşdum. Sentyabrın ilk səhərlərindən birində anamla tərəvəzdə işləyirdik. Uşaqlar təkqıç atıla-atıla dərsə gedirdilər. Başladım ki, "mama, mən də məktəbə getmək istəyirəm. Niyə getmirəm? Niyə getmirəm?" Anamsa heçnə demirdi, başını aşağı salıb, alaq çıxarırdı. Mənsə əl çəkmirdim. Qarşısına keçəndə gördüm ağlayır. Daha heçnə demədim.

Uzağa uçan göyərçin

Kənddəki evimiz qonşu kəndə gedən yolun üstündədir. Mən uşaqlıqdan qapımızdan ötüb keçən insanların qonşu kəndə, yaxud qonşu məhəlləyə getdiyini ayırd edə bilirdim. Qonşu kəndə yol alan insanların mənzili uzaq olduğundan onlar qəribə görkəm alıb gedirlər - uzağa uçan göyərçin görkəmi.