Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

13 мар. 2014 г.

"Qanun" naminə!



"Biz niyə jurnalımızın adını “Qanun” qoyduq? "Səhər", "Günəş", "Sevgi" qoya bilərdik. O qədər gözəl adlar var ki. "Qanun" qoyduq ki, hüquqi dövlətin qurulmasına kömək edək. Bu gün biz nəşr etdiyimiz qanunlarla vergilərdən müdafiə oluna bilmirik".  (Şahbaz Xuduoğlunun məhkəmə çıxışından...)



İlk kitabım olan "Qaratoyuq nəğməsi"ni “Qanun” öz hesabına nəşr edib. Müəllif olaraq mənə 100 kitabımı hədiyyə edib. Bir gənc yazar üçün bu kifayət qədər ciddi dəstəkdir. “Qanun” nəşriyyatı ölkədə oxucu sayının minimum olduğu bir zamanda gənc yazarların ilk əsərlərini öz hesabına nəşr edir. Kifayət qədər yazar nəşriyyatın “Birinci kitab” layihəsindən yararlanıb. 

Moemi, Markesi, Pelevini, Plotonovu, Mülleri, Pamuku, Kamyunu, Murakamini, Buzzatini və onlarla dünya şöhrətli digər müəlliflərin əsərlərini “Qanun”dan oxumuşam. Son illər mütaliə etdiyim bütün kitabların cildində “Qanun Nəşriyyatı” yazılıb.

Bakıda tüpürən, söyüş söyən, qışqıra-qışqıra danışan gənclərlə yanaşı üstündə “Qanun” yazılmış kitab torbasıyla harasa tələsən birini görəndə ürəyim yerinə gəlir. Axı ölkədə belə pozitiv mənzərələr azdı. Bu cəmiyyət onsuz da kitabsızdır. Onsuz da bu ölkənin tamaşaçısı ən yaxşı halda seriala baxır; onsuz da bu ölkənin “oxucu”su Üzeyirin mahnılarını oxuyur. 

Cəmiyyətə dəstək olmaq üçün bu gün kitab nəşr edən bütün nəşriyyatlara maksimum şərait yaradılmalı, kitab üzərində olan bütün vergilər götürülməli və bundan əlavə kitabın təbliğatı ilə bağlı kampaniyalar, yarmarkalar təşkil olunmalıdır, nəinki ölkədə ən nüfuzlu nəşriyyatlardan birinə fantastik məbləğdə vergi tədbiq etmək. Qanun nəşriyyatının hər hansı qanunsuzluğa yol verib-vermədiyini dəqiq bilmirəm. Ancaq istənilən halda Azərbaycanda əsas gücünü bədii əsərlərin nəşrinə verən bir nəşriyyata qarşı bu dərəcədə təzyiq düzgün deyil.

Gənc yazar və oxucu olaraq Vergilər Nazirliyi və dövlətimin bütün aidiyyatı orqanları “Qanun”a qarşı aparılan yoxlamlarda bu nəşriyyatın cəmiyyətə verdiyi töhvələri - müasir ədəbiyyatın, mütaliənin dirçəlməsinə göstərdiyi dəstəyi nəzərə almağa və daha diqqətli və ədalətli davranmağa çağırıram. 

“Qanun” naminə olmasa da, qanun naminə!
Sərdar Amin

Комментариев нет:

Отправить комментарий