Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

11 мар. 2014 г.

Uduzulmuş qərinə

Dino Bussatinin "Tatar çölü"ndə...

Adı  dillərdə dastan olan Bastiani qalasında xidmət edəcəyini bildiyi gün qürur duymuşdu. Qalaya ayaq basdığı an fikri tamam dəyişdi. Tezliklə şəhərə, qarnizona qayıtmaq istədi. Amma qaladan ona bildirirlər ki, geri qayıtmaq üçün azından 4 ay burada xidmət etməlidir. Leytenant Covanni Droqonun Bastiani qalasındakı 4 ay müddətlə başlayan xidməti beləcə uzanır. Məşhur italyan yazıçı Dino Bussatinin qələmə aldığı “Tatar çölü” romanı insanın taleyə boyun əyməsinə tamam başqa yöndən nəzər salır.
Covanni tezliklə belə qənaətə gəlir ki, bu qala bir vaxtlar çox əhəmiyyətli hərbi obyekt olsa da hazırda lazımsız tikilidir. Çünki onun tikilmə səbəbi əsrlər öncə şimal çölündən gələn tatar hücumlarının qarşısını almaq olub. Tatar hücumları isə indi əfsanələşib, keçmişdə qalıb, son yüzildə bu çöldən qalaya heç bir canlı yaxınlaşmayıb.
Covanni qaladan ölü şimal çölünə baxır. Və bu boz, intəhasız çölün müdhiş sehrini duyur, qoxunc cəlbediciliyi hiss edir. Burda qocalan zabitlər, hərbçilər gözünün önündən keçir. Qala dərzisi Prosdoçimo (nədənsə əsəri oxuyanda bu dərzinin adını “prosto çumo” kimi oxuyurdum”) qardaşı Covanniyə deyir: “Mənim qardaşım serjantdı, bu da onlara qoşulub gözləyir, artıq 15 ildir. Amma cənab leytenant, görürüəm isz mənə inanmırsız. Ehtiyyatlı olun. Heçnəyə inanmayın. Yoxsa həmişəlik burda qalacaqsız. Siz bircə qardaşımın gözlərinə baxarsız”.
Gündəlik yorucu xidmətin qaydaları, hərbi qanunlarla öldürülən insani hisslərin həssaslıqla qələmə alındığı romanda diqqət çəkən məqamlardan biri də kapitan Monti ilə onun zəhləsi gedən məğrur Leytenant Anuqstinin dialoqudu. Onlar şimal qonşuları ilə sərhədləri dəqiqləşdirməkdən ötrü yola çıxdıqda kapitan leytenantın ayaqqabılarına işarə edir: “Siz bu ayaqqabılarda əziyyət çəkəcəksiniz”. Anqustini cavab verir, “siz bunu əvvəlcədən də deyə bilərdiz, artıq gecdir”. Beləcə kapitan ayaqları yaralanan, ancaq qürurundan bunu büruzə verməyən, dəstədən geri qalmayan leytenantın yerişindən həzz alaraq ona atmacalar ismarlayır. Anqustini isə sona qədər məğrurluğunu əldən vermir.
Şimallı qoşular mübahisəli zirvəyə Anqustinigilin dəstəsindən tez çatır və ora öz bayraqlarını sancır. Anqustinigil qayanın dibində qalırlar. Şimal qonşuları istehzalı qonaqpərvərlik təklif edərək zivədən ip sallayıb onları kəssə yolla zirvəyə dəvət edir. Təbii ki, onlar bu təklifi qəbul etmir. Bu arada şiddətli qar yağmağa başlayır.  Anqustini onu görməyə gözü olmayan kapitanı kart oynamağa dəvət edir. Kapitan öncə bu təklifi rədd edir. Sonra görür ki, leytenant bunu yuxarıdan onlara istehzayla baxan qonşularının acığına edir. Buna görə razılıq verir. Bir neçə oyundan sonra kapitan oyunu saxlayıb qayanın dibinə daldalanır. Əsərdə qürur nümunəsi kimi təqdim olunan leytenant Anqustini isə şimallı qonşularına rahat görünmək üçün kartı oynamağı tək davam etdirir.
Qaranlıq havada kapitanın çəkilib getdiyi hiss etdirməmək üçün gənc leytenant uydurduğu rəqiblə dialoq da qurur. Məqsəd düşmənlərin gözündə məğlub görünməməkdir. Leytenant üzündə əriyən qar dənəcəklərinin və kapitan Montinin çağırışlarının müşayəti ilə beləcə can verir. 

Bastiani qalasında isə yüzillər sürən yeknəsək həyat davam edirdi. Covanni artıq yaşlanırdı. Hamı nə zamnsa şimal tərəfdən hücum olacağına ümid edir bu ümidlə qocalıb, bu ümidlə də ölürdü. Hamı bu müharibəni gözləyir və bu müharibədə qəhrəmanlıqla öləcəkləri barədə xəyallar qururdu. Covanni də ölümcül şimal çöllərinə baxaraq bu çöllərin sehrinə məğlub olaraq xeyli yaşlanmışdı. Artıq qala rəhbərinin müvinlərindən biri idi. Qara ciyərində yaranan problemə görə yatağa düşmüşdü. Bu zaman bütün qalanı silkələyəcək bir xəbər eşidilir. Prosdoçimo (bəli, yenə Prosdoçimo) Covanninin otağına gələrək onu müharibəylə müjdələyir: 
“ - Şimallılar hücum edir! Onlar qalanın lap yaxınlığındadır!”
 Bütün ömrü boyu bu anı gözləyən Covanni ayağa durmağa çalışır. Ancaq dik qala bilməyib yenidən yatağa uzanır. Qalanın komandiri Covanniyə deyir ki, onun arxasınca rahat bir kareta gələcək, onu şəhərə hospitala aparacaq. Covanninin xahişlərinə, yalvarışlarına, inadına baxmayaraq komandir onu qaladan uzaqlaşdırır. Səbəb: “O xətədir, hazırda qalada olması heç bir işə yaramır və onun otağında 4 sağlam, müharibəyə yararlı zabit gecələyə bilər”.  Komandir hətta, Covanni ona yalvardığı müddətdə otaqda 4 çarpayının yerləşdirmək üçün gözəyarı plan qurur...
Covanni yuxarıda, digər aləmdən uzaq yerdə ömür sürdü. Düşmənləri gözləyərək ömrünün 35 ilini əzab çəkdi. Düşmən qapıda olanda isə onu qovdular. O adamlar ki, şəhərdə oturmuşdular, yüngül və əyləncəli həyatdan zövq alırdılar, bax onlar təkəbbürlü, saymazyana təbəssümlə özgə şöhrətinin ardınca aşırıma gəlmişdi. 
35 illik hərb həyatında üzünə səmimi təbəssüm qonmayan Covanni əsərin sonunda ilk dəfə səmimi gülümsəyir; qaladan qayıdarkən gecələdiyi qaranlıq otel otağında ölümün ona yaxınlaşdığını hiss edir. Son gücünü toplayıb oturacaqdan qalxır, yaxalığını düzəldir, əlilə paltarını səliqəyə salıb boyun əydiyi taleyin tərs üzünə - ölümə gülümsəyir.