Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

9 мар. 2014 г.

Günəş mamaçaları

Tərəkəmə həyatının quzeyi - qışlaq


Qaranlıq düşən kimi yataqda həyat canlandı. İndi bildim ki, burda nə az, nə çox 6 tərəkəmə ailə yaşayır. Qoyun mələşməsi çoban qışqırığına, çoban qışqırığı it hürüşməsinə, it səsi quzu mələşməsinə qarışdı. At fınxırtısına uşaq çığırtıları cavab verdi. Bütün bu səsləri tövlələrdə sağılan süd səsi müşayiət edirdi – şır-şır, şır-şır...
Hacıqabulda “Nemət Dəvə Yatağı”ndayıq.  Dəvə sözü sizi çaşdırmasın, bu toponim qədimdən qalıb, hazırda bu yataqda tərəkəmələr qoyunlarını saxlayır.
Hacıqabulda bizi Hacı qəbul etdi. Hacı dayı baş çobandı. Alaqaranlıqda tonqal ətrafına toplaşan yorğun çobanlara yaxınlaşdıq. Söhbət əksər modern insanların dilində sürünən boz cümləmlə başladı: “Nə var, nə yox?”
Sualımın çiy alındığını həmən anladım. Gününü boz çöllərdə dünyanın ən ağılsız heyvanlarıyla axşam edən insanda nə xəbər ola bilər ki? Yəqin onlar xəbəri, yenilikləri məndən gözləyir. Yanılmışam. Qırmızıyanaq bir oğlan böyük sevinclə fevralın günündə mənə nanə ətirli bir xəbər verdi:
 - Ot tərpənir. Bir-iki günə quzu qırpımı qədər olacaq.Xəbər hamının ürəyincə oldu. Yəqin ki, üzündə alov dilimlərinin əksi “tərəkəmə” oynayan bu gənclərin hamısı gün boyu yapıncılarına dolan yaz havasını duyub. Bu duyğunun başqasının dilində cücərməsi yorğun tərəkəmələrin gözünü güldürdü. Həqiqətdə yaz gəlməyibsə də bu xəbərdən sonra mütləq gələcək. Elə hər şey tərəkəmə dilində verilən möhtəşəm xəbərlə başladı. Qışlaq həyatı tərəkəmə məişətinin qopmaz hissəsi olduğunu qəbul etdim.Buranın itləri pələng boydadır. Qurdbasarlar gecələri yatağın həndəvərində keşik çəkər, hürər; sabahları əsnəyər, yal yeyər; gündüzləri yatar, yatar... Hacı dayı deyir itlər gündüzlər növbə ilə yatır. Bayaq dedikləri isə indi də qulaqlarımda cingildəyir: çoban iti adamı qapmır, yeyir.


Gecədir... Hürməyi gələn it hürür. Tərəkəmə olmasam da itin səsindəki arxayınlığı duydum. Yəqin it sahibinə həyəcansız bir hürüş göndərməklə hər şeyin qaydasında olduğunu çatdırmaq istəyir: “mən oyaqam, sən rahat yat”. Yox, deyəsən mən bu parolları yaxşı bilmirəm, qarşı tərəfdəki qazmanın qapısı cırıldadı. Çobanlardan kimsə nümayişkəranə tərzdə öskürdü. Deyəsən bu çoban üçün itin hürməsi bəhanə olub; papiros yandırdı. Bu gecənin mənimçün çıxardığı son səslər: çobanın itlə əzizləşməsindən yaranan qarşılıqlı hənirtilər... Biz qalxanda dan yeri sökülmüşdü - onu çobanlar sökmüşdü. Alaqaranlıqda bölüşüb biri “subay” qoyunları, biri balalı heyvanları, biri quzuları qabağına qatıb uzaqlaşmışdı buralardan. Qazmaların bacalarından qatı ağ tüstü boy verirdi. Ətrafı təsək qoxusu bürüyüb. Hacı dayı bizə samovar çayı qaynadıb - süd, yumurta, pendir və təndir çörəyindən ibarət “qışlaq süfrəsi” açıb. Süfrədəki bütün məhsullar qışlaqda istehsal olunub. İlk tikəni yeyəndə, sanki, yenidən doğuldum, ruhum əsdi. Elə bil şüuraltım nəsə demək istəyirdi. Təbiətdən qopan bütün duyğularım yenidən kök salırdı.Qadınlar az gözə dəyir. Gözə dəyən kimi də, yaşmanırlar. Günortaya az qalıb. Bəzi qazmalardan ahəstə layla səsi gəlir - beşik cığıltısından ritm alan həzin layla səsi... Ara-sıra səliqəsiz qazma qapılarından başı yaylıqlı oğlan uşaqlarının yekə başları boylanır – qızılgüllü yaşıl yaylıqlar.

Demişdim axı, fevraldı. Kiçik bir bulud qazmaların arxasında nizamsız düzülən alçaq təpələrin birinə dəyib duman oldu. Soyuq duman ətrafı bürüdü. Tənbəllikdən sürüyə getməyən qoca köpəklər uzandıqları yerdə yumrulandı.6 aylıq qışlaq müddəti tərəkəmə həyatının quzeyidir. Noyabrdan başlayan qışlaq günləri ürəyi yaylaqda, dağlarda çırpınan tərəkəmələr üçün arzulanan yaşam deyil. Onlar qışlaq həyatının ilk günlərində qoyunları yataqdan uzaqlarda otarıb, yatağa yaxın otlaqları qışın sərt günlərinə saxlayır. Qışda günlər qısa, şaxtalı olur deyə qoyunları yataqdan uzaqlaşdırmırlar. Qoyun soyuq torpağın üstündə çox qalanda ayağından azar alır – hələ avam qoyunları hər an qanına qəltan etmək istəyən – “qış xəncəri” canavarları demirəm. Artıq yataqdan xeyli uzaqlaşmışam. Hələ də burnumda qoyun qoxusu qalıb. Köhnə kişilər buna bərəkət iyi deyirdi... 
Sərdar Amin
1937.az

Комментариев нет:

Отправить комментарий