Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

24 июл. 2014 г.

Bela Tarrın “Turin atı”ndan “yıxılmağı”

Hər şey uşaqca verilən bir sualdan başlayıbmış: “Hamı danışır “Nitçşenin Turində atı qucaqlamağı”ndan
Nitçşenin sonu məlum,
gözləri doldu, filan…
daha 10 il yaşadı.
Bəs atın taleyi necə oldu?”

            *      *      *

Film ağ-qaradı, qocanın saçları çal
Musiqi çal, Tarr!
oxu Tarr!
Film ağ-qaradı,
lampanin tüstüsü boz
Bayırda çovğun, toz…

Qızın yeməyi hazır olan kimi qoca da stolun başında hazırdı.
çünki qızın bişirdiyi tək yemək kartofdu
kartofu isti-isti soymaq rahat, yemək babat…
üfürə-üfürə…
Süfrə yoxdu, süfrə.

Film ağ-qaradı, kartofun buxarı…
qalxır yuxarı…
Həyata baxdıqları bircə pəncərə var,
Ata-bala ordan növbəylə baxır.
Bəzən qoca israf edib pəncərə qabağında yatır…

 Və bir gün qapı döyülür,
döyülməmiş kimi qəfil açılır və biri gəlib həqiqətlər(in)i söyləyir.
Qoca istəsə ona“ çərənləmə” deyər, istəməsə yox,
Onunsa istədiyi içki idi,
Nəfsi tox,
pulunu verdi, çovğunda başına çəkə-çəkə axsayıb getdi.

Çovğundu.
Pəncərədəki ağacı külək yelləyir,
olmayan yarpaqlarını sovurur,
hər səhər hovuzdan su gətirən qızın başına vurur.

 Film qara-ağdı,
qocanın sağ qolu…
Qoca çolaqdı…
Mən nə bilim niyə məhz sağ qolu?
Siz də düşünməyin, olan şeydi.
Əsas odur ki, çovğundu, divarın yarıqları neydi. Oxu Tarr, oxu Tarr…

 Hər gün qızı geyindirir onu, altdan, üstdən
kişi də həmişə qızına baxır başqa-başqa, üstdən-üstdən.
Bəlkə də qızı onun olan yeganə şeyidi.


Sonra pəncərə “deyir” ki, uzaqdan araba gedir.
Sən demə araba getmir, gəlir.
Yollardı da, gedir gəlir.
Ağ atlı qaraçılar təpinir hovuza,
qaraçıları qovurlar,
çovğun yoxdu qaraçılar üçün,
ağsaqqal qaraçı bizim qıza kitab verir:
“Müqəddəs torpaqlar alçaldıldığından bu yerlərdə din yaşamaz, tövbədi labüd”.
Qoca pəncərə qarşısında büt.

İkinci gün atları getmir,
üçüncü gün yemir, içmir…
4-cü gün quyudan su çəkilir,
beşinci gün ata-bala dolu lampaları alışdıra bilmir – “çıraqları sönür”.

 Bela Tarr filmi 6 günlük etdi,
7-ci gün “istirahətə getdi”
çünki “Turin atı”ından “yıxılmışdı”.
          *    *     *
Burda isə çovğun deyil, Ramazandı,
ulduzlar axır, arvadlar gecə saxlayır-mış,
Nitşenin ölən Allahının xatirəsinə bir salavat…
“At muraddı”, murad.

Sərdar Amin.
Elyazma.org

17 апр. 2014 г.

Aya uçan pərvanə


Bir az dayandı pəncərənin qabağında -  
tut yarpağında.
Böcəklərin dövrə vurduğu lampaya baxdı,
sonra aya baxdı...
Ay təmizdi.
Pərvanə aya uçmaq istədi.
 Aya uçmaq istəyən ilk pərvanə oldu o.
Belə pərvanə olmamışdı ondan qabaq.
O uçurdu; qarşıda ay tabaq.

15 апр. 2014 г.

XIX əsrdə Lermontovun, indi eks nazirin yaşadığı ev

Mixail Lermontovun Azərbaycan sərgüzəştləri

Qusarda 177 il əvvəl rus şair Lermontovun yaşadığı ev var, qarşısında da şairin baralyefi... Hamı oranı Lermontovun ev muzeyi sayır. Təəssüf ki, həmin evhələ də şəxsidir. Qonşulara görə 30 il əvvəl yağışlı bir gündə inşa olunmuş xatirə barelyefindən başqabu küçədə Lermontovu nişan verə biləcək heçnə yoxdur. Qafqazda sürgün həyatı yaşadığı müddətdə Azərbaycanla bağlı üç poema, üç şeir yazan şairin hazırda Qusarda nə ev muzeyi var, nə adını daşıyacaq küçə, nə də başqa bir zad...
Hərbçi olmasına baxmayaraq zamanının həqiqətlərini bağıran Lermontov Qafqaza “Şairinin ölümü” şeirinə görə sürgün edilib. Puşkinin ölümünə yazılan həmin əsər 20 il sonra dərc olunmasına baxmayaraqəlyazma şəklində bütün ölkəyə yayılır. Qəribə tale yaşayan Mixail Yureviçin sürgün həyatı da fərqli olur; Lermontov o zaman itaətsizlik ocağı olan Qafqaza cərimə batalyonunda, Quba üsyanını yatırmaq üçün -  yəni ölmək üçün göndərilib.  Lermontov şairliyinə görə sürgün edilir, amma hərbçi kimi. Sürgün həyatını da şair kimi yaşayır. O, Qafqaza çatanda Hacı Məhəmmdəin başçılıq etdiyi Quba üsyanı demək olar ki, yatırılmışdı.
Dünyanın ən nakam şairlərindən olan Lermontov Qusarda yaşadığı qısa müdət ərzində üç poema, üç şeirə “hamilə qalır”. Çiləgirli riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olur, Ləzgi Əhməddən “Aşıq Qərib” dastanını dinləyir. “Aşıq Qərib”, “Qaçaq Hacı”, “Qaçaq İsmayıl bəy” poemalarını, “Xəncər”, “Ayrılıq”, “Gənc ləzgi” şeirlərini qələmə alır. Üzərində daşıdığı zadəgan titulunu, hərbçi buxovunu yırtmağı bacaran şair Qusarda yerli insanlarla yaxınlıq edir. Bu məqam şairin “Molodoy Lezginets” (Gənc ləzgi) şeirində səmimi hiss lunur. “Xəncər” şeirində isə şair ləzgi qızı qaragözlü Zöhrənin prototipini yaradır.
Lermontov Qusarda 1837-ci ilin payızında, o zaman “Zabitlər küçəsi” adlanan küçədə hərbi həkim Marşevin evində yaşayıb. Həmin küçə indi Fəxrəddin Musayevin adını daşıyır. Bütün ədəbi və sənədli mətnlərdə Lermontovun yaşadığı bu ev şairin ev muzeyi kimi təqdim olunur. Elə qonşularla söhbətim zamanı da onlardan “şairin evi” ifadəsini eşidib sevindim. Sonra dedilər ki, söhbət şair Lermontovdan yox, keçmiş Mənzil Komunal Təsərrüfatı Naziri Şair Həsənovdan gedir.
Hazırda qapısı qıfıllı olan mənzildə adam gözə dəyməsə dəyay mövsümündə evdə yaşayış olur. Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilov bu mənzilin Lermantovun ev muzeyinə çevirmək planının mövcud olmadığını deyir. Səbəb kimi şairə məxsus əşyaların kifayət qədər olmadığını və mövcud əşyaların hamısının Qusar Tarix Diyarşünaslıq Muzeyində qorunduğunu bildirir. Qeyd olunan muzeyin direktoru  Xatirə Nağıbəyova muzeydə saxlanılan əyşaların Lermantova məxsus qələm (pero), qələmdan, mürəkkəb qabı, şairin gipsdən hazırlanmış XX əsrə aid barelyefi və digər azsaylı aksesuarlardan ibarət olduğunu deyir. Ancaq Xatirə xanımın sözlərinə görə Qusar sakini Robert Səmədov adlı bir şəxsdə Lermontova aid daha bir neçə əşya olubmuş. Sözügedən şəxs hətta bu əşyalar arasında şairin çarpayısının, kitablarının və digər çoxsaylı ləvazimatlarının da olduğunu bildirib. Ancaq əşyaların muzeyə təhvil verilməsi məsələsi qeyri müəyyən səbəblərdən alınmayıb. Dahi şairin Qusarda qalmış izlərini aşkarlamaq üçün Robert Səmədovu axtardıq. Axtarış təəssüflü sonluqla bitdi: o, bir neçə ay əvvəl dünyasını dəyişib...

Yəqin ki, əlaqədar qurumlar həmin əşyaları bir yerə toplayıb, şairin Azərbaycanla bağlı xatirələrini, əsərlərini komplektləşdirib yaşadığı evdə muzey yarada bilər. Axı bu gün dünyada Lermontov kimi məşhur insanların sadəcə əyilib su içdiyi bulaqda belə abidə tikilir, muzey yaradılır. Lermontov isə sanki bizi düşünüb, Azərbaycanda olduğu qısa müddət ərzində 6 əsər yaratmaqla yanaşı, kifayət qədər əşyasını da xatirə kimi burada saxlayıb.
Nakamlıq Lermontovun təkcə alnına deyil, xatirəsinə da yazılıb: şairinin doğumunun 100 illik yubileyinə I dünya müharibəsi, ölümünün 100 illiyinə isə II dünya müharibəsi təsadüf edib. Bu günədək şairinin heç bir yubileyi təntənə ilə qeyd olunmayıb. 2014-cü ildə Lermontovun anadan olmasından 200 il keçir. Ümid edək ki, tarixin Lermontov üçün tutduğu “nakamlıq orucu” heç olmasa bu il pozulacaq. 

29 мар. 2014 г.


Armud ağacı - Pereyra

Kükülü, limonadlı mədəniyyətdən qanlı siyasətə... 


Uzun illər jurnalist işləmiş
, yaşlanmışdı. Portuqaliyada təvazökar axşam qəzetlərindən birində mədəniyyət şöbəsinə rəhbərlik edirdi. Bu piyli portuqalın rəhbərliyində özündən başqa heç kim olmadığı kimi siyasətlə də qəti əlaqəsi yox idi. Ta ki...
XVIII əsr fransız yazıçılarının əsərlərini portuqal dilinə tərcümə edib axşam qəzetinin rəhbərlik etdiyi mədəniyyət şöbəsində dərc etdirirdi. Bu zaman - yəni 1938-ci ildə ümumi Avropanı bürüyən faşizm və ona qarşı mübarizə onun vətəni Portuqaliyadan da yan keçməmişdi.  Və onun həyatı tanış olduğu inqilabçı gənclərin təsirilə ömrünün ahıl çağında tamam dəyişdi; portuqaliyalı yazıçı Antonio Tabukkinin məşhur “Pereyra iddia edir” əsərini deyirəm.
Pereyra yaşadığı həyatla razıdır; Koimbrada təhsil alması, bütün həyatını sanatoriyalarda keçirmiş xəstə qadınla yaşaması, arvadı dünyasını dəyişəndən sonra uzun illər onun uzaq təbəssümlə baxan portretilə söhbət etməsi, uzun müddət nüfuzlu qəzetdə hadisələr bölməsinə rəhbərlik edib sonda təvazökar axşam qəzeti
 “Lissabon”nun mədəniyyət bölməsində çalışmaq pis deyil.  Ancaq bütün bunlarla yanaşı o, həyatına görə peşmanlıq çəkməyə meyl göstərir.
Bu arada həkimi Kardosu ona “Ruhlar konfederasiyası” adlı nəzəriyyə ilə tanış edir.
Konfederasiyaya görə insanda vahid şəxsiyyətin mövcud olması fikri düzgün deyil, bu sadəlöhv xülyadır və xristian təsəvvürünə əsaslanır. Doktor Ribo və doktor Janenin “Ruhlar konfederasiya”sı insanda müxtəlif ruhların mövcudluğundan bəhs edir. Hansıki bu ruhlar “hökmran mən” tərəfindən idarə olunur. “Hökmran mən”in fəaliyyəti digər “mən”in baş qaldırdığı və onu taxtdan saldığı ana qədər davam edir. Pereyra mədəniyyət şöbəsinə köməkçi kimi qəbul etdiyi Rossinin İspaniya və Portuqaliyada faşizm rejmi əleyhinə fəaliyyət göstərən qrupda oluğunu bilir. Bununla yanaşı içindəki qəribə istəyə tabe olaraq gənc inqilabçıya maddi yardım edir. Və düşünür ki, bəlkə Rossi və onun qrupu düzgün yol seçib. Əgər belədirsə, demək doktor Pereyranın seçdiyi yol, yaşadıqları mənasızdır. Onun axşam qəzetinin mədəniyyət şöbəsinə rəhbərlik etməsi, fransız novellalarını ana dilinə tərcümə edib yayması və dövlət qəzetində öz sözünü deyə bilməməsi düzgün deyil. O tövbə edib bu yoldan çəkilməlidir. Pereyra iddia edir ki, son vaxtlar onun həyatı büsbütün mənasını itirir.  Sonra ölkədəki rejimə dözməyib Fransaya getməyə hazırlaşan həkimi Kordosu ona maraqlı təklif edir: 
 “Heç kim bu ölkənin sənin üçün yarandığını söyləməyib, həm də burada xeyli xatirə var, öz eqonu zibilliyə atmağa cəhd göstər, yeni “hökmran mən”inə icazə ver. Bəlkə tamam başqa bir mühitdə görüşmək imkanımız oldu. O zaman tamam başqa bir adam olacaqsınız”.
  
Pereyra qəzetdə şöbə müdiri olmasına baxmayaraq ölkədə və Avropada baş verən yenikləri hər gün yemək yediyi restoranın ofisiantından soruşur, sonra ona kükü və limonad sifariş edərək qəribə əhvallı günlərinə davam edir. Bir gün  Pereyra gənc inqilabçı Rossinin Portuqaliyada axtarışda olduğunu bilib ona evində sığınacaq verir. Ancaq Rossi Perayranın evinə uzun müddət sığına bilmir, tezliklə dövlət orqanları onun yerini öyrənir, danışdıra bilmədiklərinə görə amansızlıqla döyürlər. Sarışın inqilabçı Rossi Pereyranın evində can verir.
   Bundan sonra Pereyra qəti addım atır. Faşizmi dəstəkləyən dövlət qəzeti olmasına baxmayaraq “Lissabon”un mədəniyyət şöbəsində bu amansız hadisəylə bağlı açıq məqalə dərc edir. Pereyra qəzetdə uzun illər boyunca  qazandığı etibar və həkimi Kordosu ilə qurduğu oyun sayəsində dövlət qəzetində açıq, rejimi ifşa edəcək bir mətni dərc etməyin astanasına gəlir.
Yazını bütün prosedurlardan keçirərərk mürəttibə verir. Sonra evə gələrək kiçik çamadanını götürür, ora ən vacib əşyalarını – nekroloqlar qovluğunu, arvadının uzaq təbəssümlə baxan portretini qoyur. (Portreti yaxşı nəfəs alsın deyə çamadana üzüyuxarı qoyur). Kitab dolabına yaxınlaşıb Rossinin gətirdiyi saxta pasportları eşələyir. Gözlərinin altında bir neçə çevrə olan bir kişinin şəkli yapışdırılmış pasport sanki onun bu gününə hesablanmışdı. Adı da gözəl səslənirdi: Fransua Buden... Doğrudanda gözəl ad idi, Fransua Buden...
Ətrafa göz gəzdirib saatına baxdı. Pereyra iddia edir ki, “Lissabon” indilərdə çıxacaqdı və qətiyyən vaxt itirmək olmazdı.

P.S. Əsərin müəllifi Antonni Tabukki isə iddia edir ki, Pereyra “armud ağacı” deməkdir və İtaliyada bütün meyvə ağaclarının adı olan soyadlar yəhudi mənşəyinə mənsubdur. “Qəhrəmanımı “Pereyra” adlandırmaqla isə mən Portuqal mədəniyyətində dərin iz buraxmış və tarixin çox ədalətsizliklərinin qurbanı olmuş millətə ehtiramımı bildirmək istədim”.




13 мар. 2014 г.

"Qanun" naminə!



"Biz niyə jurnalımızın adını “Qanun” qoyduq? "Səhər", "Günəş", "Sevgi" qoya bilərdik. O qədər gözəl adlar var ki. "Qanun" qoyduq ki, hüquqi dövlətin qurulmasına kömək edək. Bu gün biz nəşr etdiyimiz qanunlarla vergilərdən müdafiə oluna bilmirik".  (Şahbaz Xuduoğlunun məhkəmə çıxışından...)



İlk kitabım olan "Qaratoyuq nəğməsi"ni “Qanun” öz hesabına nəşr edib. Müəllif olaraq mənə 100 kitabımı hədiyyə edib. Bir gənc yazar üçün bu kifayət qədər ciddi dəstəkdir. “Qanun” nəşriyyatı ölkədə oxucu sayının minimum olduğu bir zamanda gənc yazarların ilk əsərlərini öz hesabına nəşr edir. Kifayət qədər yazar nəşriyyatın “Birinci kitab” layihəsindən yararlanıb. 

Moemi, Markesi, Pelevini, Plotonovu, Mülleri, Pamuku, Kamyunu, Murakamini, Buzzatini və onlarla dünya şöhrətli digər müəlliflərin əsərlərini “Qanun”dan oxumuşam. Son illər mütaliə etdiyim bütün kitabların cildində “Qanun Nəşriyyatı” yazılıb.

Bakıda tüpürən, söyüş söyən, qışqıra-qışqıra danışan gənclərlə yanaşı üstündə “Qanun” yazılmış kitab torbasıyla harasa tələsən birini görəndə ürəyim yerinə gəlir. Axı ölkədə belə pozitiv mənzərələr azdı. Bu cəmiyyət onsuz da kitabsızdır. Onsuz da bu ölkənin tamaşaçısı ən yaxşı halda seriala baxır; onsuz da bu ölkənin “oxucu”su Üzeyirin mahnılarını oxuyur. 

Cəmiyyətə dəstək olmaq üçün bu gün kitab nəşr edən bütün nəşriyyatlara maksimum şərait yaradılmalı, kitab üzərində olan bütün vergilər götürülməli və bundan əlavə kitabın təbliğatı ilə bağlı kampaniyalar, yarmarkalar təşkil olunmalıdır, nəinki ölkədə ən nüfuzlu nəşriyyatlardan birinə fantastik məbləğdə vergi tədbiq etmək. Qanun nəşriyyatının hər hansı qanunsuzluğa yol verib-vermədiyini dəqiq bilmirəm. Ancaq istənilən halda Azərbaycanda əsas gücünü bədii əsərlərin nəşrinə verən bir nəşriyyata qarşı bu dərəcədə təzyiq düzgün deyil.

Gənc yazar və oxucu olaraq Vergilər Nazirliyi və dövlətimin bütün aidiyyatı orqanları “Qanun”a qarşı aparılan yoxlamlarda bu nəşriyyatın cəmiyyətə verdiyi töhvələri - müasir ədəbiyyatın, mütaliənin dirçəlməsinə göstərdiyi dəstəyi nəzərə almağa və daha diqqətli və ədalətli davranmağa çağırıram. 

“Qanun” naminə olmasa da, qanun naminə!
Sərdar Amin

     Balaca Çe Gevaralar
            Səlim Babullaoğluna

Bəli dost, “uşaqlıq ömür səhrasının quzeyidir,
bağlansa da yenə məsumluq müzeyidir”.
Budaq-budaq fəth edərdik hündür ağacları.
Zirvədən səslənərdik qonşu uşaqlara sarı.
Başımız ağaclarda quş yuvaları kimi,
Sağ əlimizdə budaq, solunda yumruq:
qışqırardıq balaca Çe Gevaralar kimi.
Söyərdik bir-birimizi tutlu, gilaslı dodaqlarla.
Sonra ağlardıq,
atalarımız endirərdi bizi - yastı budaqlarla.

O vaxt analar da tez-tez ağlayardılar
göz yaşını silməkçün
yaylıqlarını çənələrinin altında bağlayardılar.

Yazdan bənövşə ətrin,
payızdan meşə ətrin
çəkib ciyərimizdə saxlardıq qışa ətri.
Ölürdü güllər xoşumuza gəlməkdən ötrü.

Daşlar daşlardı,
kollar cızardı hər gün,
qucaqlamazdıq dizlərimizi.
Böyük ayaqqabılarımız tapdardı izlərimizi.

Razıydıq bizi gətirən leyləklərdən.
Cücə dimdiyilə yortduğu tək,
dirsəyimizlə yırtıb çıxdıq balaca köynəklərdən.

Çıxarıb ayaqqabılarımızı
saldıq izimiziüfüq boyunca -
doyunca səhər-səhər.
Günəş gözümüzdə doğdu hər səhər.

11 мар. 2014 г.

Uduzulmuş qərinə

Dino Bussatinin "Tatar çölü"ndə...

Adı  dillərdə dastan olan Bastiani qalasında xidmət edəcəyini bildiyi gün qürur duymuşdu. Qalaya ayaq basdığı an fikri tamam dəyişdi. Tezliklə şəhərə, qarnizona qayıtmaq istədi. Amma qaladan ona bildirirlər ki, geri qayıtmaq üçün azından 4 ay burada xidmət etməlidir. Leytenant Covanni Droqonun Bastiani qalasındakı 4 ay müddətlə başlayan xidməti beləcə uzanır. Məşhur italyan yazıçı Dino Bussatinin qələmə aldığı “Tatar çölü” romanı insanın taleyə boyun əyməsinə tamam başqa yöndən nəzər salır.
Covanni tezliklə belə qənaətə gəlir ki, bu qala bir vaxtlar çox əhəmiyyətli hərbi obyekt olsa da hazırda lazımsız tikilidir. Çünki onun tikilmə səbəbi əsrlər öncə şimal çölündən gələn tatar hücumlarının qarşısını almaq olub. Tatar hücumları isə indi əfsanələşib, keçmişdə qalıb, son yüzildə bu çöldən qalaya heç bir canlı yaxınlaşmayıb.
Covanni qaladan ölü şimal çölünə baxır. Və bu boz, intəhasız çölün müdhiş sehrini duyur, qoxunc cəlbediciliyi hiss edir. Burda qocalan zabitlər, hərbçilər gözünün önündən keçir. Qala dərzisi Prosdoçimo (nədənsə əsəri oxuyanda bu dərzinin adını “prosto çumo” kimi oxuyurdum”) qardaşı Covanniyə deyir: “Mənim qardaşım serjantdı, bu da onlara qoşulub gözləyir, artıq 15 ildir. Amma cənab leytenant, görürüəm isz mənə inanmırsız. Ehtiyyatlı olun. Heçnəyə inanmayın. Yoxsa həmişəlik burda qalacaqsız. Siz bircə qardaşımın gözlərinə baxarsız”.
Gündəlik yorucu xidmətin qaydaları, hərbi qanunlarla öldürülən insani hisslərin həssaslıqla qələmə alındığı romanda diqqət çəkən məqamlardan biri də kapitan Monti ilə onun zəhləsi gedən məğrur Leytenant Anuqstinin dialoqudu. Onlar şimal qonşuları ilə sərhədləri dəqiqləşdirməkdən ötrü yola çıxdıqda kapitan leytenantın ayaqqabılarına işarə edir: “Siz bu ayaqqabılarda əziyyət çəkəcəksiniz”. Anqustini cavab verir, “siz bunu əvvəlcədən də deyə bilərdiz, artıq gecdir”. Beləcə kapitan ayaqları yaralanan, ancaq qürurundan bunu büruzə verməyən, dəstədən geri qalmayan leytenantın yerişindən həzz alaraq ona atmacalar ismarlayır. Anqustini isə sona qədər məğrurluğunu əldən vermir.
Şimallı qoşular mübahisəli zirvəyə Anqustinigilin dəstəsindən tez çatır və ora öz bayraqlarını sancır. Anqustinigil qayanın dibində qalırlar. Şimal qonşuları istehzalı qonaqpərvərlik təklif edərək zivədən ip sallayıb onları kəssə yolla zirvəyə dəvət edir. Təbii ki, onlar bu təklifi qəbul etmir. Bu arada şiddətli qar yağmağa başlayır.  Anqustini onu görməyə gözü olmayan kapitanı kart oynamağa dəvət edir. Kapitan öncə bu təklifi rədd edir. Sonra görür ki, leytenant bunu yuxarıdan onlara istehzayla baxan qonşularının acığına edir. Buna görə razılıq verir. Bir neçə oyundan sonra kapitan oyunu saxlayıb qayanın dibinə daldalanır. Əsərdə qürur nümunəsi kimi təqdim olunan leytenant Anqustini isə şimallı qonşularına rahat görünmək üçün kartı oynamağı tək davam etdirir.
Qaranlıq havada kapitanın çəkilib getdiyi hiss etdirməmək üçün gənc leytenant uydurduğu rəqiblə dialoq da qurur. Məqsəd düşmənlərin gözündə məğlub görünməməkdir. Leytenant üzündə əriyən qar dənəcəklərinin və kapitan Montinin çağırışlarının müşayəti ilə beləcə can verir. 

Bastiani qalasında isə yüzillər sürən yeknəsək həyat davam edirdi. Covanni artıq yaşlanırdı. Hamı nə zamnsa şimal tərəfdən hücum olacağına ümid edir bu ümidlə qocalıb, bu ümidlə də ölürdü. Hamı bu müharibəni gözləyir və bu müharibədə qəhrəmanlıqla öləcəkləri barədə xəyallar qururdu. Covanni də ölümcül şimal çöllərinə baxaraq bu çöllərin sehrinə məğlub olaraq xeyli yaşlanmışdı. Artıq qala rəhbərinin müvinlərindən biri idi. Qara ciyərində yaranan problemə görə yatağa düşmüşdü. Bu zaman bütün qalanı silkələyəcək bir xəbər eşidilir. Prosdoçimo (bəli, yenə Prosdoçimo) Covanninin otağına gələrək onu müharibəylə müjdələyir: 
“ - Şimallılar hücum edir! Onlar qalanın lap yaxınlığındadır!”
 Bütün ömrü boyu bu anı gözləyən Covanni ayağa durmağa çalışır. Ancaq dik qala bilməyib yenidən yatağa uzanır. Qalanın komandiri Covanniyə deyir ki, onun arxasınca rahat bir kareta gələcək, onu şəhərə hospitala aparacaq. Covanninin xahişlərinə, yalvarışlarına, inadına baxmayaraq komandir onu qaladan uzaqlaşdırır. Səbəb: “O xətədir, hazırda qalada olması heç bir işə yaramır və onun otağında 4 sağlam, müharibəyə yararlı zabit gecələyə bilər”.  Komandir hətta, Covanni ona yalvardığı müddətdə otaqda 4 çarpayının yerləşdirmək üçün gözəyarı plan qurur...
Covanni yuxarıda, digər aləmdən uzaq yerdə ömür sürdü. Düşmənləri gözləyərək ömrünün 35 ilini əzab çəkdi. Düşmən qapıda olanda isə onu qovdular. O adamlar ki, şəhərdə oturmuşdular, yüngül və əyləncəli həyatdan zövq alırdılar, bax onlar təkəbbürlü, saymazyana təbəssümlə özgə şöhrətinin ardınca aşırıma gəlmişdi. 
35 illik hərb həyatında üzünə səmimi təbəssüm qonmayan Covanni əsərin sonunda ilk dəfə səmimi gülümsəyir; qaladan qayıdarkən gecələdiyi qaranlıq otel otağında ölümün ona yaxınlaşdığını hiss edir. Son gücünü toplayıb oturacaqdan qalxır, yaxalığını düzəldir, əlilə paltarını səliqəyə salıb boyun əydiyi taleyin tərs üzünə - ölümə gülümsəyir.