Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

19 окт. 2019 г.

Terrens Malikə... - Bəsitdən mürəkkəbə, yenidən bəsitə

- Ana, kürəyim şirin-şirin qaşınır.
- Gözlərini yum, qızım, bir azdan qanadların çıxacaq. Amma qanadlarını unut...

*    *    *

Ey Zati-qədim, nədir bu sirr? Hara gedirik? Niyə gedirik? Bu gün əlimdə qələm böyük bir sual işarəsidir: nöqtəsi mürəkkəb.

İnkişaf deyib meyl elədiyimiz bu tərəf bizi azdırırmı? Bəlkə getdiyimiz inkişafın əks tərəfində son dərəcə bəsitlik var. Hansı ki, bu bəsitlik də ən çətin anlayışlar qədər qeyri-anlaşıqlıdır. Bəlkə bu bəsitlik də insan şüurunun yeyə biləyəcəyi qədər bəsitdir. Bəlkə ən ali həqiqət elə bu bəsitlikdədir. İnsan övladı isə onu ordinat oxunun əks qütbündə - mürəkkbəliklərin ənginliklərində sanır. Bəlkə bu bəsitlikdədir insan ömrünün mənası.

*    *    *

"Bəsit olmaq heç də bəsit deyil."
Dahi Kiarostami "Surəti təsdiqlənib" filmində fəlsəfi bir mövzuya baş vurur...

Film haqqında danışmaq vaxtı deyil, ancaq rejissorun lentə aldığı mövzu orijinal və surət məsələsidir. Burada surət və orijinalın təxminən eyni mahiyyət kəsb etdiyini düşünən iki insan  barədə detal var. Onlar hər ikisi eyni fikirdədir. Lakin biri mahiyyətə varmadan, orijinalın potensialından xəbərsizcəsinə onu surətdən fərqləndirmir. Digəri isə ilk mövqeyindən qoparaq uzun müddət axtarışda olub, müxtəlif dəyərlərə tutunub, orijinala pərəstiş edib, oxuyub, baxıb, ölçüb, biçib və vaqif olduğu son həqiqət yenə də həmin bəsitliyə dönməkdir.

Necə ki, Tolstoyun "Sergi ata"sı həyatın çox üzlərinə bələd olandan, Stepan Kasatskidən "Sergi ata"ya çevriləndən, uzun illər hücrə rahibliyi edəndən sonra yenə də sadə qadın, yazıq Paşenkanın ayaqlarına düşür. Ondan yaşamağın sirrini dilənir, onu həyatının xilaskarı kimi görür.

Necə ki, türk rejissor Zəki Dəmirkubuzun "Bulantı" filminin qəhrəmanı bir gecə işıqlar söndükdə qaranlıqdan qorxur, xidmətçisi olan kasıb qadının evinə gedir, onun şamının işığına sığınır, sonda hər zaman yuxarıdan aşağı baxdığı qadının köhnə corablı ayaqlarını qucaqlayıb ağlayır.

*    *    *

"... böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir - mürəkkəb deyildir ..." ("İxlas"dan)
Bəsitliyin bu sirri nədədir? Niyə insan yenidən bu bəsitliyə düçar olur? Həqiqət bu izaholunmaz bəsitlikdədirmi? Bu bəsitliyi qanmaq üçün çoxmu uzaqlardan dövr etməliyik? Çaşqın üzümüzə nanotexnologiyanın sayrışan işıqları düşməlidir, ən sərt içkilər içməliyik, azından bir dəfə axşamüstü Nyu-Yorka səmadan enməliyik, bir axşam toranlığında İstanbuldan ayrılmalıyıq, atamız ölməlidir, çiyinlərimizi ən kədərli qadınlar üçün yastıq etməliyik, sonra qadın boyda quyuda rəncidə olmalıyıq... sonra sərt cildli yumşaq kitablar oxumalı, tərs qalmış tısbağaları çevirməli, "çovdarlıqda uşaqları uçurumdan qorumalıyıq"...             

*    *    *

"Bəzən də ziyarət xoş olur Zati-qədimi;
Heç istəməm etmək Ona izhari-ədavət.
Bunca əzəmət, heyrətə şayəstə deyilmi?
Şeytana belə göstəriyor rıfkı-nəzakət!"
"Faust" - (Ə.Hüseynzadənin tərcüməsi)
*    *    *

... ardı var?

XXI əsrin qəhrəmanları

Bir neçə il öncə rayon kitabxanalarının birində rəflərin arası ilə var-gəl edirdim. Bu kitabxanaya ilk dəfə gəldiyimdən və içəridə istiqamətverici lövhələrin olmadığından mənə lazım olan kitabları tapmaqda çətinlik çəkdim. Bu zaman orta yaşlı qadın yaxınlaşdı. Ona astadan axtardığım kitabların adını sadaladım. Qadının dediyi cümləni hələ də xatırlayıram: "Əyləncə ədəbiyyatı sağ tərəfdədir". Bəli, xanım bədii ədəbiyyata "əyləncə ədəbiyyatı" deyirdi. Nəzərə alın ki, bu xanım uzun illər kitabların arasında çalışmış ali təhsilli kitabxanaçı idi. İndi düşünün, əsas işi axşam saatlarında işdən qayıdan yoldaşını yeməklə təmin etmək olan, günün ikinci yarısını qonşu həmkarları ilə yaşadıqları binanın kölgə saldığı yerlərdə keçirən, jaketlərinin cibinə "simiçka" doldurub qeybətləşən,  kibritə "ibişkə", siçovula "mışovul" deyən milyonlarla qadının kitaba, ələlxüsus da bədii ədəbiyyata yanaşması necədir?
Bədii ədəbiyyata əyləncə ədəbiyyatı demək bizə qismən sovetdənqalma ənənədir. Amma bu problemi tamamilə sovetin üstünə yıxmaq da düzgün deyil. Bu, həm də detektiv və karyera ədəbiyyatı yazarlarının oxucularına hesabladığı sabun köpüyü fikirlərin insanlarda doğurduğu təəssüratdır. Sözügedən detektiv və digər bu tipli kitabların "əyləncə ədəbiyyatı" adlandırılmasında heç kəsi qınamaq olmaz. Belə kitablara oxucular asudə vaxtlarını səmərəli keçirmək üçün əl atırlar. Oxuduqca da əylənirlər.
Kitaba əyləncə kimi yanaşan oxucular Azərbaycanda milyonlarla olub. Yəni sovet dönəminin əksər oxucuları ədəbiyyata, kitaba gündəlik həyatlarının əyləncə əlavəsi kimi baxıblar. Sovet ədəbiyyatında istisna əsərləri nəzərə almasaq, əksər mətnlər bədii təfəkkürün inkişafına, insanları ciddi mətləblərə səsləməyə, mənəvi hissləri həssaslaşdırmağa deyil, mövcud sosial-ictimai prosesə, ümumi situasiyaya normal münasibət sərgiləməyə, kobud dildə desək, insanları zombiləşməyə səsləyirdi.
Azərbaycanda uzun illər ədəbiyyat saqqal darağı funksiyasını yerinə yetirib. Sovetin bizə "miras" qoyduğu əksər problemlərdən biri də kitaba, kinoya münasibətdir. Avropada incəsənət, mədəniyyət məhsulları əlahiddə diqqətə, sevgiyə, dəyərə layiq olduğu bir vaxtda, biz hələ də kitaba krossvord kimi baxırıq: "Bir saat boş vaxtım var, darıxmayım, kitab oxuyum". Ciddi mətləblərə səsləyən kitabları isə tiryək kimi görürük: "Çox oxuma, axırda başın xarab olacaq".
Televiziya və radionun çox da inkişaf etmədiyi, elektrik enerjisinin fasilələrlə verildiyi, əksər yaşayış məntəqələrində şam işığının hökm sürdüyü illərdə  oxucu sayının çox olması normal idi. Kitaba əyləncə kimi baxan insanlar... Əyləncə vasitələri məhdud... Kitab isə əlçatan.... Bu dönəmlərdə oxucu sayının çox olmasını, qəzet, jurnal, kitab satışının yüksək olmasını rejimin maarifçi siyasətinin aktivinə yazmaq düzgün deyil. Həmin şəraitdə oxucu kitab oxumayıb nə edəcək? Şam işığında ya yazmalısan, ya da oxumalı.
Bacarırsan, ətrafının əyləncə obyektlərilə aşıb-daşdığı, ağıllı telefonların ağlımızı başımızdan aldığı, internetin yaratdığı illüziyanın günü-gündən reallığa çevrildiyi, nanotexnologiyaların əlvan işıqlarının sayrışdığı, gecə klublarının gurultusunun dan yerini sökdüyü bir vaxtda əlinə ağ-qara hərflərlə dolu, heç bir vizual cəzbi olmayan donuq bir əşyanı - kitabı al.
XXI əsrdə kitab oxumaq həm də qəhrəmanlıqdır. Heç kəsə rahat görünməsin. İndi kitab oxumaq hər kəsin bacaracağı bir iş deyil. İnanmayan yoxlaya bilər. XVIII-XIX yüzillikdə bir qılınc zərbəsilə 3 atlı düşməni yıxmaq nə idisə, XXI əsrdə kitab oxumaq da odur. Gülümsəmə...
Təsəvvür et, həmyaşıdlarının hər yarımsaatdanbir səni alışıb-yanan hansısa məclisə dəvət edir, sənsə təkliflərdən imtina edib kitab oxuyursan.
Sosial şəbəkələrdə yüzlərlə alqış alacaq fikirlərini bölüşə bilərsən, amma sən kitab oxuyursan.
Sən kitab oxuyursan, geniş ekranlarda az qala hər kəsin izlədiyi qaynar futbol qarşılaşmaları gedir. Sənlə əylənmək üçün sosial şəbəkədə dəridən-qabıqdan çıxan o insan özünə başqasını tapmaqdadır, amma sən kitab oxuyursan. Telefonun kitab boyda ekranına bir-birindən maraqlı təkliflər gəlir, sənsə burnunu incitdiyinə görə eynəyinin yerini təzələyirsən və kitab oxuyursan. Kitab oxuyursan, onlar həyatda heç vaxt olmayacaq qədər gözəl xanımların, yaraşıqlı bəylərin baş rol aldığı seriallara ağlayır.
Bu an dünyanın bir çox cəlbedici yerlərində ola bilərdin, amma sən bütün bəzəklərdən imtina edə biləcək qədər böyük adamsan, çünki kitab oxuyursan. Sən Tolstoyun, Dostoyevskinin, Hüqonun, Pamukun olduğu yerdəsən. Sən yenə də azman kişilərin seçdiyini seçmisən, əlində kitab var.
Sən daha çox pul qazanmaq üçün kapitalizmin amansız fürsətlərindən yararlanıb haradasa acından titrəyən bir uşağın boğazından kəsən insanlardan biri ola bilərdin,  amma qoltuq cibini deyil, onun altını doldurursan.
Artıq yəqin ki, çoxu yatıb. Ehtiraslı filmlərə baxanlar da, tüstülü salonlarda mərcə girənlər də, spirt qoxulu barlarda başqalarını təqlid edə-edə oynayanlar da. Amma sən hələ də kitab oxuyursan. Qaratoyuq həyəcanlı səslə dan yerinin söküləcəyindən xəbər verir. Sən oxuyursan. Artıq yat, qurban olduğum. Yat, gözəl insan. Az sonra səsli saatın səni yorğun gözlərlə işə yola salacağından da üzülmə. O yorğun gözlərdə mürgüləyən inqilabi sevgi dəyişməyəcəkmi dünyanı?

Ədəbi mühitdə qruplaşmalar

Türkiyədə də belə oldu; bir qrup yaradıcı şəxs toplaşaraq cəmiyyət qarşısında öncə sənət ilğımı yaratdılar. Toplum asta-asta ilğıma sarı gəldikcə həmin yaradıcı gənclər - hansı ki, onlar jurnalist, rejissor, yazıçı, aktyor və digər sənət sahibləri idilər - həmin ilğıma bənzər dekorasiya qurdular, ardınca bu dekorasiyanın arxasında öz sənət əsərlərini yorulmadan sərgiləməyə başladılar. Rejissor film çəkərək "pas"ı jurnalistə ötürür, jurnalist süni piarla bu filmi toplumun həssas nöqtələrinə yaxınlaşdırır, effektiv ortam yaradır, bu ortama cəmiyyətin hörmətlə yanaşdığı yazıçı, aktyor və digər oyun iştirakçıları dəstək olurdu.

Məsələn, Türkiyənin, eləcə də dünyanın məşhur sənətçilərindən olan Cem Yılmaz öz publikasını ləng sənət filmlərinin müəllifi, toplumun diqqətini çəkməkdə aciz olan həmkarı Zəki Demirkubuza yönəldəcək qədər cəsarətli, uzaqgörən və insaflı davrana bilir. Canlı efirdə aparıcının "siz kimin filmlərini sevirsiz?" sualına verdiyi cavabında Cem gücünü toplumun diqqətini oğurlayan, tamaşaçının gözünü qamaşdırıb filmlərilə pul qazanan rejissorların deyil, Nuri Bilgə Ceylan, Semih Kaplanoğlu, Yavuz Turqul, Zəki Dəmirkubuz kimi sənətkarların adını çəkir və ona zillənmiş milyonlarla pərəstişkarını bu rejissorlarla maraqlanmağa çağırır. Təsəvvür edin, canlı efir bitən kimi milyonlarla insan "google"da Z.Dəmirkubuzun, N.B.Ceylanın adını yazır və bu rejissorun filmlərilə maraqlanır. Beləcə, türk kinosu "Yeşilçam"dan "Kann"a yüksəlir.

Bu sözləri qardaş ölkənin ədəbiyyatı, musiqisi və digər sənət sahələri haqqında da deyə bilərik. Əks halda alov, su, vulkan qədər kükrək və dəyişkən bir gücün - toplumun qarşısında incədən də incə incəsənətlə çıxmaq və onların diqqətini çəkmək qeyri-mümkün olar. Fərdi qaydada cəmiyyətə sənət aşılamağa çalışan sənətkarlar zamanla kədərə qərq olmuş, bəziləri intihar etmiş, başqa biriləri isə peşəsini dəyişərək təbiətə xəyanət etmişdir.

Bu birliyi qruplaşma, birləşmə, monopoliya - istənilən sözlə adlandıra bilərsiniz, ən vacib məqam odur ki, həmin birliyin arxasında bərqərar olan sənət uzaq-uzaq  üfüqlərdə görünməyə güc tapır. Bir ölkənin sənətlə fəth etdiyi ərazini heç bir sərkərdə geri ala bilməz.

Azərbaycanın ədəbi və sənət mühitində isə "qruplaşma" anlayışı digər sahələrdə olduğu kimi neqativ məqamlarda səslənir. Elektron sənət portalları və yeni ədəbi birliklər ətrafında toplaşan gənclər adətən gücünü həmkarları üzərində göstərir, sənət adına yalnız bir yer varmış və o yer uğrunda mübarizə aparırmış kimi mühiti bulandırır, nəticədə bulanıq bir ənənə yaradırlar. Əksər sənət saytlarına rəhbərlik edən şəxslərin öz yoldaşlarına tez-tez meydan verməsi, yalnız öz təbliğatlarını apararaq digər istedadlı həmkarlarını bu tribunalardan uzaq tutması təxminən 7-8 il ərzində Azərbaycan ədəbi mühitini iflic etdi. Həmin səbəbdəndir ki, hazırda ədəbi mühitimizdə qruplaşan gənclər həmkarları tərəfindən daşlanır. Halbuki saf amal, sənət uğrunda birləşmək və bu birliyin sayəsində öncə öz ölkəndə uyğun müstəviyə qalxmaq, ardınca dünya arenalarına çataraq öz coğrafiyanda boy verən sənəti təqdim etmək gözəl ənənə sayılmalı idi.

Təbii ki, qruplaşmaların neqativ imic yaratmasına səbəb burada toplaşan şəxslərin xidmət etdikləri amalla bağlı olub. Qruplaşmanın gücündən istifadə edərək ədəbiyyata istedadsız şəxslərin sırınması kal, subyektiv zövqə hesablanmış qeyri-bitkin məhsulları "əsl sənət" adı altında oxuculara oxutmaq və s. kimi əməllər də "qruplaşma" anlayışına xələl gətirib.

Təəssüf ki, yenidən mühitimizdəki qruplaşmaları pisləməyimizlə və gileyi davam etməyimizlə də az əvvəl dediyim bulanıqlığa xidmət etmiş oluruq.

Nə gözəl ki, artıq əsl sənət ətrafında yekdil olan, müxtəlif bacarıqlarını birləşdirərək avanqard mövqe tuta bilən sənət adamları yetişir. Ümid edək ki, sənət ocağı ətrafına toplaşan bu şəxslər tezliklə ədəbi mühitimizdə əsl qruplaşma ənənəsini yarada biləcək və bütün sənət adamları müqəddəs amal uğrunda - əsl sənət naminə bir-birinə dəstək verməkdən usanmayacaq.

Bütün baharlara - ŞEİRLƏR

İkincilərə

Bax, Ameli, yenə dovşan çıxacaq

Bu uzunbığ sehrbazın əlindən.

Bax, verməsən o qırmızı dəsmalı

Heç nə gəlməz yaramazın əlindən.



Yenə sabah o filləri döyəcək

Qamçı onun, yarıtmaz zor onundu.

Xortumların dik tutar səni görcək

Mən bilirəm, fillər sənin dostundu.



Salınarsan tənin boyda çənbərə

Tən ortadan... bu şəlalə qamətin.

Sağ tərəfdə ayaqların tərpənər

Sol tərəfdə gülümsəyər sifətin.



İzlərimi tapdayan ayaqlarım

Qopsun, getsin, gəzsin ayaqlarınla.

Qoy uzanım bu qabırğa çənbərə

Alma yeyim gülümsəyən yarınla.



Hamı səni ikincitək alqışlar

Bilməzlər ki, yeganə canbaz sənsən.

Heç kim belə gözəl yarı bölünməz

Bax, Ameli, əsl sehrbaz sənsən.




Mən əbruyam...



Mən əbruyam su üstündə...

sərin meh çəkib rəsmimi.

Bir yarpaq əsir üstümdə

əsir, hey əsir tərs kimi.



Alacaq bu yarpaq məni

götürəcək tərs üzünə.

Yenə bir meh əssə, əsdi...



Mən əbruyam su üstündə

sərin meh çəkib rəsmimi

Orda üzən nilufərin...



Günəş də qüruba enir

Yenə bir meh gəlir, sərin.

Mən boyda bir yarpağı var

                        orda üzən nilufərin.





1.84

Cəlil Cavanşirə



Bu yumru kainatın gözəl, yumru adamı,

Zəlil olmuş bu günəş çox yorurmu adamı?

Bilirəm, zəhlən gedir gündüzlərin adından

Bir qara corab qalır ay parçası qadından.



Yəqin ki, Ay çıxanda həyat rənginə gəlir

Gündüz qalxan ahların, mələk halında enir.

Azca da tez ensələr, çəkər dara insanlar

Batarlar mələklərə bu minarə insanlar.



Ürək boyda qardaşım, mənim qısa qardaşım

Çarmıx boya da baxmır, mənim İsa qardaşım,

Öldürmək istəsələr xəbər ver qardaşına

1.84 boyum var!

Gəlim yanında durum, oxşayım başdaşına.



Mövludun şeiri



Özümdən qoruyuram ruhumu bu aralar

Dua edən əllərim canımın müqəvvası.

Gözlərim qoşa yara. Bu yaralı üzümdə

görünməz Nəsiminin O "eşq-təcəllası".



Köynəyimin yaxası qabarıb yelkən kimi

burnumu dik tutmuşam sisli dor ağacıtək.

Batıram gözlərimin maviliyində

"Qollarım göylərdə kor ağacıtək".



Sənsə, ey torpaq,

bir bulud çək üstünə,

istin canında qalsın.

Sənə gələcəm.

Budur, ustadın tələbəsinə

                        öyrətmədiyi son fənd;

Onu göstərəcəm: öləcəm.





Tanımadığım gözəl qadınlara...



Adın şərəflidir, adın

Həm anamsan, həm arvadım.

Mənim quyumsan, ey qadın,

Danışaram, ah olarsan.



Doğulmağımdadır suçum,

Çatmayacaq Ona gücüm.

Səndən yarandığım üçün

Baxarsan, günah olarsan.



Üzünü görsəm, gözəlim,

Gözündə doğar gözlərim.

Ölərəm, parlar gözlərin,

yeni bir sabah olarsan.



Çıxaram yoldan duraram

Susaram, səni yoraram.

Elə bir xəyal quraram

Ucalıb ..... olarsan



Bütün baharlara



Yenə də sökülür qışın dan yeri.

Başlayır ötməyə qaratoyuqlar.

Hədə gəlir qışa bahar yelləri

Barmaqtək yellənir pöhrə çubuqlar.



Təbiət yenə də yaşılı seçir,

Dəbə uyğun geyir Aşağı Ləgər.

Yenə bir şairə şeir yazdırır

Gözü bənövşəyi bu bənövşələr.



Bir gözündə bahar, o birində qış,

Mən çoxdan uymuşam bu tərəziyə.

Hörümçək toruna bir arı düşür

Vururam özümü görməməzliyə.

Mən çoxdan uymuşam bu tərəziyə.



Qulağıma birdən tanış səs dəyir,

Oyadır onillik xatirələri.

Sinif yoldaşımın balaca qızı

Anasıtək söyür "tərəkələri".



Günəş addım-addım geri çəkilir,

Dünyanın şəklini çəkirmiş kimi.

Ay aman... qüruba enəcək indi

Baharın gəlişi az imiş kimi.

Sənət, siyasət, cəmiyyət

Okean və dənizlərdən buxarlanan su əvvəlcə dumana, sonra buluda, sonra da yağışa çevrilib yer üzünə yağır. Bəzən bu buludları haralarasa aparan bir nəfəs külək tapılmır. Və onlar küləkləri gözləyə-gözləyə ağırlaşır, yağışa dönür və yenidən kədərlə qalxdıqları okena yağırlar.

Bu prosesə coğrafiyada "kiçik su dövranı" - deyib, üstündən keçirlər. Mövzunu ədəbiyyat müstəvisində düşündükdə isə körpə yarpaqlardan, susuz torpaqlardan, qayğısız uşaqlardan 7 üfiq o yanda, ucsuz-bucaqsız okenlarda bir az əvvəl ayrıldıqları şor sulara qarışan bu yağış damlaları çox nisgilli görünür.

Coğrafiyada "böyük su dövranı" adlanan başqa bir proses də var; bu gedişatda su hövzələrindən buxarlanan buludlar dəli küləklərin cəngində gah susuz səhralara, gah qarlı zirvələrə, gah da kasıb daxmalarının daman damlarına damcılayır.

Buxarlandığı dənizlərdən tamam ayrı yerlərə köç edən bir damla hardasa aylarla onun yolunu gözləyən bir toxumun üstünə yağıb onu cücərdir, başqa bir damla solmaqda olan zambaq yarpağına qonub, astaca torpağa qovuşur, digəri yağış duası edən afrikalının açıq ovcuna düşür.

Böyük su dövranı adlanan bu proses çayları, şəlaləri, çəmənləri, bir sözlə, həyatı yaradır.

Sənətin birbaşa siyasət, sosial, məişət müstəvilərində dinməsi kiçik su dövranına bənzəyir; yağır, amma nə okeana xeyri dəyir, nə özünə nə də başqalarına. Nəticəsizlik sərgiləyən bu proses, bir an əvvəl okeandan ayrılan damlaların yenidən okena yağması qədər kədərli mənzərə yaradır.

Bəzən sənətin həyati proseslərin fövqündəliyi insanlarda elə təəssürat yaradır ki, sənət yalnız Maleviçin "qara kvadrat"ıdır və bu absurdluq incəsənətin gəldiyi son qənaətdir. Bu qənaət də insanları sənətin daha səmərəli, əlçatan və işəyarayan nəsnə olmağını arzulamağa başlaması, başa düşmədiyi hər tablonu, filmi, cümləni həyati saymaması ilə nəticələnir.

Əsl sənət isə həmin fövqündəlik bacarığı ilə həyatda baş verən bütün prosesləri kölgə kimi izləyir, ictimai şüurun şüuraltılıq vəzifəsini icra edir. Estetika yaratma qabiliyyətilə sənət 10 il sonranın siyasətini müəyyənləşdirir. Ona görə də sənəti birbaşa fəzadan müstəviyə endirmək, onun donunda sosial qayğılara, siyasi prosesə müdaxilə etmək qeyri-peşəkarlıqdır, effekti də sıfra bərabərdir.

Sənət tarixən kiçik istisnalar olmaqla həmişə cəmiyyətin kodekslərini müəyyənləşdirən, daha doğrusu, dolayısı yolla diktə edən qüvvə olub. Bu yöndən baxdıqda sənəti qadınla da müqayisə etmək olar; əməli görünür, özü yox. Zərifdir, amma sonda onun dediyi olur. Səbr edir, bir gün istəyinə çatır. Qışqırmır, amma bütün hayqırtıların səbəbkarıdır. Yəni, bütün güclü nəsnələr kimi sənəti də qadınla müqayisə etmək az qüsurludur.

XX əsrdə yaranmış bir sıra estetik cərəyanların novatorları isə düşünürdü ki, sənət sözünü deyə bilmir, yaxud, sənət də artıq düz demir. Çünki XX əsrdə insan insanı öldürür. Hətta kiçik həmləylə daha çox adam öldürmək üçün vasitələr "ixtira" edir. Ona görə həmin novatorlar ənənəvi sənət tərzinə zidd olan, dağıdıcı cərəyanlar barədə düşünməyə başladılar. Bu cərəyanların əksəriyyəti normal yanaşmayla qavranılmayan, məntiqi izahı olmayan radikal cəhdlərdən ibarət idi. Bu cəhdləri edən şəxslər haqsız deyildi, çünki onlar cəmiyyətin ən həssas nümayəndələri olan sənət adamları idi. Onlar uşaqların, günahsız adamların ölümünə, dözə bilmirdilər. Bu anormal situasiyanın yaranmasına sənətin də səbəbkar olduğunu bilirdilər və əsəblərini ənənəvi sənətdən çıxırdılar. Minillərdir formalaşan məntiqli, qafiyəli, ahəngli sənətin gözünün içinə baxaraq laqeydcəsinə "da, da, da… do, do, do…" deyərək, dadaizm kimi dağıdıcı cərəyanların əsasını qoyurdular.

Həmin cərəyanlar təkcə absurd görünüşü, ənənəyə zidliyilə deyil, həm də müharibələrin, yəni siyasətin təsirilə yaranan cərəyanlar olaraq tarixdə ilkə imza atdı.

Bu günə qədər siyasəti müəyyənləşdirən sənət, artıq siyasət tərəfindən müəyyənləşdirildi. Daha doğrusu, siyasətin, yəni müharibələrin təsirilə formalaşdı.

Bu yerdə belə bir qənaətə gəlmək olar ki, sənət güclü olanda növbəti illərin siyasətinin əsasını qoya bilir, lakin zəif olanda artıq siyasətin proqnozlarının qurbanına çevrilir. Əgər bu qənaət doğrudursa, gəlin, XIX əsr ədəbiyyatına ani bir nəzər yetirək, görək burada hansı boşluqlar qalıb ki, XX əsrdə müharibələr həmin boşluqlarda özünə yuva qura bilib.

Təkcə XIX rus ədəbiyyatına diqqət edəndə, az öncəki iddiamızın puç olduğu ortaya çıxır. Yəni o əsrə nəzər yetirdikdə ilk gözümüzə dəyən, əlində qalın "Hərb və sülh" kitabıyla dayanmış Tolstoydur. Təkcə Tolstoyu nəzərə alsaq, həmin əsrdə sənətin idarəçilik estafetini siyasətə verməsi iddiasının əsassız olduğunu görürük.

Bəs əsrlərdir əndazəsindən çıxmayan müharibələr niyə məhz XX əsrdə hüdudsuz fəlakətə çevrildi. Niyə məhz XX əsrdə siyasət cəmiyyətə "Dünya müharibəsi" ifadəsini "töhfə" verdi?

Əgər biz sənətin siyasətə müdaxiləsini təkzibolunmaz sayırıqsa, bu o deməkdirmi ki, bu fəlakətlərin yaranmasının səbəbkarı sənətdir?

XX əsrdə baş verən dəhşətli müharibələr təkcə ədəbiyyatda deyil, rəsmdə, filmdə, sənətin digər növlərində də iz qoydu. Amma sadəcə iz qoydu. Bu izlər o qədər qırmızı idi ki, heç kəs o izləri naxış kimi görə bilmədi. Dostoyevski məşhur müsahibəsində (1876-cı ildə yazıçının "Qolos" qəzetində dərc olunan müharibə haqqında müsahibəsi) savaşla bağlı səsləndirdiyi radikal, eyni zamanda olduqca maraqlı fikirlərində müharibələrin cəmiyyət üçün əvəzolunmaz nemət adlandırırdı. O, müharibənin sənətə də yeni nəfəs, yeni rəng gətirdiyini yaxşı bilirdi. Amma bu rənglər özündən əvvəlki naxışlardan nə qədər fərqli olsalar da, əlvan, rəngarəng deyildi.

Dostoyevski amili mətnimizin bir abzası üçün deyil, ümumilikdə mahiyyəti üçün nümunədir və bu şəxsin yaradıcılığındakı radikallıq, bu radikallıqdan doğan orijinallıq böyük bir əsrin siyasətinə o dərəcədə təsir etdi ki, artıq bu siyasətin vizual görüntüsü olduqca subyektiv iddialar üzərində yazılmış bir Dostoyevski romanına bənzədi.

Dostoyevskinin "Cinayət və cəza" romanı və bu romanda önə çəkilən "Roskolnikov nəzəriyyəsi" (ali məqsədlər uğrunda insanın insan öldürməyə mənəvi haqqı var) öncə Nitsşe təlimlərində gözə dəyməyə başladı. Unutmayaq ki, Dostoyevski Nitsşenin ən sevimli müəlliflərindən idi. Daha sonra eyni nəzəriyyənin daha radikal forması özünü Adolf Hitler siyasətində büruzə verdi. Onu da unutmayaq ki, Hitler Nitsşe təlimlərini siyasət müstəvisinə tətbiq etmiş şəxslərdən sayılır.

("Dostoyevski-Nitsşe-Hitler" zənciri və Dostoyevskinin epilepsiya xəstəliyi nəticəsində orijinal yarısayıqlamalarının öncə ədəbiyyatda, daha sonra psixiologiyada, ardınca siyasətdə özünə yer tutması və bunun acı nəticələrinə "Ədəbiyyat qəzeti"nin 17 sentyabr 2016-cı il sayında dərc edilmiş "İrrasional adam", yoxsa "Roskolnikov nəzəriyyəsi" yazısında toxunmuşduq.)

Məsələyə bu paradiqmadan nəzər saldıqda dadaizm, ekzistensializm və digər dağıdıcı və absurd  estetik cərəyanların fəaliyyətinin nəticəsizliyini görürük.

Çünki onların hədəf götürdükləri nəsnə ənənəvi sənət (realizm, klassik sənət) olmalı deyildi. Yəni bu estetika yox, daha çox ideya davası olmalı idi.

Ənənəvi sənətin zaman amilinin təsiri nəticəsində müəyyən bir müstəvidə yeni cərəyanlara məğlub olması əslində mütərəqqi hadisədir. Lakin bu prosesin baş verməsi düşüncə inqilabı tələb edir. XX əsrdə yaranan cərəyanlar isə bu hadisəni törədə bilmədi və nəticədə ərsəyə sənət xaosu gəldi.

Dağıdıcı estetikaların mübarizə apardıqları rejim və bu rejimlərin siyasətini müəyyənləşdirən amil ənənəvi sənət deyildi, məhz Dostoyevski və bu qəbildən olan sənətkarların yeni, inqilabi fikirlərinin birbaşa siyasətdə gözə dəyməsi idi. Olduqca orijinal ideya olan "Roskolnikov nəzəriyyəsi" o qədər cəlbedici idi ki, içindəki insan ölümü qədər qanlı əməl belə, oxucuların Roskolnikov sevməsinə mane olmadı. Nəticədə bu və bundan doğan digər ideyalar qısa zamanda cəmiyyətdə və siyasətdə təşəkkül tapa bildi. İdeyanın önə, insan amilinin ikinci plana keçməsi İkinci Dünya müharibəsində milyonlarla adamın ölümünə səbəb oldu.

Təəssüf ki, bu məqamda da siyasəti müəyyənləşdirən məhz sənət olmuşdu. Elə həmişəki kimi. Amma dadaistlərin düşündüyü kimi ənənəvi sənət, estetika deyil, Roskolnikov və "Roskolnikovkimilər nəzəriyyəsi".

"Ədəbiyyat qəzeti"