Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

17 янв. 2017 г.

Metrodan düzgün istifadə qaydaları

Yerin üstü ilə, altının böyük fərqi var; bu fərq ən qədim miflərdən süzülüb gələn ənənələrlə bağlı bir məqamdır. Odur ki, yerin üstündə kim necə davranırsa, öz işidir, yerin altına girəndə bəzi qaydalara mütləq riayət etməliyik. Elə edək ki, metroya girərkən ən rahat ictimai nəqliyyat vasitəsindən istifadə etdiyimizi deyil, boyumuzu yerə soxduğumuzu yaxşı-yaxşı anlayaq. Əsas odur eskalatordan endiyin andan orada civildəyən elektron xanımın nə dediklərinə zərrə qədər də məhəl qoymayasan. “Yox bir, uşaqların əlindən tutun, böyüklərin…” Unutma, bura girən insanlar cəmiyyətin elə təbəqəsidir ki, onlardan qorxmağa, hörmət etməyə qəti ehtiyyac yoxdur. Pulu-parası olanın metroda nə işi var? Olsaydı var gücüylə siqnalı sıxıb yepyekə maşınını sürərdi də. Odur ki, bunlardan çəkinib eləmə. Qatar gələn kimi qapının tən ortasından özünü sox içəri. Yer var, yoxdur, qatardan düşən olacaq, olmayacaq, bunlara məhəl qoyma! Unutma, ömürdən gedir. Sən nəyə görə gözləməlisən? Sonra da qapılar bağlana, qalasan elə o stansiyada. Növbəti qatar bəlkə heç gəlmir. Bir an sonraya ümidin olmadığı zəmanədə yaşayrıq. Andan istifadə et. Əsas odur, özünü içəri soxasan. İçəridəkilər bunu bacaranlardır. Girəndə kimin ayağını tapdadın, kimi itələyib yıxdın, bunlar önəmli deyil. Əsas odur yekəpər oğlanlara qarşı nəzakətli ol. Hə, onlardan qorxmaq lazımdır. Döyə bilərlər. Zəifləri, eynəkliləri itələyə, başqa səbəblərdən yığdığın əsəbini də rahatca onların üzərinə tökə bilərsən. Növbəti tövsiyə isə içəridəkilərə aiddir: Lazım olan stansiyada düşə bildinsə, artıq dünya sənindir. Düşən kimi elə qapının önündəcə dur, hara gedəcəyini, metronun hansı çıxışından çıxmalı olduğunu elə qatarın qapısının ağzında düşünüb dəqiqləşdir. Ki, arxadan düşən insanlar da sənin çəkdiyindən bir az çəksin, qatardan rahat düşə bilməsin. Və ya yanında rəfiqən, dostun varsa, onunla elə qapıların önündəcə söhbətləş, kənara çəkilmək kimi nəzakət qaydası metronun heç bir lövhəsində yazılmayıb. Guya yazılsa, nə olacaq… Əziz oğlanlar, qatarda əyləşmisinzsə, içəri daxil olan insanları yaxşı-yaxşı nəzərdən keçirin, çox yaşlı, taqətini itirən insanlara yer vermək nəyinizə lazım? Onlar sizə lazımdır? Baxın, cavan xanımlar olsa, başqa məsələ… Həmən onlara yer verin və düz təpəsinin üstünü kəsidirib vaqondan düşənə qədər gözlərinizin həbsində saxlayın. Gözəlliyi qorumaq lazmdır. Bəlkə nəsə oldu. Unutma, bura “nöyüt” qoxulu metrodur! Əgər yoluxucu xəstəliyin varsa, qrip virisu daşıyırsansa, respirator taxmaq kimi absurd ideyanı ağlından keçirmə. Bu çox eqoist addımdır. Həyat paylaşdıqca gözəldir, paylaş; xəstəliyini belə paylaşmaqda əliaçıq ol. Metroda insan sıxlığı yaşanan saatlar 08:20 – 09:00 radələri, bir də axşam 17:00 – 19:00 arasında olan müddətdir. Bu müddəti heç qaçırma. İşə gecikmirsənsə də, işdən evə qayıtmırsansa da bu müddətlərdə çalış özünü bir təhər qatara sal. Metrodur, hər şey ola bilər! Metroda kitab oxuma, kimsənin səni düşük biri kimi qəbul etməsinə qəti icazə vermə. Bahalı telefonun yoxdursa, eybi yox – kasıbın olanından – nə varsa, çıxarıb mütləq “iqra” (oyunu “çuşka”lar oynayır) oyna. “San Anderas” olmasın, “Snake” olsun, əsas odur “iqra”n var. Qızlar, əgər telefonunuzun pişik, dovşan qulaqlı üzlükləri yoxdursa, günü bu gün ondan alın. “Qulaqsız telefon” palansız eşşək kimidir, istifadəyə yararlı deyil. Bir də, axı sizin niyə bahalı telefonunuz olmasın. Atanıza hər gün desəniz, onu utandırmağı bacarsanız, rəfiqənizi misal gətirərək kişini kövrəldə bilsəniz, alınacaq. Sonra da bir “Tom” yükləyib onu bəsləyin. Sən əgər metroda da bunları bacarmırsansa, yaşamağa haqqın yoxdur, insan. Bu əsəblə uzağa gedə bilməzsən. Səndən rüşvət alan həkimə söz deyə bilmirsən, uşağını baxçaya pulla düzəldən müəllimə cınqırını çıxara bilmirsən, axı sən də kiməsə əziyyət verməlisən. Niyə bu qara zəncirin son halqası sən olmalısan!? Özündən sonrakı halqanı tapmaq artıq sənin vətəndaş borcundur. Yaşaya bilmək üçün o adamı tapmalısan. Tap, əz, üzərində yaşa!

Комментариев нет:

Отправить комментарий