Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

9 янв. 2016 г.

Parisdə hamı astadan danışır və boş şeylərə görə həyəcanlanmır

Böyük həqiqətləri insana nəticə formasında təqdim edəndə onu hiss etmək, ruhsal olaraq anlamaq mümkün olmur. Bu həqiqətlərlə bağlı hər kəs özü bir nəticəyə gəlməlidir və kimsə - bu kimsə peyğəmbər də ola bilər, şair də ola bilər, rejissor da, orta məktəb müəllimi də - yetər ki, ruhsal həqiqətləri qarşısındakına nəticə formasında deyil, ipucu formasında təqdim etsin. Onsuz da bütün xırda zərrəciklərin mahiyyəti vahid bütövlükdən qopmuş və eyni tərkibdədir. Dünyanın ən perestijli universitetlərindən olan Harvardın dünyanın ən ali sahəsi olan fəlsəfə fakültəsini summa cum laude – yəni “qırmızı diplomlu” məzunu Terrens Malik (bundan sonra Malik əmi) filmlərində insanlara həqiqətləri siqnal formasında çatdırır. Həm onun filmlərində yüzlərlər belə siqnallar olur və bu siqnallar əksər hallarda bir-biri ilə ahəng daşımayan ismarışlar formasında sayrışır. "Həyat ağacı", "Nazik qırmızı xətt", "Biçin günləri" filmlərindən sonra rejissorun "Knight of Cups"(yəqin ki, "Kuboklar şahzadəsi" kimi tərcümə olunur) filmini izlədim. Qəribədi, Malik əminin filmləri haqqında məlumat, filmin sinopsisi ilə maraqlanmaq istədikdə internet resurslarında demək olar ki, tutarlı - daha doğrusu filminlərinin əsl mahiyətinə uyğun nəsə tapmaq olmur. Çox az kinotənqidçi onun haqqında düzəməlli bir şey yazıb. (Yeri gəlmişkən, bu rejissor və onun şah əsəri sayılan "Həyat ağacı" haqqında azərbaycanlı kinotənqidçi Teymur Daiminin (Terrens Malik - "Kinonun fövqündə" yazısı diqqətçəkəndir) Çünki, bu filmlər yuxarıda qaraladığım kimi, konkretlikdən çox uzaq olub, olduqca ruhani ismarışlarla zəngindir. Təbii ki, mən də durub onun filmləri haqqında resenziya yazmaq fikrindən irağam. Bir də, əminəm ki, yazını oxuyub bitirən kimi mətndə adıyla uyğunluq axtaracaqsız - axtarmayıngil. Həm də ki. niyə mütləq bütün mətnlərin başlıqla birbaşa əlaqəsi olmalıdır ki? Siz uşaqlarınıza ad qoyanda onların xasiyyətini öyrənib, ona uyğun ad düşünürsüz? Yox. Onda çox şey eləməyin. Yazımı filmdən yadımda qalan şairanə fikirlərlə tamamlayıram.
"Bu dünya ilə ona layiq olduğu kimi davran".
 "Prinsip boş şeydi, situasiyalar var".
 "30 ilimi boşuna keçirdim, yaşamadan, kim olmaq istədiyimi belə xatırlamıram".
 "Bu balaca gözlərilə mənə baxmağına bax".
"Tanrı səni sevdiyinə görə acıdan qaçmana yox, acı çəkmənə şərait yaradır. Acı səni səndən daha böyük bir dəyərə bağlasın deyə. İradəndən böyük dəyərə..."

12 сент. 2015 г.

Can... Can... Can...

Təslim olun cənablar

Yay günündə qırğı cücələrimizdən birini vurmuşdu. Caynağına alıb aradan çıxmağa çalışanda düşmüşdüm dalınca; o üstdən, mən altdan bir xeyli qovmuşdum. Cücə bir az ağır olduğundan qırğı çox yuxarı qalxa bilmirdi, elə başımın üstüylə uçurdu. Axır cücəni atıb qaçdı. Bir az yaralanmışdı, evə gətirdim, papa yarasını bağladı, beləcə cücə sağaldı. Amma payızda yenə həmin cücəni qırğı vurdu... Beləcə anladım ki, təbiətlə mübarizə aparmaq yox, ona rahatca təslim olmaq lazımdı.

Söhrap Sipəhri və anasının sükut dolu gecələrinə.


Uzaqlarda narahat-narahat hürən itlər,
Uzaqlarda tez-tez danışan bir şair.
Uzaqlarda indicə ağladı bir uşaq,
Lay-lay deyə-deyə əsnədi bir qadın.

Bu yay gecəsi...
bu yay gecəsi uzaqlarda bəhanə tapmayıb
içinə ulayan tərli yalquzağın diş qıcısı...
bu yana baxan bir əfqan qocası...
Bu yay gecəsi
susa bilməyib yerini bayquşa nişan verdi beş-on bülbüldən biri.
Bir-birinə sürtünən min bir sünbüldən biri.
Bu yay gecəsi "Suyun ayaq səsləri".

Kənddə bir dayının ot tayası yanırdı...


Kənddə bir dayının ot tayası yanırdı. Bir az gecikmiş yanğınsöndürənlər tayaya su səpmək istəyəndə otun sahibi qoymadı. Dedi "dəyməyin, onsuz da tüstü dəymiş otu mal-qara yeməyəcək. Sonra bu qədər zibili kim daşıyacaq həyətdən. Qoy kül olsun heç olmaya..." Sonra da bir siqaret yandırıb çırta-çırtla yanan tayaya tamaşa elədi. Alov səngiyəndən sonra yabanı götürüb külün altında qalan otları da üzə çıxardı ki, onlar da yansın. Sözüm ondadır ki, bəzi insanlarla münasibət elə hal alır ki, adam istəyir həmin o dayı kimi yabanı alsın ələ...
Tüstü iyi verən otdansa, kül yaxşıdı.

4 sentyabr - 1994

1-ci sinifə getməyimdən 21 il ötdü. Elə həmin il Qusara köçmüşdük. Atam Qubada müəllim işləyirdi. Dərs başlamışdı. 6 yaşım çoxdan tamam olubmuş, bilmirdim. Anam da deməmişdi, təxmin eləmişdi ki, məktəbə gedə bilməyəcəm; nə çantam var idi, nə qələmim, nə paltarım - bibim üç dənə dama-dama "Тетрадь" vermişdi, onun da birini qələm olmadığından gəndalaş toxumunu əzib hazırladığım "mürəkkəb"lə pis günə qoymuşdum. Sentyabrın ilk səhərlərindən birində anamla tərəvəzdə işləyirdik. Uşaqlar təkqıç atıla-atıla dərsə gedirdilər. Başladım ki, "mama, mən də məktəbə getmək istəyirəm. Niyə getmirəm? Niyə getmirəm?" Anamsa heçnə demirdi, başını aşağı salıb, alaq çıxarırdı. Mənsə əl çəkmirdim. Qarşısına keçəndə gördüm ağlayır. Daha heçnə demədim.